Azərbaycanda balıqçılıq da monopoliyadadır - Xəzərin böyründə olasan, Xəzər balığı yeməyəsən...

Azərbaycanda balıqçılıq da monopoliyadadır - Xəzərin böyründə olasan, Xəzər balığı yeməyəsən...Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Bakı EXPO Mərkəzinin qarşısında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi "Balık ekmek" balıq məhsulları festivalı keçirib. Teref.az yazır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev "Report"a bildirib ki, qardaş ölkədə ənənəyə çevrilən və akvakulturanın, balıqçılıq təsərrüfatlarının inkişafının təşviqinə, həmçinin zəruri qida olan balıq məhsullarının istehlakının artırılmasına yönələn bu təcrübənin öyrənilməsi Azərbaycan üçün də aktualdır.

Xidmət rəisi qeyd edib ki, ilk dəfə Azərbaycanda təşkil edilən balıq məhsulları festivalı Azərbaycanda da balıqçılıq təsərrüfatlarının (akvakulturanın) genişləndirilməsinə və inkişafının təşviq edilməsinə, bu sahədə Türkiyə təcrübəsinin həyata keçirilməsinə, eyni zamanda ölkəmizdə akvakultura şəraitində intensiv əmtəə balıqçılığının formalaşmasının təbliğinə və balıq məhsullarının istehlakının artırılmasına töhfə olacaq.
Qardaş Türkiyədə “balıq-əkmək” – çörəkarası balıq xidməti məşhurdur. Bəlli zamanlarda balıqçılar və aşbazlar əhaliyə balıq keyfi yaşadır. Türkiyədə balıq bolluğu təbiidir. Dörd bir yandan dənizlərlə əhatə olunmuş ölkədə balıq ən çox yeyilən, ən çox sevilən, qiymət baxımından da əlçatan qida məhsuludur. Balıqçılıq təsərrüfatının Türkiyədə inkişaf etmiş olması da məlum həqiqətdir. Bəs Azərbaycan vətəndaşları niyə balığa həsrətdir? Yol kənarlarında, avtobus dayanacaqlarında üstünə milçəklər qonan, keyfiyyətsiz, süni gölməçələrdə nəylə gəldi qidalandırılan təhlükəli balıqları nəzərə almasaq, əlbəttə. Dörd tərəfimiz dəniz deyil, amma Xəzər dənizi kimi böyük, həm də balıqla zəngin su hövzəmiz var, hər halda. Dia.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında Azərbaycan əhalisinin balıq məhsullarına əlçatanlığının çox zəif olduğunu dedi:

- Mən, Fransada – Marseldə, Cənubi Afrikada, eləcə də qardaş Türkiyədə balıqçı gəmilərinin sübh vaxtı sahilə yanaşdığını, təzə balıq satışının necə başlandığını və günorta saat 12-dək satılıb qurtardığını görmüşəm. Həmin ölkələrdə bu işi bələdiyyələr təşkil edir.

Təzə balıq piştaxtalara çıxarılır, qısa bir zamanda da satılır. Azərbaycanda isə belə bir hal görünməyib. Bu sahə bizdə inkişaf etməyib.

Xəzər dənizindən balıq ovlanır, lakin kütləyə çatdırılmır. Əhaliyə təqdim olunan keyfiyyətsiz, zənbillərdə, uşaq arabasında, küçənin ortasında, səkidə - harda gəldi satılan məhsuldur. Sanitar qaydalara riayət edilmədiyi üçün də çox təhlükəlidir. Bizim əhalinin balığa və balıq məhsullarına əlçatanlığı çox zəifdir. Xəzər dənizi də çox çirklənib.

Halbuki balıqçılıq təsərrüfatının inkişafı ölkəyə böyük məbləğdə gəlir əldə etmək imkanı verər.

Amma balıqçılıq monopoliyada olduğu üçün dövlət gəlir əldə etmir, əhali də balığa həsrət qalıb. Amma sizə deyim ki, bizim əhali balığa həsrət qalmalıdır! Balığı elə üsullarla ovlayırlar ki, heç yırtıcı heyvanlar bu şəkildə ov etmir. Mən bunun şahidi olmuşam. 1970-ci illərin sonunda Sabirabadda böyük su hövzəsinə zəhər tökdülər. 10 dəqiqə sonra balıqlar suyun səthinə çıxdı.

Başladılar balıq tutmağa. Kim nə qədər bacardı, tutdu. Az sonra isə artıq balıqlar tələf olmağa başladı. Suyun səthi ağ balıq ölüləri ilə doldu. Bunu qəsdən edirdilər ki, balıqlar zəhərli suda üzməyəcək, suyun səthinə çıxacaqlar, onlar da rahatca ovlaya biləcək. O zaman bu barədə sahə müvəkkilinə, raykoma xəbər verdim. Balıqçıları tutmaq əvəzinə, məni hədələdilər, partiyadan çıxarılacağımla hədələdilər. İndi də bu cür qeyri-insani üsullardan istifadə edilir, suya elektrik verilir və sair. Su hövzələri zəhərlənirsə, təbiətə divan tutulursa, balığa həsrət qalmalıyıq.

E.Hüseynov Türkiyə balıqçılıq və balıq təsərrüfatı təcrübəsinin öyrənilməsinin gələcəkdə müsbət nəticə verə biləcəyini də vurğuladı:

- Bakıda yalnız “Yaşıl bazar”da balıq satışı düzgün təşkil edilib. Orada balıq açıq buzlu soyuducularda satılır. Alıcı balığa əliylə toxuna bilir. Doğru satış belə olmalıdır. Amma Bakı-Quba yolunda vəziyyət bərbaddır. Təsəvvür edə bilməzsiniz, orda dənizə hələ alışmamış, böyüməmiş kiçik balıqları ovlayıb satışa çıxarırlar. Bu, insafsızlıqdır, haramçılıqdır.

Azərbaycanda balıqçılıq da monopoliyadadır - Xəzərin böyründə olasan, Xəzər balığı yeməyəsən...

  • 19-05-2022, 13:12
  • 555


Oxşar mövzular
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI