İŞLƏNMİŞLƏRİN DİKTATURASI

1 460 16-08-2022, 00:48 kose / siyaset

İŞLƏNMİŞLƏRİN DİKTATURASI
Dünyada siyasətin ayarı pozulub. Sanki insanlıqda siyasətə bağlıymış. Artıq insanlığın və ya insan olmanın kuralları da dəyişib. İmam Cəfəri Sadiq (ə) deyirdi ki: “İlahi səndən də qorxuram, səndən qorxmayanlardan da qorxuram”. Məmləkətdə şeytanın həsəd aparacağı, yalnız qəlibi insan olanlar meydan sulayır. Onlar hər yerdədirlər. Adamlıq böhranı keçirənlər sərbəst, yaxud özbaşına da deyillər. Sahiblərinin bir yerinə bağlı olanlar ciyər yeyən Hindənin övladları kimidirlər. Amansız və lovğa. Bunlar biloji ritmləri kəsilmiş xoruzlardır. Çünki illərlə sahiblərinin kölgəsində yaşadıqları üçün təbii hallarını itiriblər. Onlar cəmiyyətin yalıncıqlarıdır. Yalnız şəxsiyyətləri deyil, ağılları ayaq altına qoyulanların analarının da ayaqları altında Cənnət olmur. Sabun köpüyü olur. Övladlarının günahlarından dolayı davamlı qüsul aldıqları üçün.
Üzləşdiyim çoxsaylı problemlərin yaranma səbəbini sərt danışmağım, sərt yazmağım, hətta sərt düşünməyimlə əlaqələndirənlər az deyil. Mövcud olanları görüb deməmək, yazmamaq və ya düşünməmək necə olur görəsən? Və yaxud icazəli tənqidçilik vicdan göstəricisidirmi? Bütün bunlar klassik Əli Həsənov teatrıdır. Rejissor olduğum halda nədən hansısa ssenaridə rol alım ki? İngilis atalar sözündə deyilir ki: Həyat fırtınasının keçməsini gözləmək lazım deyil, yağışda rəqs etməyi öyrənmək lazımdır.
“Nə qızıl sultandır, nə ulu Hakan”. Məmləkətdə tükənmişlik sindiromu hökm sürür. 124 000 min peyğəmbərin hidayətə çatdıra bilmədiklərini ayrı-ayrı məmurlar pula səcdəyə öyrətdilər. Şəffaf korrupsiya reallığında küt yeyən əşirət çocuqları “doğuldu”. Əslində uniforma geyindirmək lazımdır ki, hamı onları tanısın. Onlar xəritəsi olmayan mina tarlası kimidirlər. Suç makinaları, siyası manipulyatorlardı. Acıgözdürlər, yam-yam qruplarıdır. “Dəryadan babam çıxsa yeyərəm” fəlsəfəsi ilə yaşayanlardır. Biz onları tanıyırıq və bilirik. Necə deyərlər 3-cü günün gecəsindən, 4-cü günün necə olacağı məlum idi.
Bəlkə də fərqində deyillər. Ölkədə ciddi qütbləşmə mövcuddur. Meydanoxuma siyasəti artıq keçərliliyini itirir. Rəsmi çətirlə Haruna çevrilənlər fövqəhəzz məqamından aldanaraq dünyaya gələnlərin, yəni işlənmişlərin diktaturasını yaratmağa cəhd etdilər. Ədalət naminə deyək ki, müəyyən bir mərhələdə yaratdılar da. Lakin, işlənmişlərin diktaturasında sadəcə günah liderləri yetişdi. Onlar osmanlıların “nərdvanaltı” dedikləri istehsal məhsulları kimidirlər. Yəni bizim “zirzəmi” zavodu dediymiz istehsal sahəsi kimi. Keyfiyyətsiz.
Qütbləşməni yaradanlar bir nüansın fərqində deyillər. İşlənmişlərin mübarizə qabiliyyəti olmur. Onların etirazları və ya müdafiələri Bayram Nurlu formatından o yana keçmir. Telefon kamerası və ya klaviatura. Bayram Nurlu ilə hansısa sahənin diktaturasını yaratmaq olar, lakin imperiya yaratmaq olmaz. Əyninə şalvar geyindirsən belə mahiyyəti çılpaq olaraq göz önündə canlanır.
İşlənmişlərin adlarının və ya yaradılışlarının fərqliliyi onların funksiyasına mane olmur. Harada olmaları da önəmli deyil. Dağda da olurlar, aranda da. Tutduqları xətt və ya getdikləri yol da bir o, qədər əhəmiyyət daşımır. Danışdıqlarının, yazdıqlarının mahiyyətlərinə aidiyyatı yoxdur. Ağlım kəsəndən gəldiyim bir qənaət məni tərk etmir: bütün axmaq adamlar nədənsə özlərini hamıdan ağıllı hesab edirlər. Unudurlar. Ağlı olanın istifadə müddəti olmur.
Ölkədə gəlir ədalətsizliyinin olduğunu yazmaqla yəqin ki, hansısa qanuna zidd hərəkətlərə yol vermərəm. Vətəndaşın aylıq gəliri türklər demiş aclıq sınırının altındadır. Lakin biz həm qlobal, həm də daxili problemləri həll etmək əvəzin jestlər edirik. Unuduruq ki, jestlərlə problem həll olunmur.
Məmləkətə sanki intihar epidemiyası yayılıb. Amma sapı özümüzdən olanlar öz primitiv ağılları ilə bu vəziyyəti cəmiyyətin epizodik yanlışlığı, səbirsizliyi və ya səhvi kimi qələmə verirlər. Çarəsizliyin yaratdığı reallıq deyil, məhz yanlışlıq, səbirsizlik, səhv. İnsan normalda gündə üç dəfə qidalanmalıdır. Adamın günlük cəmi bir dəfə belə qidalanmaq üçün çörəyi yoxdur. O, zaman çörəyə, geyimə, işıq, qaz, su pulu ödəməsinə, dərman almağa, hansıa işlənmişin hikkəsinə dözməkdənsə ən optimal yer qəbir deyilmi? Həyat özü ölümü kasıb üçün zərurətə çevirmirmi? Əslində bu soyqırımdır.
Trip atırlar. Sən həyatın dibinə işıq sürəti ilə yaxınlaşdıqca, onlar eyni sürətlə Günəşə doğru hərəkət edirlər. Sənin sürətin təbiidir, onlarda isə köməkçi vasitələrlə. Yəni, süni. Cinsindən aslı olmayaraq özlərini balıqçı arvadı kimi aparırlar. Unudurlar ki, əldə etdikləri qabiliyyətlərinin, tərbiyələrinin və ya savadlarının nəticəsi deyil, “xidmətlərinə” görə “qızıl balığın” verdikləridir. O, zaman başqa iddiaya düşürlər, əgər “qızıl balıq” məni seçibsə, deməli önəmliyəm. Unudurlar ki, “qızıl balığın” özü belə hovuzun yetirməsidir. Sadəcə yemi artıqdır.
“Mən Günəşəm”. Öz diktaturasını yaradan işlənmişin özünü inandırdığı fəlsəfə budur. “Əgər mən Günəşəmsə o, zaman ikinci Günəşə ehtiyac yoxdur”. Üfürüm mənə “şərik” olan Günəş sönsün. Ulan, divanə, üfürməklə Günəş sönərmi?
Bakir Həsənbəyli

XƏBƏR LENTİ