Azərbaycanda ərzaqlardan ən çox çay bahalaşıb - Səbəblər, Qiymətlər, İnfoqrafika

Azərbaycanda ərzaqlardan ən çox çay bahalaşıb - Səbəblər, Qiymətlər, İnfoqrafikaAzərbaycanda ötən ay çayın qiyməti kəskin qalxıb və bahalaşan ərzaqlar içərisində şay lider olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, oktyabr ayında aylıq müqayisədə çayın qiyməti 6,3 faiz qalxıb. Həm yerli çayın, həm də xaricdən gətirilən çayın qiymətində bahalaşma müşahidə edilib.
Keçən ay sentyabr ayı ilə müqayisədə 500 qramlıq yerli çayın orta aylıq pərakəndə satış qiyməti 7 faiz bahalaşaraq 12,17 manat olub. Xaricdən gətirilən 500 qramlıq çayın orta qiyməti isə 5,8 faiz artaraq 11,66 manat olub.
Azərbaycanda ərzaqlardan ən çox çay bahalaşıb - Səbəblər, Qiymətlər, İnfoqrafika
"Yerli çayların əksəriyyəti xaricdən gətirilərək burada qablaşdırılır"
TEREF.AZ-ın məlumatına görə, bahalaşma ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə yerli çay istehsalı azdır:
"Mağazalarda yerli markalar adı altında satılan çayların əksəriyyəti xaricdən gətirilərək burada qablaşdırılır. Satılan çayların 90 faizə yaxını xaricdən gətirilib burada qablaşdırılan çaylardır. Ölkədə qablaşdırıldıqdan sonra yerli çaylar adı altında bazara çıxarılır".

Bahalaşmanın səbəbləri...
O bildirib ki, son zamanlar logistikanın bahalaşması, hava şəraiti ilə əlaqədar Şri-Lankada, Hindistanın bəzi yerlərində məhsuldarlığın azalması qiymətlərə təsir göstərir. Çay idxal etdiyimiz ölkələrdə məhsulun azalması və qiymətin artması müşahidə edilir deyən iqtisadçı dünya bazarlarında da çayın qiymətinin artdığını dilə gətirib. Qeyd edilib ki, xaricdən aldığımız çayın qiyməti artdıqca ölkədə qablaşdırılan çayın da qiyməti artır:
"Bahalaşmanın əsas səbəbi bunlar ola bilər".

Ekspert bildirib ki, Azərbaycan çayı topdansatış qiyməti ilə açıq şəkildə xaricdən alır və burada qablaşdırır:
"Sonra yerli marka adı altında xaricə də satırıq. Yəni biz ancaq çayı idxal edib, qablaşdırıb və ixrac etməklə məşğuluq. Bu addım sərfəlidir, gəlirli biznesdir. Çünki topdansatış qiymətə açıq şəkildə çay almaq daha ucuz başa gəlir. Məhsulu qablaşdırıb satanda isə daha çox gəlir gətirir. Bundan sonrakı dövrdə qiymətlər dünya bazarlarındakı qiymətlərdən asılı olacaq. Dünyada çay bahalaşdıqca avtomatik olaraq Azərbaycanda da çay bahalaşacaq".
O diqqətə çatıdırb ki, cənub bölgəsində indiki istehsal həcmindən 2-3 dəfə artıq çay yığılması mümkündür:
"Lakin çayçılıq ağır sahədir və illərə hesablanmış investisiyalar lazımdır. Bir çay kolunun əkilib-becərilməsi, məhsul verməsi 6 ilə başa gəlir. Azərbaycanda isə uzunmüddətli biznes layihələrinə maraq yoxdur. Əgər bankdan kredit götürüb çay kolu əksəniz 6 ilin sonuna götürdüyünüz məbləğin iki qatını faizlər şəklində ödəməli olacaqsınız. Bu da heç kəsə sərf etmir. Belə şəraitdə də çay kollarının sayı azalır".

"Xaricdən gətirilən çayların çoxu ən ucuz, 4-cü növ çaylardır. Burada sadəcə emal olunur, müəyyən komponentlər əlavə edilir və qablaşdırılır", - deyə o əlavə edib.

Çay bazarında araşdırma aparılıb
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan çay satışı bazarında araşdırma aparıb.
Xidmətin yaydığı məlumata görə, araşdırma zamanı əldə edilmiş materiallara əsasən bazarın əsas iştirakçıları olan "Sun Tea Çay Fabriki" MMC, "Sun Food" MMC, "Veysəloğlu" MMC, "Qida XXI" MMC və "Best-Tarım" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidməti araşdırma apararkən "Antiinhisar fəaliyyəti haqqında" qanuna və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli Sərəncamına əsaslanır.

Çayın idxalı da ixracı da artıb
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında Azərbaycana çay idxalı artıb. Belə ki, ölkəyə 61 milyon 492 min dollar dəyərində 11 min 930 ton çay gətirilib. Bu da həcm baxımından 0,4 faiz, dəyər baxımından isə 19,1 faiz çoxdur.
Cari ilin 10 ayında Azərbaycanın çay ixracı da kəskin artıb. Belə ki, 10 milyon 153 min dollar dəyərində 1626 ton çay ixrac edilib. Bu da həcm baxımından 81 faiz, dəyər baxımından isə 49 faiz çoxdur.
Sahələrdən yığılan çay isə azalıb. 2022-ci il noyabr ayının 1-nə kimi sahələrdən 954,2 ton (15,5 faiz az) yaşıl çay yarpağı yığılıb.
"Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"
Onu da bildirək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.
Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:
çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;
toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;
çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;
çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;
mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;
çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.
Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb.
Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını gücləndirəcək.

Yaşıl çay yarpağı yığımı 8,5 min tona çatdırılacaq
Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.

Xeberdar.net

Azərbaycanda ərzaqlardan ən çox çay bahalaşıb - Səbəblər, Qiymətlər, İnfoqrafika

  • 23-11-2022, 15:04
  • 173


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI