Dünyanın çörək qapısı açılacaqmı: İstanbulda keçirilən taxıl dəhlizi toplantısı nə vəd edir?

702 14-07-2022, 15:13 cemiyyet

Dünyanın çörək qapısı açılacaqmı: İstanbulda keçirilən taxıl dəhlizi toplantısı nə vəd edir?

Dünyanın çörək qapısı açılacaqmı: İstanbulda keçirilən taxıl dəhlizi toplantısı nə vəd edir?


size=3]Mürvət HƏSƏNLİ

Ukrayna limanlarında gözləyən taxıl və ərzaq məhsullarının dəniz yoluyla daşınması ilə bağlı Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndə heyətinin İstanbulda keçirilən görüşü başa çatıb.

Türk Silahlı Qüvvələri bu barədə bildirib.

Məlumata görə, görüş 1,5 saat davam edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba danışıqlardan əvvəl açıqlama verərək Rusiya ilə razılaşmaya yaxın olduqlarını bildirmişdi. "Rusiya ilə razılaşmamıza iki addım qalıb. Hazırda son mərhələdəyik və hər şey Rusiyadan asılıdır", - Kuleba İspaniyanın "El Pais" qəzetinə açıqlamasında demişdi.

O, həmçinin, əlavə etmişdi ki, “Ukrayna taxılı beynəlxalq bazarlara çıxarmağa hazırdır”.

Rusiya tərəfinin açıqlamasından isə belə anlaşılır ki, onlar Ukrayna tərəfində müştərilərini gözləyən 20 milyon tonluq taxılın Qara dəniz vasitəsilə daşınması üçün toplantı iştirakçılarına “konkret və praktiki” təkliflər veriblər. Bu təkliflərin nə qədər işə yarayıb-yaramayacağı sonrakı mərhələlərdə aydın olacaq.

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Ukraynanın Odessa limanından taxıl daşınmasına razılıq verəcəklərini açıqlamış, bunun üçün Kiyevin bu limanı minalardan təmizləməsinin vacibliyini bildirmişdi. Ukrayna isə bu təklifin Odessanı ələ keçirmək üçün Rusiyanın hiyləsi olacağından ehtiyatlanırdı. Rus ordusu sonunda Odessa limanına yaxın ərazidə yerləşən İlan adasından çəkilərək verdiyi sözün hiylə olmadığını əsaslandırmağa çalışmışdı. Nəhayət, bu gün İstanbulun Qələndər Qəsrində keçirilən son görüşdə Rusiya Ukraynaya təhlükəsizlik zəmanətləri verdi. Ukrayna rəsmilərinin açıqlamalarından tərəflərin problemin həllinə yaxın olduqları anlaşılır.

Bəs, Rusiyanın taxıl dəhlizi açması hansı prinsiplərə əsaslanacaq və dünyanın qida təhlükəsizliyinə nə kimi müsbət təsir göstərəcək?
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) məlumatına görə, Ukrayna limanlarında ilişib qalan 20 milyon ton taxıl dünya üzrə təxminən 400 milyon insanı qidalandırmaq imkanına malikdir. Rusiyanın verdiyi zəmanət sayəsində həmin taxılın quru yolu ilə Odessa və digər limanlara daşınması, oradan isə dəniz yolu ilə Türk boğazlarını keçərək Aralıq dənizinə keçirilməsi və bu yolla digər dövlətlərə nəql olunması planlaşdırılır. Tərəflərin razılığı ilə Qara dənizdə yaradılacaq təhlükəsiz taxıl dəhlizi planına əsasən, bu su hövzəsindən keçən gəmiləri Türkiyə və Rusiya hərbi qüvvələri müşayiət edəcək. Türk və rus müştərək hərbi qüvvələri limanlara yaxınlaşan və çıxan gəmilərin Ukrayna ordusuna yük daşıyıb-daşımadığını da yoxlayacaq.

İlk baxışdan, Rusiyanın verdiyi zəmanətlər nəticəsində dünyanın qida probleminin həll olunduğu təəssüratı yaransa da, əslində Ukrayna müharibəsi taxılın təkcə daşınmasına yox, istehsalına da ciddi təsir göstərib. Ukrayna Taxıl Tacirləri Assosiasiyasının (UGA) hesablamalarına görə, 2021-ci ildə 33 milyon ton olan buğda istehsalı 2022-ci ildə 19,2 milyon tona düşəcək. Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizini işğal edib və bu bölgələr buğda istehsalı üçün çox vacib yerlərdir. Həmin bölgələrdə müharibənin gedişatının buğda istehsalına bundan sonra da mənfi təsir göstərə biləcəyi təxmin edilir.

Buğda ilə yanaşı, bu il Ukraynanın qarğıdalı və arpa istehsalının da xeyli azalacağı gözlənilir. Təxminlərə görə, qarğıdalı istehsalı 37,6 milyon tondan 26,1 milyon tona, arpa istehsalı 10,1 milyon tondan 6,6 milyon tona düşəcək. Bunlar isə ümumdünya taxıl istehsalı üçün ciddi rəqəmlərdir.

Türkiyənin Aqro-iqtisadi Siyasətlər İnstitutunun (TEPGE) hazırladığı hesabata görə, keçən il 776 milyon ton olan qlobal buğda istehsalının bu il 778 milyon tona yüksələcəyi gözlənilir. Eyni hesabata inansaq, 2020/2021 mövsümündə qlobal buğda istehsalının 65%-i Çin, Avropa İttifaqı (Aİ), Hindistan, Rusiya və ABŞ tərəfindən həyata keçirilir. Taxıl ixrac edən ölkələr siyahısında ilk yerləri Rusiya, Aİ, ABŞ, Kanada, Avstraliya və Ukrayna tutur.

Hesabatdan göründüyü kimi, qlobal buğda istehsalının 18 faizi Aİ, 17,6 faizi Çin, 14,1 faizi Hindistanın payına düşür. İxrac sahəsində Rusiya 19,3% payla liderdir. Ondan sonra 14,7 faizlə Aİ ölkələri, 13,3 faizlə ABŞ, 13 faizlə Kanada, 11,8 faizlə Avstraliya və 8,3 faizlə Ukrayna gəlir.

Rusiya ən çox buğda ixrac edən ölkələrdən biridir. Bununla belə, müharibə Rusiyanın da taxıl ixracına ciddi şəkildə təsir göstərir. Xüsusilə də rus hərbçilərinin Ukrayna limanlarından buğda oğurlaması barədə yayılan xəbərlər bəzi dövlətlərin Rusiyadan buğda almağa həvəssiz yanaşmasına yol açır.

Bəs, dünyada ən çox buğda alıcıları kimlərdir?

Məlumata görə, Misir dünyada istehsal edilən buğdanın 6,2%-ni idxal edir, ikinci ən çox idxal edən ölkə isə 5,5%-lə Çindir. Onu 5,4%-lə İndoneziya, 4,1%-lə Türkiyə və 3,9%-lə Əlcəzair izləyir.

Azərbaycan da əslində buğda tələbatı sarıdan idxaldan asılı dövlətlərdəndir. Ölkəmiz buğda tələbatının hardasa yarısını idxal edir (ildə təxminən 1.5 milyon ton). Dünyada taxıl böhranın davam etməsi buğdanın qiymətinin bahalaşmasına yol açır. Bu da təbii ki, ölkəmizin büdcəsinə təsir edir.

Qida təhlükəsizliyi baxımından Azərbaycanın qarşısında dayanan ən mühüm problem buğdanın 95%-ni Rusiyadan almağımızdır. Bu durum indiki taxıl böhranında bizim bəlkə də işimizə yarayır, çünki Ukrayna savaşında ixracı bloklanan tərəf Rusiya deyil. Üstəlik, Rusiyadan aldığımız taxılı müharibənin getmədiyi tamamilə başqa marştrutla ölkəyə gətiririk. Bununla belə, strateji məhsul sayılan buğda idxalında Rusiyadan 95%-lik asılılığımız ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Odur ki, taxıl ehtiyacımızın 100%-ni özümüz istehsal edə bilmiriksə, heç olmasa idxalımızı şaxələndirməliyik.


XƏBƏR LENTİ