Həsən bəy Zərdabinin təbii-elmi görüşlər-I Yazı

1 495 25-03-2022, 12:53 siyaset / cemiyyet / gundem

Həsən bəy Zərdabinin təbii-elmi görüşlər-I YazıDahi mütəfəkkir, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi öz yaradıcılığı iləAzərbaycanda bir çox elmlərin əsasını qoymuşdur. Onun xalqının və millətinin tərəqqisi yolunda elmi, nəzəri, təcrübi işləri, ideyaları, tövsiyələri ilə göstərmiş olduğu xidmətlər hər bir Azərbaycan ziyalısına yaxşı məlummdur. Həsən bəy Zərdabinin və eyni zamanda, onun ailə üzvlərinin göstərmiş olduqları xidmətlər bu gün də öz aktuallığı ilə müstəqil Azərbaycan respublikasında uğurla həyata keçirilməkdədir.
Həsən bəy Zərdabinin çoxsahəli elmi fəaliyyəti, çoxşaxəli elmi bilik sahibi olması respublika alimlərinin və ziyalılarının diqqətini cəlb etmiş, 1944-cü ildən başlayaraq ayrı-ayrı illərdə onun siyai, hüquqi, fəlsəfi, iqtisadi görüşləri, demokratlığı, mədəni həyatımızda rolu, jurnalistliyi və çoxşaxəli elmi fəaliyyəti araşdırılmış, ölkənin tanınmış alim ziyalılarının bütün bunlara dair bir çox dəyərli elmi məqalələri və qiymətli elmi-tədqiqat əsərləri işıq üzü görmüşdür.
Həsən bəy Zərdabinin bu günədək 40-dan çox tədqiqatçısı olmuş, onun həyat və yaradıcılığı ilə bağlı bir çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, obyektiv və subyektiv səbəblərdən Həsən bəy Zərdabi irsi, xüsusilə aqrar elmlər– əkinçilik, bitkiçilik, torpaqşünaslıq, aqrokimya, yerqururluşu sahəsindəki fəaliyyəti bu günə kimi mükəmməl araşdırılıb tədqiq edilməmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar 1875-1877-ci illər ərzində Həsən bəy Zərdabinin dərc etdiyi elmi-təcrübi işlər və bir sıra müəlliflər tərəfindən yazılan tədqiqat əsərləri, onun kənd təsərrüfatının bütün sahələrini dərindən təhlil edən ensiklopedik biliyə malik alim olduğunu bir daha təsdiq edir.
Həsən bəy Zərdabi təkcə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq , əkinçilik, aqrokimya, biktkiçilik, meyvəçilik və digər elmlərin deyil, eyni zamanda, bu elmlərlə sıx əlaqədə inkişaf edən yer quruluşu elminin də banisidir. Lakin çox təssüf hissi ilə qeyd etmək lazımdır ki, 1865-c- ildən ilk əmək fəaliyyətinə Tiflisdə “Mejevaya Palata” idarəsində yerquruluşçusu—torpaq islahatçısı kimi başlayan Həsən bəy Zərdabinin bu sahədəki tarixi xidmətləri tədqiq olunmamışdır.
Onun aqrar elmlərin və əkinçilik mədəniyyətinin banisi olmasının tarixi reallıqları barədə aparılan tədqiqatlarını, elmi, hüquqi və təcrübi məsələlərini, az da olsa, işıqlandırmağa təşəbbüs göstərilmişdir. Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Zərdabi bəylərin, mülkədarların əsarəti altında aclıq və yoxsulluqdan əzab çəkən insanların acınacaqlı halına dözməyərək “Əkinçi” qəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları və xoşbəxt gələcəkləri uğrunda mübarizəyə səsləyirdi.
O, əkinçi qəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: “Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyək, oxşayaq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah, billah torpaq onun dilini bilənindir Bizim torpaq—bizimdir! Və yaxud da “Əkinçi” üçüncü sayında yazırdı: “ Necə ki, lal yavrunun dilini anası bilər, torpağın da qədir-qiymətini dərk edənlər anlayar”.
Bəli, vətənini, torpağını ana məhəbbətindən belə üstün tutan Həsən bəy Zərdabi millətinin xoşbəxtliyini, xoş gələcəyini ana torpağına bağlılıqda görür və insanları torpağın qədrini bilməyə, ondan doğru, düzgün, səmərəli istifadə etməyə səsləyir. Həsən bəy “Əkinçi” qəzetinin digər bir nömrəsində yazırdı: “İnsan atadan, anadan küsər, amma torpaqdan inciməz, ona bivec münasibət bəsləməz. Çünki sümüyü onun içində, qoynunda dinclik tapacaq”.
Həsən bəy Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kənd təsərrüfatında bir çox məsələlərlə yanaşı, torpağın elmi qaydada əkilib- becərilməsi, ondan daha səmərəli istifadə edilməsi haqqında bir çox izahlar və şərhlər vermişdir.
Torpağın məhsuldarlığının artırılması torpağın keyfiyyətini, məhsuldarlığını və münbitliyini təyin etməyin , yararsız torpağın yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması yollarını, qaydalarını elmi əsaslarla kəndlilərə başa salır və bunun üçün, birinci növbədə, kompleks torpaq- yerquruluşu tədbirlərinin həyata keçirilməsini tövsiyə edirdi. Bu dövrdə Həsən bəy Zərdabi tam şəkildə əkinçilik, bitkiçilik, meyvəçilik, torpaqşünaslıq və aqrokimya elmlərinin nəzəri və təcrübi məsələlərini kütlələrə çatdırır və kompleks torpaqyaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tövsiyələr irəli sürürdü.
Bütün bunlarla yanaşı, Həsən bəy Zərdabi o dövrdə Azərbaycanın kənd təsərrqfatının inkişafında, torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, istehsalında, eləcə də, müstəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın-mexanixmlərin, texnika və texnologiyaların inkişafının və tətbiqinin böyük əhəmiyyətindən, dünya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata keçirilməsi zərurətindən söhbət açır, öz xalqını bu məsələlərin vacibliyinə inandırır, həmin sahələrdə milli mütəxəssis kadrlarının hazırlanmasının əhəmiyyətini ön plana çəkirdi.
Həsən bəy Zərdabi yaşadığı 1880-1890-cı illər ərzində əkinçilik və bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrübələr qoymuş, yeni meyvə çeşidləri yetişdirmiş, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal etmişdir.
Həsən bəy Zərdabi hələ rəsmi olaraqTiflisdə torpaq idarəsində bir yerquruluşu mütəxəssisi kimi fəaliyyət göstərərkən , bir kəndli ideoloqu olaraq , torpaq bölgüsü işinin aparılmasında, eyni zamanda, burada “8-ci mejevaya torpaq palatası”nda məhkəmə üzvü kimi kəndlilərin mənafeyini güdmüş və onların hüquqlarının müdafiəçisi olmuşdur.
Həsən bəy Zərdabi doğulduğu və hələ ilk ibtidai təhsil aldığı Zərdab kəndində zəhmətkeş kəndlilərin əsas məşğuliyyətinin torpaqla bağlı olduğunu yaxşı bilirdi. O dövrdə çarizmin ağır iş rejimində torpağı əkinb-becərmək , məhsul yetişdirmək , halal zəhmətləri, alın tərlərilə qazandıqları və çatacaq məhsulun hesabına ailələrini güclə dolandıran əhalinin dərdli-sərdli problemlərini görmüş və bu məsələlər onu heç vaxt rahat buraxmamışdır.
Harada yaşamasından, təhsil almasından, işləməsindən asılı olmayaraq, xalqının iztirablı həyat tərzi, əsarət altında olması Həsən bəy Zərdabini daim rahatsız etmişdir. Həsən bəy Zərdabi ömrünün sonunadək torpaqla bağlı problemlərin zəhmətkeş kəndlilərin xeyrinə həll olunması yolunda alovlu bir vətənpərvər, təcrübəli torpaq işçisi-yerquruluşçusu olaraq bəylərə, xanlara , mülkədarlara qarşı kəskin mübarizə aparmış, xalqına mənəvi dayaq olmuşdur. Torpaqların dilini, sirrini, hər qarışının qədrini bilən kəndlilərə verilməsi yolunda çox böyük xidmətlər göstərmişdir.
Həsən bəy Zərdabi təbiətşünaslıq, torpaqşünaslıq və bu elmlərlə, xüsusilə yer quruluşu ilə əlaqədar sahələrin mühüm nailiyyətlərini əsas etbarilə 1875-1877-ci illərdə redaktoru, naşiri, korrektoru, bəzən də mürəttibi olduğu “Əkinçi” qəzetində “Əkin və ziraət xəbərləri”, “Əf Ali-Əhli-Dehat” başlıqları altında dərc etmişdir. Həsən bəyin fəaliyyəti Azərbaycanda yerquruluşu, təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, əkinçilik, bitkiçilik elmlərinin inkişafında başlanğıc mərhələdir.
Onun torpaqşünaslıq elmi haqqında fikirləri əsasən dağ süxurlarının aşınması prosesindən, torpaq əmələgətirən amillərin rolundan, torpağın əmələ gəlməsindən, onun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərindən, münbitliyin artırılmasından, torpaq analizlərinin əhəmiyyətindən, yararsız torpaqları yaxşılaşdırmaq üçn yerquruluşu və digər müvafiq tədbirlər sisteminin həyata keçirilməsindən torpaqəmələgəlmə prosesində insanın istehsalat fəaliyyətindən və sairədən ibarət olmuşdur.
Azərbaycanda torpaqşünaslıq elminə ilk nəzəri və təcrübi baxış Həsən bəy Zərdabiyə məxsusdur. O, torpağı təbiətin yaratdığı ən dəyərli və müqəddəs hadisə hesab etmişdir. Torpaq biosferin əsas komponenti hesab edilir, insanlar maddi nemətləri orpaqdan alır. Həsən bəy Zərdabi bir təbiətşünas, torpaqşünas alim kimi torpağı əmələ gətirən amilləri göstərmişdir. 130 ilə yaxın bir dövrün keçməsinə və bu müddətdə torpaqşünaslığın bir elm kimi formalaşmasına baxmayaraq, Həsən bəy Zərdabinin torpaq haqqında dedikləri öz aktuallığını itirməmişdir.
Rus torpaqşünaslıq elminin banisi hesab edilən V.V.Dokuçayevdən əvvəl torpaq elmi haqqında Həsən bəy Zərdabi fikir söyləmişdir. Məlum olduğu kimi, rus torpaqşünaslıq elminin banisi hesab edilən V.V.Dokuçayev torpağın əmələ gəlməsi haqqındakı qiymətli fikirlərini 1883-cü ildə “Rus qaratorpağı” adlı əsərində söyləmişdir. O, 1885-ci ildə yazırdı ki,” torpaq—ana suxurların, yerli bitki və canlı orqanizmlərin, yerli iqlimin və insanın təsərrüfat fəaliyyətinin mənbəyini, əsasını təşkil edir”.
Həsən bəy Zərdabi ilk dəfə torpaq təsnifatı haqqında fikir söyləyərək, torpaqları mexaniki tərkibinə görə üç qrupa (qum, gil və əhəng adlandırdığı karbonatlı birləşmələr) bölmüşdür. Göründüyü kimi, Həsən bəy Zərdabi dövrün məşhur rus torpaqşünas alimlərindən xeyli əvvəl mexaniki tərkibinə görə torpaqların təsnifatını vermişdir.
O, torpaqların meliorasiyasına, eroziyasına, becərilməsinə, münbitliyinin artırılmasına, səmərəli istifadəsinə, meşələrin salınmasına böyük diqqət yetirirdi. Lakin Zərdabi birinci növbədə burada torpaqların eroziyasında, münbitliyinin artırılmasında, meşəquruluşu işlərinin artırılmasında, torpaqdan səmərəli istifadə olunmasında, yerquruluşu tədbirlər sisteminin tətbiqinin ön planda olduğunu göstərmişdir. Onun bu sahədəki elmi nəzəriyyələri indi də öz aktuallığını və əhəmiyyətini itirməmişdir.
Həsən bəy Zərdabi torpaq eroziyasından danışarkən, onların qorunması yollarını da göstərmişdir. Qeyd etmək lazımdır ki, dinamik proses olan eroziya respublikanın dağ və dağətəyi, eləcə də, düzən zonalarını bürümüşdür.
Torpağım məhsuldarlığının artırılması ilə bağlı şumun hansı qaydada və nə qədər dərinlikdə aparılmasını Həsən bəy Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kəndlilərə çatdırırdı. Həmçinin yeni yerquruluşu tədbirlərinə və yeni inkişaf mərhələsinə qədəm qoyan torpaqşünaslıq, aqrobiologiya, aqrokimya, aqrotexnika elmlərinin, nailiyyətlərinin praktiki tətbiqi işləırinə əsaslanaraq, torpaqlardan necə və hansı yollar ilə daha səmərəli və düzgün istifadə olunması haqqında tövsiyələr verirdi.
Qeydək ki, ilk universitet təhsili alan azərbaycanlı, fitri istedad sahibi, çoxşaxəli elmi biliyə malik dünya şöhrətli alim, millət fədaisi Həsən bəy Zərdabi 1875-1877-ci illərdə “Əkinçi” qəzetindəki və 1899-1903-cü illərdə yazdığı “ Torpaq, su və hava” əsərindəki elmi fikirləri ilə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya və digər aqrar elmlərlə bağlı olan bugünkü yerquruluşu elminin təməlini qoymuşdur.
Həsən bəy Zərdabi torpağın məhsuldarlığının artırılması, əkin yerlərinin daha qüvvətli olması məqsədilə torpağa yemləmə-gübrə verilməsinin əhəmiyyətini və onun tətbiqi üsullarını əhaliyə başa salır, bununla da süni münbitlik yaratmaqla torpaqdan səmərəli istifadə etməyin yeni yollarını göstərirdi. Eyni zamanda, Həsən bəy torpağın münbitliyinin təyin edilməsi və bərpası məqsədilə istifadə edilən gübrələrin hazırlanma və tətbiq qaydaları haqqında da xalqına dəyərli tövsiyələr vermişdir.
O, hələ “Əkinçi” qəzetinin 20 sentyabr 1875-ci il tarixli , beşinci nömrəsində “Əkin və ziraət xəbərləri” bölməsində torpağa ilbəil eyni bitki əkildiyindən torpağın gücdən düşməsi, az məhsul verməsi səbəblərini, bir əkinin digər əkinlə əvəz olunmasını, əkiləcək bitkiyə tələb olunan qida maddələrinin verilməsinin zəririliyini və bunula da növbəli əkin sisteminin tətbiqinin vacibliyini göstərərk yazmışdır: “ Bir yerdə bir neçə il dalabadal əkin əkiləndə zikr olan otlara xörək olan şeylərin qədəri azaldığına əkin də ilbəil az bəhrə verir.
Ona binaən belə yerə genə məzkur şeyləri qarışdırmaq gərək ki, əkin irəliki kimi bəhrə versin. Və bir də bir heyvan bir qisim xörək yeməyən kimi, hər əkinin də öz xörəyi var. Məsələn, bir yerdə küncüd dalbadal əkilsə, o yerin küncüdə lazım olan xörəyi azaldığına orada küncüd az bəhrə gətirər. Ona binaən o yerdə ya gərək qeyri əkin əkəsən, ya küncüdə lazım olan şeyləri o yerə qarışdırıb sonra küncüd əkəsən ki, küncüd yenə yaxşı bəhrə versin”.

Müstəqil Ağayev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Azər-
baycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Qabaqcıl
Maarif Xadimi.

XƏBƏR LENTİ