Neftin bahalaşması ölkə iqtisadiyyatına hansı faydaları verir - rəylər

812 15-02-2022, 10:59 iqtisadiyyat

Neftin bahalaşması ölkə iqtisadiyyatına hansı faydaları verir - rəylərHazırda Azərbaycan neft ixrac edən ölkə kimi dünya bazarında önəmli paya sahibdir. Bu səbəbdən də neftin qiymətində ciddi dəyişiklik olduqda bu, ölkə iqtisadiyyatına da ciddi təsir göstərir.

Son vaxtlar ən çox səsləndirilən fikirlərdən biri budur ki, əgər neft ucuzlaşanda bunun zərbəsini xalq, sıravi vətəndaş yaşayırsa, bahalaşdıqda da vətəndaş bunun bəhrəsini öz həyatında, dolanışığında hiss etməlidir. Hazırda neftin dünya bazarında qiyməti 1 barel üçün 94 dollardır. Psixoloji 100 dollarlıq həddə az qalıb. Sonuncu dəfə bu qiymət 2014-cü ildə qeydə alınıb.

Neftin bahalaşması xalqın həyatında öz əksini tapmalıdırmı? Neft xalqındırsa, xalq neftin baha qiymətindən necə yararlana bilər?
Neftin bahalaşması ölkə iqtisadiyyatına hansı faydaları verir - rəylər
Pərviz Heydərov: “Ölkədə vətəndaşların mütləq əksəriyyətinin əmək haqqı neftdən əldə olunan gəlirə bağlıdır”

İqtisadçı ekspert Pərviz Heydərov “Yeni Müsavat”a bildirdi ki, xalqımızın böyük qismi proseslərdən xəbərsizdir: “Vətəndaşlar dövlət büdcəsinin həcmi, ARDNF-in gəlirləri, aktivləri, ölkəmizin mövcud valyuta ehtiyatı barədə məlumatsızdır. Bu, savad, yaxud dünyagörüşü ilə bağlı məsələ deyil. Dövlət büdcəsinin yarıdan çoxunu ARDNF-dən transfert təşkil edir. Ölkədə vətəndaşların mütləq əksəriyyətinin əmək haqqı neftdən əldə olunan gəlirə bağlıdır. Əksər insanlar prosesi olduğu kimi qəbul etmək istəmirlər. Dövlət bu transfertlərin həcmini ildən-ilə azaltmağa çalışır. Lakin hələ ki buna nail olmaq mümkün olmayıb. Gələcəkdə ARDNF transfertlərinin Azərbaycanın dövlət büdcəsini təmin edə bilməyəcəyi ehtimal olunur. Çalışmaq lazımdır ki, 50 faizdən aşağı olsun, heç olmasa, 40,30 faiz təşkil etsin. Biz buna ona görə nail ola bilmirik ki, ixrac üçün məhsullar kifayət qədər deyil. Bu gün əhalinin gəliri neftdən asılıdır. Qeyri-neft sektorunun inkişafını təmin etmək lazımdır”.
Neftin bahalaşması ölkə iqtisadiyyatına hansı faydaları verir - rəylər
Aqil Abbas: “Neft bahalaşırsa, xalq bundan birmənalı şəkildə yararlanmalıdır”

Millət vəkili Aqil Abbas mövzunu şərh edərkən bildirdi ki, neft bahalaşırsa, xalq bundan birmənalı şəkildə yararlanmalıdır: “Məsələ burasındadır ki, biz müharibədən çıxmışıq və Qarabağa ”Böyük qayıdış" proqramını həyata keçiririk. Ölkə başçısı bir çox layihənin təməlini qoydu. Bütün bunlar neftin bahalaşmasının hesabınadır. Neft bahalaşırsa, bu, ölkə iqtisadiyyatına böyük fayda verir. Hər bir halda neftin bahalaşması ölkənin rifah halını yaxşılaşdırır".
Neftin bahalaşması ölkə iqtisadiyyatına hansı faydaları verir - rəylər
Elçin Mirzəbəyli: “Dövlətin məsuliyyəti, öhdəlikləri böyükdür”

Siyasi şərhçi Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a bildirdi ki, mahiyyət etibarilə cəmiyyət təkcə neftin bahalaşmasını yox, bütövlükdə iqtisadi prosesləri hiss etməlidir ki, bu da zamanla baş verir: “Azərbaycanda iqtisadi islahatlar gedir. Bu da ölkədə demək olar ki, bütün sahələrə öz təsirini göstərir, o cümlədən enerji sektoruna. İslahatlar həm də enerji sektorundan asılılığı azaltmağa yönəlib ki, qiymətlərin qalxması, yaxud enməsi halında bu, vətəndaşların həyatına ciddi təsir göstərməsin. Neftin bahalaşması ilə əldə olunan gəlirin sosial xərclərə yönəldilməsinə qarşıyam. İqtisadi və siyasi prosesləri izləməyən, məlumatsız insanların belə düşünməsi normaldır. Dünya bazarında neftin qiymətinin artması ilə ölkənin gəlirləri də artır. Bununla da qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaranır. Müsbət nəticələri zamanla qabarıq şəkildə görəcəyik. Əldə olunan gəlir təkcə sosial istiqamətə yox, eyni zamanda ordu quruculuğuna, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına, təhlükəsizlik tədbirlərinə və bir çox başqa istiqamətə yönəldilir. Dövlətin məsuliyyəti, öhdəlikləri böyükdür. Bu öhdəliklərin həyata keçirilməsi üçün böyük vəsaitə ehtiyac duyulur. Buna paralel olaraq, qeyri-neft sektorunun inkişafı prosesi sürətlənməlidir”.

Qeyd edək ki, ötən ilin əvvəlində neftin qiyməti 52 dollar idisə, bu il bu rəqəm 100 dollara yaxındır. Yanvarın 28-dən neft 90 dollardan baha satılır. Bu, karbohidrogenlərin-neft, neft məhsulları, təbii qaz, kömürün qiymətinin baha olmasına gətirib çıxarır. Yeri gəlmişkən, qiymət yüksək olarsa, qazdan gələn gəlirimiz də daha çox olacaq.
“Yeni Müsavat”

XƏBƏR LENTİ