Faiq Ələkbərli: “”Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabı yeni nəsilə ünvanlanıb”

712 13-03-2022, 11:45 siyaset / cemiyyet

Faiq Ələkbərli: “”Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabı yeni nəsilə ünvanlanıb”Martın 12-də “Azərkitab” kitab mərkəzində Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun kafedra müdiri, professor Mübariz Süleymanlı bildirib ki, Faiq Ələkbərli magistr və doktorluq dissertasiyası işlərini də Azərbaycan Cümhuriyyətinin banisi, dövlət xadimi, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadəyə həsr edib. Bu monografiyda isə Rəsulzadənin sosial-fəlsəfi görüşləri çərçivəsində milli həmrəylik və azərbaycançılıq təlimlərinin araşdırıldığını nəzərə çatdıran M.Süleymanlı müəllifin üç cildlik “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” fundamental kitabının əhəmiyyətindən danışıb.
Təqdimatda iştirak edən M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam, dosent Rais Rəsulzadə bildirib ki, Faiq Ələkbərlinin yenidən Azərbaycan Cümhuriyyətinin qurucusuna müraciət etməsi yeni nəslin onun daha dərindən dərkinə imkan yaradacaqdır.
Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, “Rəsulzadə ev muzeyi” İctimai qrupunun rəhbəri professor Solmaz Tohidi-Rüstəmova F.Ələkbərlinin yeni kitabında M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərini tədqiq etməsinin vacibliyi ilə yanaşı, Azərbaycan Cümhuriyyətinin qurucusunun ideyalarının bütün azərbaycanlılar, Azərbaycan türkləri üçün bu gündə öz əhəmiyyətini qoruyub saxlanmasından bəhs edib.
AMEA Tarix İnstitutunun əməkdaşı, dosent İlham Həsənov isə bildirib ki, Faiq Ələkbərlinin əsərləri ilə tanışlıq onda böyük maraq doğurub. Bu anlamda müəllifin M.Ə.Rəsulzadənin irsinə yenidən müraciət etməsini təqdirəlayiq hesab edən İ.Həsənova görə, bu dövlətçilik ənənələrinin qorunub saxlanması üçün də vacibdir.
BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli də müəllifin dövlət xadimi M.Ə.Rəsulzadə ilə bağlı yeni bir əsər ortaya qoymasının Rəsulzadəşünaslıq sahəsində önəmindən bəhs edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, dosent Sənan Həsənov isə Faiq Ələkbərlinin elmi fəaliyyətində M.Ə.Rəsulzadənin irsinin mühüm yer tutmasından, eyni zamanda onun azərbaycançılıq və türkçülüklə bağlı kitablarının dövlətçilik baxımından əhəmiyyətindən danışıb.
AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, BAO başqanının humanitar məsələlər üzrə müavini, dosent Zəkulla Bayramlı isə çıxışında deyib ki, Faiq Ələkbərlinin Azərbaycan Cümhuriyyətinin banisi, dövlət xadimi M.Ə.Rəsulzadə ilə bağlı araşdırmalarına davam etməsi müsbət haldır.
AMEA Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru, dosent Fərhad Cabbarov isə bildirib ki, müəllifin digər əsərləri kimi, M.Ə.Rəsulzadəyə həsr etdiyi monoqrafiyasının da elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına şübhə etmir.
AKU-nun “Sosial elmlər ” kafedrasının müdiri, dosent Gülnarə Qurbanova isə Faiq Ələkbərlinin yalnız elmi tədqiqatçı kimi deyil, müəllim-pedaqoq kimi xüsusiyyətlərindən danışıb.
Eyni zamanda, tədbirdə tarixçi-alim Nigar Gözəlova, tanınmış yazar- şair Vahid Aslan, qazi Əmrah Cabbarlı, dosent Elmira Abbasova, yazar-şair Cavanşir Qənbərli, gənc tədqiqatçı Asim Cənnətov, gənc jurnalist Nicat İsmayılov, ictimai fəal, jurnalist Rüfət Muradlı və başqaları da çıxış ediblər.

Təqdimatın sonunda danışan Faiq Ələkbərli isə bildirdi ki, “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabı yeni nəsilə ünvanlanıb. Müəllif qeyd etdi ki, Rəsulzadənin ismi Azərbaycan adıyla sinonim təşkil etdiyi üçün, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. F.Ələkbərli 1918-ci ildə yaranan türk dövlətinə Azərbaycan adını verən Rəsulzadənin bununla yanaşı, Bütöv Azərbaycan ideyasının da müəllifi olmasını xüsusilə vurğulayıb.

Xeberdar.net

XƏBƏR LENTİ