Fərrux dağı və həmişəki erməni şousu – RƏFAİL TAĞIZADƏ yazır

Fərrux dağı və həmişəki erməni şousu – RƏFAİL TAĞIZADƏ yazır
Dünyanın diqqətinin Rusiya-Ukrayna müharibəsində olduğundan unudulmalarından narahat olmağa başlayan ermənilər son günlər yenə şou düzəltməyə başlayıblar. Bir müddət beynəlxalq aləmin diqqətini Xankəndidə qazın kəsilməsinə yönəltməyə çalışdılar və bunu qaz borusunun Azərbaycan tərəfindən zədələnməsi ilə izah etmək istədilər.
Sonra suyun kəsilməsi şousu başladı. Xankəndidəki ermənilərin qazsız, susuz qaldığını var gücləri ilə car çəkdilər. Gördülər buradan bir şey çıxmır, indi də Ermənistan tərəfi Xocalının Fərrux və Pirlər kəndləri ətrafında baş verənlərdən şou düzəltməyə başlayıblar ki, bölgədəki Rusiya sülhməramlıları və beynəlxalq ictimaiyyət buna reaksiya versin.
Fərrux kəndi ətrafında elə bir gərginlik yoxdur. Sadəcə Ermənistan tərəfi Qarabağda diqqəti özünə çəkmək istəyir. Azərbaycan Ordusunun bölmələri mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Burada qeyri-adi heç nə yoxdur, çünki bu proses Azərbaycanın suveren ərazisi daxilində baş verir və kimisə narahat etməməlidir.
Bu, Azərbaycanın daxili işidir.
Ermənistanın məlum məsələ ilə bağlı açıqlaması Azərbaycanın suverenliyinə müdaxilə olmaqla yanaşı, həm də regionun sabitliyinə təhdiddir.
Azərbaycan artıq 44 günlük müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib və Qarabağ iqtisadi rayonu ilə bağlı istənilən
məsələni özü həll edir. …Və etməlidir.
O ki, qaldı problemi yaradan qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının həyata keçirilməsi məsələsinə, bu, 10 noyabr 2020-ci il razılaşmasının 4-cü bəndinə əsasən sülhməramlılar tərəfindən çoxdan icra edilməli idi. Keçən müddət ərzində bu məsələ həllini tapmadığından ermənilər elə başa düşdülər ki, bu, kağız üzərində qaldı və erməni terrorçuları öz mövqelərini get-gedə genişləndirərək, yeni postlar qurdular və həmin postlardan zaman-zaman Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Ancaq anlamadılar ki, torpaq məsələsi kağız üzərində qala bilməz. Və bu, heç kimə hesabat verilmədən öz həllini mütləq tapmalıdır.
Azərbaycan ölkə qanunvericiliyinə və beynəlxalq hüquqa əsaslanaraq, öz suveren ərazisində qanunsuz birləşmələri təmizləməlidir. Azərbaycanın müstəsna hüququna kimsə qarışa bilməz.
Kim Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycan qanunları ilə yaşamaq istəyəcəksə, onun da bütün Azərbaycan vətəndaşları kimi hüququ tanınacaq, kimsə Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəksə, o, əvvəl-axır bu ölkəni tərk etməli olacaq.
Ermənilər bir şeyi dəqiq bilməlidirlər ki, azərbaycanlılar əzəli torpaqları olan Ağdərə, Xocavənd, Əsgəran, Xocalı, Xankəndidə məskunlaşaraq, öz yurdlarında rahat yaşayacaqlar. Buna heç kimin şübhəsi olmasın.
Ermənilər olmayan bir şeydən çou düzəltməyin ustasıdırlar.
“Şərəfim var” (ada bax aaa…) fraksiyasından olan deputat Tiqran Abramyan son günlər Azərbaycan ordusunun Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsindən narahatlıq keçirdiyini bildirib: “Azərbaycan son irəliləyişi zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. Kimlərsə bilmədən və ya bilərəkdən Fərrux kəndini müzakirə obyektinə, yaxud prinsipial məsələyə çevirir, lakin Daşbaşı silsiləsinin ayrı-ayrı hissələri Fərruxla müqayisədə çox mühüm strateji əhəmiyyətə malikdir.
Azərbaycan öz qoşunlarını ilkin mövqelərinə qaytarmasa, o zaman bizim belimizi qırmaq üçün hazırda Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində görünməmiş vəziyyət yaranacaq.
Azərbaycanlılar Fərrux kəndindən dayaq məntəqəsi kimi istifadə edərək, dolama yollar çəkmişlər ki, onların da məqsədi Daşbaşı yüksəkliyinin müxtəlif hissələrinə çatmaq, dayanacaq əldə etmək və fasiləsiz təchizatı təmin etmək üçün onları möhkəmləndirməkdir”.
Niyə bu erməni deputatı Xocalı rayonunun Pirlər kəndində Rusiya sülhməramlılarının gözləri qarşısında ermənilərə hərbi geyim və silah paylanmasından, sülhməramlılar tərəfindənsə, əvvəllərdə olduğu kimi heç bir müdaxilə edilmədiyindən yazmır? Özlərinə sərf etmədiyi üçün həmişə olduğu kimi susurlar.
Görünən odur ki, erməni separatçılarının Azərbaycana qarşı təxribatları bitən deyil. Martın 30-da uydurma “Artsax”ın qondarma “parlament”i “milli təhlükəsizlik orqanları haqda qanun”a dəyişiklik edərək, “artsax”ın mifik “dövlət sərhədlərinin” etibarlı müdafiəsi üçün yeni “döyüş bölmələri”nin yaradılması haqda düzəlişlər edib.
Rus sülhməramlılarının kölgəsində gizlənən “artsax” terrorçu qruplaşmasının başında dayananlardan olan “artsax”ın “xarici işlər naziri” David Babayan “Azadlıq” radiosuna müsahibəsində etiraf edir: “Sülhməramlılar öz missiyalarını tam şəkildə yerinə yetirirlər. Əgər burada Rusiya sülhməramlıları olmasa, Artsax da olmayacaq”.
Dünya dəyişir. Dəyişən dünyada oyunlar da dəyişir. Bu dəyişən dünyada təkcə ermənilərin mahiyyəti dəyişmir. Yaranışdan mahiyyət və niyyətləri düşmənçilik olan ermənilərin nələr düşündükləri bəlli olmaz.
Emənilər sabah yenə nələrsə törədəcəklər ki, bu məzlum millətə kiminsə yazığı gəlsin. Diqqət çəksinlər. Təbii ki, rusun himayəsi ilə…
Qarşıdan 6 aprel görüşü gəlir…
Qozbeli qəbir düzəldər.
Deməli, bunların düzəlmələri üçün lazım olanları etmək lazımdır.
Rəfail Tağızadə,
Ümid Partiyası Ali Məclisinin sədri

Fərrux dağı və həmişəki erməni şousu – RƏFAİL TAĞIZADƏ yazır

  • 4-04-2022, 17:21
  • 1 141


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI