"Rusiyalı işğalçılar artıq ordu deyil, onlar adi qorxaqlar və terrorçulardır..."

432 3-03-2022, 15:40 dunya

"Rusiyalı işğalçılar artıq ordu deyil, onlar adi qorxaqlar və terrorçulardır..."Ukrayna düz bir həftədir ki, rusiyalı işğalçılara müqavimət göstərir. Buna nə rəqiblərimiz, nə də beynəlxalq birlik inanırdı.

Xeberdar.net xəbər verir ki, bu barədə martın 3-də özünün Facebook səhifəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib.

"168 saat. Artıq tam bir həftədir ki, Ukrayna rusiyalı işğalçılara qarşı müqavimət göstərir.
Heç kim, - bunu anlamağa çalışın, - nə Rusiyada, nə Qərbdə heç kim inanmırdı ki, biz bir həftə tab gətirə bilərik. Heç kim buna inanmırdı. Yalnız biz sizinlə buna inanırdıq.

Ukraynalıların üçdə iki hissəsi 24 fevraladək əmin idi ki, Rusiyanın genişmiqyaslı müdaxiləsi baş verəcəyi təqdirdə biz tab gətirəcəyik. Bu gün onlar demək olar ki, 90 faizə çatıb", - deyə nazir yazıb.

Nazirin sözlərinə görə, bu, Ukraynanı qoruyan kişi və qadınların qəhrəmanlığı, habelə hər bir ukraynalının fədakarlığı və komandanlığın peşəkar fəaliyyətinin nəticəsidir.

"Bizim tibb işçilərimiz, xilasedicilərimiz, kommunal təsərrüfatla məşğul olanlarımız, dəmiryolçularımız, jurnalistlərimiz, maliyyəçilərimiz- hərə öz cəbhəsində döyüşür.
Ölkə dayanmayıb və mübarizə aparır. Ordumuz artıq minlərlə işğalçını və bir neçə dövlətin ordusunu silahlandıra biləcək düşmən texnikasını məhv edib", - deyə Reznikov vurğulayıb

O, həmçinin ərazi müdafiə qüvvələrini və Ukraynanın Silahlı Qüvvələrini tərifləyib.



"Rusiyalı işğalçılar biabırçı məğlubiyyətdən qorxdular və insanlığa qarşı cinayətlər törətməyə başladılar. Onlar xəstəxanaları atəşə tutur, qadın və uşaqları qətlə yetirir. Bu, artıq ordu deyil, adi qorxaqlar və terrorçulardır", - deyə Reznikov bəyan edib.

Nazir qeyd edib ki, qarşıda bizi hələ çox sınaqlar gözləyir.

"Qan töküləcək, göz yaşları, ağrı olacaq. Amma indi həmişəkindən daha çox özümüzə inanmağımız üçün bütün əsaslarımız var. Yanımızda olanların da həmçinin. Biz mütləq qalib gələcəyik. Ukraynaya eşq olsun", - deyə o yekunlaşdırıb.


Xeberdar.net

XƏBƏR LENTİ