Qarabağda hərbi əməliyyatlar ola bilərmi?

602 3-08-2022, 12:35 cemiyyet

Qarabağda hərbi əməliyyatlar ola bilərmi?Qarabağda vəziyyətin hələ də “gərgin olduğu” barədə məlumatlar var.

Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni silahlıları çərşənbə axşamı təmas xəttində vəziyyətin “əhəmiyyətli dərəcədə” dəyişmədiyini, “stabil-gərginliyin” qaldığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı hazırkı vəziyyəti BBC-yə şərh etməyib.

Avqustun 1-də separatçı “Dağlıq Qarabağ Respublikası ordusu” Azərbaycan silahlı qüvvələrinin "təmas xəttini keçməyə cəhd göstərdiyini” açıqlamış, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun “atəş açmadığını” bildirmişdi.

Çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin "atəşkəs rejimini pozması nəticəsində" Qarabağda silahlı birləşmələrinin nümayəndəsinin yaralandığını bildirib.

Məlumata görə, "son 24 saat ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin üç dəfə pozulması faktı qeydə alınıb".

“Tərəflərin təmas xəttində dəyişikliklərə yol verilməyib”, Rusiya Müdafiə Nazirliyinə istinadən TASS agentliyi xəbər verir.

Bir müddətdir ki, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı iddia olunur.

Bəzi azərbaycanlı ekspertlər bildirirlər ki, Qarabağdakı erməni hərbi birləşmələri Azərbaycan üçün təhlükədir və buna “vaxtında cavab verilməlidir”. Bəs, bu, hərbi əməliyyatları labüd edirmi?

Azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev deyir ki, “belə ssenari üçün müəyyən şərtlər” olmalıdır.

“Təxribatlar davam edərsə, Azərbaycanın o qırmızı xətləri tapdanarsa, təbii ki, əməliyyatlar qaçılmaz olmaya bilir”, - BBC News Azərbaycancaya danışan Ədalət Verdiyev deyib.

“Əlbəttə, gərginlik arta bilər. Bütün sual onun hansı miqyasda olacağıdır. Tammiqyaslı müharibə miqyasına çatacaqmı? Düzünü desəm, belə düşünmürəm”, - ermənistanlı təhlilçi Tiqran Qriqoryan Azadlıq Radiosunun erməni xidmətinə deyib.

Artıq bir müddətdir ki, Qarabağda atəşkəsin pozulması və təxribatlar barədə məlumatlar yayılır. Azərbaycan qoşunların döyüş hazırlığının artırılması məqsədilə silahlı qüvvələrdə təlim prosesinin başlandığını elan edib.

Nə baş verib?
Avqustun 1-də separatçı “Dağlıq Qarabağ Respublikası ordusu” iddia edib ki, Azərbaycan ordusu səhər saatlarında “Artsax”ın (ermənilər Qarabağı belə adlandırırlar) şimal və şimal-qərb sərhəd zonasının bir sıra bölmələrində "təmas xəttini keçməyə cəhd göstərib və bu cəhdlərin qarşısı alınıb, hər hansı toqquşma qeydə alınmayıb”.

Onlar bu barədə Rusiya sülhməramlılarını məlumatlandırdıqlarını bildiriblər.

Separatçı “DQR”in “xarici işlər naziri” Davit Babayan “həyəcanlanmağa ehtiyac olmadığını” deyib.

ArmenPress-in məlumatına görə, Davit Babayan Facebook səhifəsində yazıb ki, “hər şey silahlı qüvvələrinin nəzarəti altında”dır.

Bazar günü axşama yaxın erməni silahlıları Qarabağda "bir hərbçinin yaralandığını və vəziyyətinin kafi" olduğunu açıqlayıblar.

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində hər hansı insidentin baş verdiyini təkzib edib.

Qurum bildirib ki, Azərbaycan Ordusu bölmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi “Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır”.

“Hər bir şeyin bir yolu var”
Hərbi ekspert Ədalət Verdiyevə əsasən, Azərbaycan Rusiya sülhməramlı amilini nəzərə alsa da, öz məqsədlərindən vaz keçməyəcək: “Bunun necə həyata keçirilməsini biz Fərruxda (Fərrux yüksəkliyi nəzərdə tutulur. Azərbaycan Rusiya sülhməramlılarının dislokasiyasında yerləşən bu yüksəkliyi bu ilin mart ayında nəzarətinə keçirdiyini açıqlayıb- red.) nümayiş etdirdik.

Yəni hər bir şeyin bir yolu var, - hərbi ekspert deyib, - ya bu xoşluqla olacaq, ya da ki, döyüş yolu ilə”.

Hərçənd ki, o, müharibə ehtimalını mümkün saymır, düşünür ki, bu, kiçik miqyaslı hərbi əməliyyat ola bilər, ancaq onu da əlavə edir ki, Azərbaycan hakimiyyəti “məsələnin sülh yolu ilə” həllində maraqlıdır: “Qalib tərəf kimi hərbi-diplomatik təzyiqlərdən maksimum yararlanmağa çalışırıq”.

Hal-hazırda isə gərginlik “maksimuma çatıb”, lakin Azərbaycanın Rusiya və Ermənistanla birgə imzaladığı 10 noyabr Bəyanatındakı şərtlər yerinə yetirilsə, bu gərginlik “mütləq azalacaq”, hərbi təhlilçi deyir.

Ədalət Verdiyevə əsasən, hazırkı vəziyyət Azərbaycandan daha çox Qarabağdakı ermənilərdən asılıdır.

“Gərginlik Bakının iki tələbi ilə bağlıdır”
Lakin Ermənistanda vəziyyəti bir qədər fərqli görürlər. Ermənistan parlamentinin müxalif “Təzim edirəm” partiyasının üzvü son gərginliyi Azərbaycanın iki tələbi ilə əlaqələndirir.

Bakı Qarabağdan “Ermənistan Silahlı Qüvvələrinin” çıxarılmasını və Naxçıvana dəhlizin açılmasını tələb edir, Tiqran Abramyan deyib.

“Azərbaycanın Artsax istiqamətində son təcavüzü bu tələblərin məntiqi ilə nəzərdən keçirilməlidir”, - millət vəkili deyib.

O bu gərginliyi arta biləcəyini güman edir, amma müharibəyə çevriləcəyinə inanmır.

Ermənistan öz qoşunlarını sentyabra qədər Qarabağdan çıxaracağını bəyan edib, rəsmi Yerevan onu da bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi" onlar üçün "ərazi məsələsi deyil, hüquqi məsələ"dir.

Azərbaycan Müdafiə Nazirliyində müşavirə
İyulun 30-da müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində nazirliyin yüksək rütbəli işçiləri və ordu komandanlığı ilə keçirdiyi müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edib və “qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib”, - Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib.

İyul ayında Azərbaycan Prezidenti deyib ki, Rusiya bölgədən erməni birləşmələrinin çıxarılması ilə bağlı vədini yerinə yetirməyib. İlham Əliyevin sözlərinə görə, Ermənistan öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda “bizə bunu açıq desin, biz də işimizi bilək”.

ABŞ-dan və Rusiyadan zənglər
Bölgədə gərginliyin artması barədə xəbərlər fonunda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried bazar ertəsi gecəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

ABŞ dövlət katibinin köməkçisi Karen Donfried-lə telefon söhbətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər.

Azərbaycan XİN-in məlumatına görə, nazir Ceyhun Bayramov erməni silahlı birləşmələrinin “Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun qəbuledilməzliyini” bildirib.

Ermənistan XİN-in yaydığı xəbərdə deyilir ki, telefon danışığı zamanı tərəflər regionda “mövcud təhlükəsizlik mühiti ilə bağlı fikir mübadiləsi aparıblar” və “erməni əsirlərinin və digər məhbusların təcili azad edilməsinin vacibliyini vurğulayıblar”.

Azərbaycan ölkədə hər hansı əsir olmadığını, həbsdəki erməni hərbçilərinin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıb məhkəmədə mühakimə edildiyini deyir.

Bu gün isə Rusiya və Ermənistan liderləri arasında telefon danışıqları olub.

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri müzakirə edilib”, - Vladimir Putin və Nikol Paşinyan arasında görüşün yekunları ilə bağlı Kremlin yaydığı açıqlamada deyilir.

Dövlət başçıları ilə yanaşı bölgədəki vəziyyəti həmçinin Ermənistan və Rusiya XİN rəhbərləri də müzakirə ediblər.

Başqa bir danışıq isə Rusiya ilə Azərbaycan arasında keçirilib. Rusiya müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub, Azərbaycanın Müdafiə Nazirliyi bildirib.

“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

Çərşənbə günü gərginləşmə mövzusu separatçı “Artsax Təhlükəsizlik Şurasının” iclasında nəzərdən keçirilib. Bu barədə tanınmamış qurumun “müdafiə naziri” çıxış edib. Onun məruzəsinə görə, təmas xəttinin bəzi hissələrində “gərginlik davam edir və Müdafiə Ordusu heç bir itki və mövqe itkisi olmadan vəziyyətə nəzarət etməkdədir”.

"Son günlərdə Ermənistan-Azərbaycan kontekstində artan gərginlik xəbərlərindən narahatam", - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi öz tvitində yazıb.

Toivo Klaar bildirir ki, Aİ sülh prosesində iştirakını dərinləşdirməyə çalışır.

"Gərginliyi azaltmaq və onilliklər boyu davam edən çəkişmələrin səhifəsini çevirmək üçün tarixi fürsəti əldən verməmək vacibdir".

XƏBƏR LENTİ