Azalın baha qiymətləri Naxçıvanda uzun növbələrə səbəb olub.

Azalın baha qiymətləri Naxçıvanda uzun növbələrə səbəb olub.Sərnişin sayı artdığından, Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə bileti tapmaq müşkülə çevrilib. Sıxlığa səbəb, Bakıdan qonşu ölkələrə, xüsusilə Türkiyəyə təyyarə biletlərinin xeyli bahalaşması göstərilir. Bir çox sərnişinlər ucuz başa gəlsin deyə, xarici ölkələrə getmək üçün, Naxçıvanın quru ərazisindən istifadə etməyə üstünlük verir. Bu isə Naxçıvana uçan təyyarələrə uzun növbələr yaradır.
Naxçıvandan quru yolla İran və Türkiyəyə getmək üçün tətbiq olunan məhdudiyyət bir müddətdir ki, tam aradan qaldırılıb. Azərbaycanın digər quru sərhədlərində isə bu məhdudiyyət hələ də davam edir.

Şəmkir rayonundan olan şikayətçi Vahid Əliyev "Gündəlik Naxçıvan"a deyir ki, Naxçıvandan Bakıya qayıtmaq üçün bir neçə gündür bilet tapa bilmir. Burada qalmağa yeri olmaldığından, xəstə övladı ilə birgə aeroporta gecələməli olur:
"Oğlumu müalicə üçün məcburi Türkiyəyə aparmalı idim. Quru yollar bağlı olduğundan, AZAL biletləri bir neçə dəfə qaldırıb. Ucuz yol axtarırdım ki dedilər, Naxçıvandan quru yolla Türkiyəyə getmək ucuz başa gəlir. Bilet alıb təyyarə ilə Naxçıvana, ordan da Türkiyəyə getdik. Ucuz başa gəldiyindən, qayıdanda da Naxçıvan yolunu seçdik. Ancaq, burada kassaya getdik, dedilər ki, bilet yalnız 20 gün sonraya var. Səhər tezdən gəlib növbəyə durasan, bəlkə əlavə reysə bilet ala bilərsən. Səhər 5-də kassaya getdim ki, qarşısı adamla doludur. Bilet çatmadı. Növbəti gün də ala bilmədim. Pulumuz qurtardığından, oteldə qala bilmirik. Burada elə tanışımız da yoxdur. Ona görə də aeroportda gecələmək oluruq. Nə qədər belə davam edəcək, bilmirik. Əlavə reyslərin sayı artırılsa, sıxlıq da aradan qalxar".
Bakıya uçmaq istəyən Naxçıvan şəhər sakini Vasif Qasımov deyir ki, əlavə reyslərə biletlər tanışlıqla satıldığından, növbəyə durmağın da mənası yoxdur:
"Səhər 5-də gəlmişəm, sırada 85-ci nəfərəm. Nöbbədəkilərin çoxu Türkiyədən, İrandan qayıdanlardı. Aviakassanın açılmasından 4-5 saat keçməsinə baxmayaraq, cəmi 40 nəfərə bilet satılıb. Mühafizə əməkdaşları sağdan-soldan tanışlarını içəri buraxır. Arıq pul alıb, bilet təşkil edir. Buna görə də növbəyə yazılanlar bilet ala bilmirlər. Məcburiyyət qarşısında qalıb növbəti gün yenidən növbəyə yazılmaq üçün saat 5-dən aviakassanın önünə gəlməli oluruq. Rayonlardan gələnlər, elə aviakassanın binasının qarşısında gecələyirlər ki, növbələri əldən çıxmasın".
Bakıdan Naxçıvana bilet almaq istəyən Gülgəz Məmmədova da deyir ki, iki gündür ard-arda aviakassanın qarşısına gəlib, bilet almaq üçün növbəyə yazılıb.O deyir ki, nəhayət bu gün bilet ala bilib. Ancaq, üç gün sonraya:
"Normal reysə bileti 20 gün sonraya dedilər. Bu da çox gec olurdu. Məcbur olub, iki gün uzun növbəyə durub, əlavə reys üçün üç gün bilet aldım. Hər il bu vaxt tətilə görə qıtlıq olur. Ancaq, belə olmamışdı. İndi gedənlərin sayı xeyli artıb. Quru sərhədləri açsalar, belə olmaz".
Bakıdan Naxçıvana və əks istiqamətə gün ərzində üç sabit təyyarə reysi həyata keçirilir. Sıxlıq yarandıqda isə, 1-2 əlavə reys xəttə buraxılır. Sərnişinlər bildirir ki, əlavə reyslərin sayı artırılsa, sıxlıq da aradan qalxacaq.

"Gündəlik Naxçıvan"

Azalın baha qiymətləri Naxçıvanda uzun növbələrə səbəb olub.

  • 16-06-2022, 13:14
  • 623


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI