Bu il 3 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

342 5-12-2022, 16:15 cemiyyet

Bu il 3 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıbDaxili İşlər Nazirliyi əməliyyatlarla bağlı məlumat yayıb

Daxili işlər orqanları tərəfindən 2022-ci ilin əvvəlindən bu günədək 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində küllü miqdarda narkotik vasitə və psixotrop maddənin paytaxt ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı paytaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı Suraxanı rayonu ərazisindəki evindən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qatranı aşkarlanıb.

İlkin sorğu zamanı İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakıya gətirdiyini bildirib. Aparılan araşdırmalar nəticəsində İ.Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ