“MOSKVA BÖLGƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” – “Bizim regionda problemlərin həlli üçün Ukraynada Rusiyanın burnunun əzilməsi lazımdır”

“MOSKVA BÖLGƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” – “Bizim regionda problemlərin həlli üçün Ukraynada Rusiyanın burnunun əzilməsi lazımdır”Elçin Şıxlı: “Ruslar olmasaydı, separatçılar çoxdan səslərini kəsmişdilər... . Onlar Azərbaycanla Ermənistanın rahat yaşamasına imkan verməyəcəklər”

“Rusiya dəyənəkdən başqa heç bir dili qəbul etmir. Təpəsinə vurmalısan ki, qarşısındakını anlasın”

“Rusiya gördü ki, ölkəyə təhlükə yarananda bizim cəmiyyət birləşə bilir”


Rusiyanın son addımları bir daha göstərir ki, Moskva Azərbaycan və Ermənistan arasında sülhün yaranmasını, normal münasibətlərin qurulmasını istəmir və bunun baş tutmaması üçün əlindən gələni edir.

“AzPolitika.info” Rusiyanın Cənubi Qafqazla bağlı son addımlarını və məqsədlərini analitik Elçin Şıxlı ilə müzakirə edib:


- Elçin bəy, son günlər Rusiyanın ermənipərəst Qarabağ siyasətində müəyyən aktivlik hiss olunur. Misal olaraq, separatçı “nazir” Artak Beqlaryanın Rusiyanın dövlət agentliyi “RİA Novosti”yə çıxarılması və onun dili ilə anti-Azərbaycan şüarlarının səsləndirilməsini göstərmək olar. Sizcə, hazırda Rusiyanın regionla bağlı siyasətini necə xarakterizə etmək olar?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra bir qrup jurnalistlə ilk dəfə ABŞ-a səfər etdik, bir sıra qəzetlərin redaksiyalarında görüşlər keçirdik. Bir qəzetin redaksiyasında beynəlxalq xəbərlər şöbəsinin müdri ilə görüşdə hamımız Qarabağdan danışdıq. Halbuki, o zaman Azərbaycanı ümumiyyətlə tanımırdılar. Biz Qarabağdan, münaqişədən danışdıq, real vəziyyəti izah etdik. Şöbə müdiri dedi ki, siz bunları yazın verin, mən çap edəcəyəm. Biz də yazdıq. Yazıda əsas fikrimiz bu idi ki, əgər kənardan bu münaqişəyə müdaxilə edən olmasa, maksimum altı aydan sonra sülh bağlanar, Ermənistan və Azərbaycan normal şəkildə yaşamağa davam edər. İndinin özündə də vəziyyət dəyişməyib. Kənar qüvvələr bu məsələyə müdaxilə etməsə, qısa müddətdə hər şey öz həllini tapar.

Biz uzun müddət gözlədik. BMT-nin 4 qətnaməsini vecinə alan olmadı, beynəlxalq təşkilatlar son ana qədər kimin işğalçı, kimin təcavüzə məruz qalan olduğunu dilinə gətirmədi, erməniyə işğalçı və separatçı demədilər. Nəhayətdə özümüzdə güc tapdıq, silaha əl atdıq və məsələni həll etdik. Dövlət başçısı da həm fəal diplomatiya qurdu, həm də orduya qabiliyyətlə rəhbərlik etdi. Nəticədə Xankəndi və ətrafındakı bəzi ərazilər istisna olmaqla Şuşaya qədər əraziləri ermənilərdən təmizlədik. Sözsüz ki, bu, diplomatiyadır və görünür, başqa cür mümkün olmadığından rusları sülhməramlı adı altında ora buraxası olduq. Əslində, onlar erməniləri qorumaq üçün ora girdilər. Bizi qorumağa ehtiyac yoxdur, biz özümüzü qoruyar, o yana da keçərik. İndinin özündə də biz Rusiyanın aqressiv siyasətini görürük. Qazaxıstana qoşun yeritmişdi, sonra hansısa hadisələr baş verdi, Çin təpindi və oradan qoşunlarını çıxarmalı oldu. Ukraynada isə geniş miqyaslı müharibə gedir. Ukrayna rəhbərliyinin dediyi kimi, ruslar böyük itkilər vermələrinə baxmayaraq bu dövlətin 20 faizə qədər ərazisini işğal edib.

Rusiya eyni zamanda da Cənubi Qafqazı öz nəzarətindən buraxmaq istəmir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın işğalı altındadır, Ermənistanda hərbi bazaları var, sülhməramlı adı altında da özünü Azərbaycana soxub. Burada erməniləri qorumaqla yanaşı, yavaş-yavaş separatçılara dil verirlər. Bəllidir ki, separatçıların heç cınqırı da çıxmazdı, əgər ruslar onlara altdan-altdan dil verməsəydilər. İndi separatçıların səsi bu səbəbdən çıxmağa başlayıb.

- Demək istəyirsiniz ki, Nikol Paşinyanla arası dəyən Qarabağ separatçılarına təlimatlar birbaşa Rusiyadan gəlir...


- Sözsüz ki, belədir. “RİA Novosti” Rusiyanın rəsmi dövlət agentliyidir. Əgər “RİA Novosti” istəməsəydi separatçı nə qədər danışsa da, onu çap etməzdilər. Amma biz görürük ki, heç bir əhəmiyyət kəsb etməyən adam danışır və “RİA Novosti” agentliyi də bunu tirajlayır. Bu, Rusiyanın dövlət agentliyidir. “İnterfaks” və ya “Exo-Moskva” bunu etsəydi, düşünərdik ki, nisbətən azad informasiya resursudur və onların belə hərəkətləri ola bilər. Yox, əgər separatçının dedikləri dövlət agentliyi tərəfindən tirajlanırsa, deməli bu, Rusiyanın dövlət siyasətidir. Təbii ki, bölgəni qarışdırmaq istəyirlər. Onlar Azərbaycanla Ermənistanın rahat yaşamasına imkan verməyəcəklər. Əlbəttə, ermənilərin də canında az yoxdur, amma ermənilər praqmatikdirlər, onlar öz qüvvələrini hesablaya bilirlər. Əgər, onlara dəstək verən olmasaydı, Rusiyanın arxalarında olduğunu təxmin etməsəydilər, sakit durardılar. Bəli, Rusiya olmasaydı separatçılar çoxdan səslərini kəsmişdilər.
Ətraflı

- Rusların bu mərhələdəki hərəkətlərinin məqsədi nədir?

- Əvvəla, ruslar nə Ermənistanın bizə qalib gəlməsini istəyirlər, nə də bizim Ermənistana. Üstəlik, bu iki ölkə arasında sülhün yaranmasını arzulamır və mümkün qədər buna imkan vermirlər. Ruslara burada sadəcə olaraq “qaynayan” nöqtə lazımdır ki, barmaqlarını salıb aranı qarışdıra bilsinlər. Beləcə xaos yaradıb tərəflərə hədə-qorxu gəlirlər. Ermənistanda mitinqləri körükləməklə Paşinyanı hədələyirlər, Qarabağdakı separatçılara dil verməklə bizə mesaj göndərirlər. Çünki ruslar anlayırlar ki, Azərbaycanda daxili sabitliyi pozmaq çətindir, bunu edə bilsəydilər, çoxdan edərdilər. Gördülər ki, ölkəyə təhlükə yarananda bizim cəmiyyət birləşə bilir. Daxildə nə söhbətimiz varsa da, bunu özümüz bilərik və onun kənardan heç kəsə aidiyyəti yoxdur.

İkincisi, Avropa İttifaqı da fəallaşıb və nəsə etmək istəyir. Onların Cənubi Qafqazda nüfuzunu artırmaq gedişlərini hiss edən Rusiya qıcıqlanır, separatçılara dil verir və Brüsselə göstərir ki, buranın “sahibi” bizik. Son vaxtlar separatçılar da Avropa İttifaqına etirazlar edirlər. Separatçılara dəstək verən olmasa, heç nə edə bilməzlər. Kimdir axı onlar? Nə özlərini dolandıra bilərlər, nə iqtisadiyyatları var, nə də normal idarəçilikləri. Xankəndi və ətrafında heç nə yoxdur, olması perspektivi də üfüqdə görünmür. Yalnız Rusiya var.


“MOSKVA BÖLGƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” – “Bizim regionda problemlərin həlli üçün Ukraynada Rusiyanın burnunun əzilməsi lazımdır”
- Bununla paralel olaraq həm Moskva, həm də Brüssel xətti ilə danışıqlar aparılır. Sizcə, bu danışıqların real nəticəsi ola bilərmi?

- Məncə, Rusiyada heç bir danışıq getmir. Orada danışıq olsa da, nəticə olmayacaq. Gözləntilərə gəldikdə, hazırda Rusiyanın Ukraynada burnunun əzilməsini gözləyirəm. Yəni, Rusiya Ukraynada məğlubiyyətə uğramalıdır. Bundan sonra bəlkə ətraf ölkələrdən əlini çəkər. Başqa cür mümkün deyil. Onun burnu ovulmalıdır, ağ ayı qəfəsə salınıb şimal qütbünə atılmalıdır. Onlar bütün dünyanı çalxalayır və qoymurlar ki, insanlar normal şəkildə yaşasınlar. Diqqət edin, bunların nəfəsi Yaxın Şərqə -Suriyaya, Liviyaya, İraqa dəyib. Eyni zamanda Avropanı qazla təhdid edirlər.

Postsovet ölkələrinə gəldikdə, deyirlər ki, Qazaxıstanı biz yaratmışıq, Ukrayna ümumiyyətlə olmayıb, onu Lenin qurub. Hələlik, Tacikistan və Özbəkistandan danışmırıq. Cənubi Qafqazda da nələrin baş verdiyini görürük. Rusiya imperiyadır və ən pisi də odur ki, qitə imperiyasıdır. Böyük Britaniya da imperiya idi, başqa yerləri işğal etmişdi və koloniyalar yaratmışdı. Ancaq sonrakı dövrdə koloniyalar müstəqillik qazandı və onların Britaniya ilə birbaşa sərhədləri olmadığından rahat yaşamağa başladılar. Lakin Rusiya qitə imperiyası olduğundan keçmiş müstəmləkələri ilə sərhədləri var. Hər dəfə postsovet ölkələrinin yaxşı yaşamaq istədiyini və buna imkanları olduğunu gördükdə qıcıqlanır. Deyir ki, bizim əlimizin altında olan kölələrimiz necə ola bilər ki, bizdən yaxşı yaşasın. Məncə, ən dəhşətlisi də budur.

- Deməli, düşünürsünüz ki, Rusiya Cənubi Qafqazda istədiyini edəcək...

-Yox, biz nəsə etməliyik. Ancaq burada söhbət təkcə Azərbaycandan getmir. Azərbaycan miqyas baxımından Rusiyadan xeyli kiçikdir və biz ehtiyatlı davranmalıyıq. Əlbəttə, sözümüzü deməliyik, mövqeyimizdə durmalıyıq, amma ağıllı şəkildə.

Ukraynada müharibə gedir və deyəsən Qərbdəki siyasətçilər də bundan nəticə çıxararaq, bir qədər ağıllanıblar. Aparıcı ölkələr anlayırlar ki, rusun ipinin üzərinə odun yığmaq olmaz. Buna qədər Barak Obamadan tutmuş Angela Merkelə qədər düşünürdülər ki, Rusiya ilə “pişim-pişim” edək, bəlkə düzələr və s. İndi kollektiv Qərb, onun aparıcı hissəsi tədricən anlayır ki, Rusiya dəyənəkdən başqa heç bir dili qəbul etmir. Təpəsinə vurmalısan ki, qarşısındakını anlasın. Rusiyanın əslində, normal iqtisadiyyatı da yoxdur. Təsəvvür edin ki, artıq təyyarələrini istehsal edə bilmirlər. Ukrayna taxılını oğurlamaları bir yana, lizinqlə aldıqları təyyarə parkını da faktiki olaraq oğurlayıblar. Hazırda əllərində 20 ədəd “Aerobus” varsa, onun səkkizini ehtiyat hissələri üçün parçalayırlar ki, digərləri uça bilsin. Bütün bunlar faktdır. Bunlar öz yerində. Bizim regiondakı problemlərin həll edilməsi üçün Rusiyanın burnunun Ukraynada daşa dəyməsi lazımdır. Əks halda, Rusiya istədiyini yerə qoymayacaq. Bu mənada çox müsbət haldır ki, indi Qərb dünyası oyanıb və Rusiyanın məğlub olması üçün əlindən gələni edir. Hesab edirəm ki, Ukrayna savaşında Rusiya öz məqsədlərinə çatmasa və tədric olunmaqda davam etsə, bizimlə də bağlı davranışlarında ehtiyatlı olmağa çalışacaq.

Rasim Əliyev

“AzPolitika.info”

“MOSKVA BÖLGƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” – “Bizim regionda problemlərin həlli üçün Ukraynada Rusiyanın burnunun əzilməsi lazımdır”

  • 9-06-2022, 21:07
  • 892


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI