“Ukrayna Azərbaycana, Ermənistan isə Rusiyaya bənzəyir...” – Ukrayna saytında Fransa və Ermənistanı ifşa edən məqalə

330 18-11-2022, 13:29 dunya

“Ukrayna Azərbaycana, Ermənistan isə Rusiyaya bənzəyir...” – Ukrayna saytında Fransa və Ermənistanı ifşa edən məqalə“Qarabağ ətrafında rusiyalı “sülhməramlılar”ın qızışdırdığı yeni münaqişə yetişir”.

“AzPolitika.info” xəbər verir ki, bu fikir Ukraynanın məşhur “Unian.net” dərgisində dərc edilən və jurnalist Qriqori Bondarın müəllifi olduğu “Fransızlar Ermənistanın qurbanlıq imicini necə formalaşdırır” başlıqı məqalədə yer alır.

Ukraynalı jurnalist Fransa Senatında Azərbaycan əleyhinə çıxarılan son məlum qətnaməni tənqid edərək, bununla da Azərbaycanın Rusiya ilə bir sıraya qoyulmasına cəhd edildiyini bildirir. Məqalə müəllifi qeyd edir ki, Fransa Senatının Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar Rusiyanın ünvanına səsləndirilən hərbi cinayətlərə dair ittihamlarla eynidir. Həmçinin, orada daha bir oxşar məqam Azərbaycana qarşı neft və qaz embarqosunun qoyulması tələbidir.

Lakin müəllif hesab edir ki, bütün bunlar Fransanın Avropa İttifaqına sırımaq istədiyi saxta narrativlərdir: “Bir neçə fransalı xadim Avropa İttifaqına “yeritmək” istəyir ki, guya Qarabağ münaqişəsində hücum edən tərəf Azərbaycandır və o, Ermənistan torpaqlarını işğal edib. Hansı ki, Azərbaycan sadəcə 30 il ərzində Ermənistanın Rusiyanın köməyilə işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb. Məhz Rusiya raketləri erməni hərbçilərin əli ilə Azərbaycanın 80-dək yaşayış məntəqəsinə atılıb və dinc azərbaycanlı kəndçiləri də erməni və rus əsgərləri qəddarlıqla qətlə yetiriblər. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquqla tanınan öz ərazilərini geri qaytardığı halda, Qarabağ ətrafında rusiyalı “sülhməramlılar”ın qızışdırdığı yeni münaqişə yetişir”.

“Ukrayna Azərbaycana, Ermənistan isə Rusiyaya bənzəyir...” – Ukrayna saytında Fransa və Ermənistanı ifşa edən məqalə
Daha sonra məqalədə “Democracy House” Mərkəzinin ukraynalı eksperti Anatoli Oktısyukun fikirlərinə yer verilir. Ekspert xüsusi qeyd edir ki, təkcə Fransada 700 min ermənini birləşdirən böyük erməni diasporu var və Ermənistan bu diaspor vasitəsilə Qərbin dəstəyini alaraq, Rusiya hərbçilərinin birbaşa köməyi ilə yenidən aqressiv addımlar atmağa çalışır: “Hazırda Emənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət qeyri-stabildir. Çünki Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələri əsasında əldə edilmiş razılaşmanı yerinə yetirəcək siyasi istək nümayiş etdirmir. Orada daim təxribatlar baş verir və Ermənistanın təbliğat maşını işə salınır”.

Bundan sonra məqalə müəllifi qeyd edir ki, bəzi maraqlı şəxslər Rusiya-Ukrayna savaşı ilə paralellər apararaq, guya Ermənistanın da Ukrayna kimi təcavüz qurbanı olduğuna dair rəy yaratmaq istəyirlər. Lakin Bondar yazır ki, ciddi ekspertlər bu cür iddiaları absurd hesab edirlər.

Siyasi ekspert Anatoli Oktısyukun bununla bağlı fikirləri isə belədir: “Beynəlxalq koalisiyaları Azərbaycana qarşı qaldırmaq cəhdləri var və bu zaman Qarabağ münaqişəsi Ukrayna məsələsinə birləşdirilir. Lakin onları birləşdirmək mümkün deyil. Əgər bu iki münaqişəni müqayisə etsək, o zaman Ukrayna Azərbaycana, Ermənistan isə Rusiyaya bənzəyir və onlar müttəfiqdirlər. Orada işğal olunmiş ərazilər var, hansını ki, Azərbaycan hərbi yolla azad edib. Eyni şeyi hazırda Ukrayna edir”.

Məqalənin sonunda ukraynalı jurnalist bir sıra faktları sadalayaraq, Azərbaycanın və Ermənistanın Ukrayna müharibəsində kimin tərəfində durduqlarını izah edir: “Ekspertin dediklərini təsdiqləmək üçün bu iki Cənubi Qafqaz respublikasının müharibədə Ukraynaya dəstək baxımından tutduqları mövqeyə fikir vermək lazımdır. Azərbaycan Ukraynaya təmənnasız olaraq təcili tibbi yardım avtomobilləri üçün 200 min ton yanacaq və neft məhsulları, 900 tondan artıq tibbi ləvazimatlar, avadanlıqlar, dərmanlar verib. 15 milyon avrodan artıq məbləğdə ərzaq yardımı göstərib. Hansı ki, həmin vaxt Ermənistan siyasətçiləri Kremlə bağlılıqlarını gizlətmirlər, beynəlxalq müstəvidə bütün anti-Rusiya qətnamələrini bloklayırlar və onlar rus əsgərləri ilə birgə hərbi təlimlərdə iştirak edirlər. Bəs, belə olduğu halda, işğalçı kimdir? Ritorik sualdır və onun cavabı aydındır”.

Qeyd edək ki, son zamanlar Ukraynada bəzi blogerlərin və jurnalistlərin Azərbaycanın ünvanına o qədər də xoş olmayan ifadələrinə, iddialarına rast gəlinir. Yuxarıda qeyd edilən və Ukraynanın ən tanınmış saytlarından birində yer alan bu məqalə həmin iddialara tutarlı cavab hesab edilə bilər./“AzPolitika.info”

XƏBƏR LENTİ