Sülhməramlıların davranışının məntiqi nəticəsi: “Aksiyalar mülki əməliyyatdır”

276 20-12-2022, 12:14 dunya

Sülhməramlıların davranışının məntiqi nəticəsi: “Aksiyalar mülki əməliyyatdır”İlham İsmayıl: “Azərbaycan Laçın yolunda nəzarətinin təmin olunmasını istəyir və bu tələbində israrlı olduğunu nümayiş etdirir”

Artıq 9-cu gündür ki, Şuşa-Laçın yolunda azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin aksiyası davam edir. Etirazçılar erməni separatçılarının ərazilərimizdəki təbii sərvətləri talan etməsinə “yox!” deyir, Rusiya sülhməramlı kontingentinin 10 noyabr Üçtərəfli Birgə Bəyanatın müddəalarınına uyğun davranmadığını, bu hərəkətlərə son qoyulmasını tələb edirlər.

Xankəndidəki separatçı ünsürlər isə dinc aksiyanı Azərbaycanın “humanitar böhran”, “soyqırımı siyasəti” kimi qələmə verir, beynəlxalq ictimaiyyətdən buna kəskin reaksiya verilməsini istəyirlər. Bəzi qüvvələr separatçıların səsinə hay verməmiş deyil. Müəyyən dairələrdən Azərbaycana aksiyaları dayandırmaqla bağlı çağırışlar edilir.

Görünən odur ki, etirazçıların tələbləri yerinə yetirilməyənədək dinc aksiyalar davam edəcək. Amma bu əsnada Azərbaycana təzyiqlərin artacağı ehtimalı da var.
Sülhməramlıların davranışının məntiqi nəticəsi: “Aksiyalar mülki əməliyyatdır”
Prosesləri AYNA-ya müsahibəsində dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, baş verənlər əslində mülki əməliyyatdır:

- İki ildən artıqdır ki, Rusiyanın sülhməramlı adlandırılan kontingenti özlərini elə aparıblar ki, indi baş verənlər onların davranışının məntiqi nəticəsidir. Rusiya hərbçilərinin addımları, sülhə xidmət etməyən davranışları Qarabağ ermənilərində, onların separatçı liderlərində ülluziya yaratdı ki, artıq Rusiya bölgəyə gəlib, məsələ bitib. Təbii ki, sülhlə bağlı irəliləyişin olmaması Rusiyanın da istəyinə uyğundur. Rusiya istəyir ki, münaqişə ocağı sönməsin, zaman-zaman hətta xırda alovlanmalar olsun, onların da regionda qalma müddəti uzansın. Bununla həm Ermənistana, həm Azərbaycana, həm də separatçı quruma təsirləri qalsın.

- Amma görünən odur ki, Azərbaycan bununla razı deyil...

- Təbii ki, razı deyil. Baş verənlər əslində Rusiyaya etirazdır. Azərbaycan Laçın yolunda nəzarətinin təmin olunmasını istəyir və bu tələbində israrlı olduğunu nümayiş etdirir. Amma bir qədər gecikmiş addımdır. Biz müharibə bitəndən bəridir deyirik ki, əgər Laçın yolunda Azərbaycanın Dövlət Sərhəd Xidməti fəaliyyətə başlamasa, gömrük postumuz olmalıdır. Əks halda, bizim problemlərimiz artacaq. Biz iki il müddətində gördük ki, Laçın yolundan artıq Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan addımlar atılır. Sonuncu dəfə İrandan terrorçu qruplar oradan Qarabağa keçirilmişdi. Bununla yanaşı, məlum oldu ki, hərbi texnikalar ərazilərimizə daşınır. Ona görə də bizim Laçın yolunda nəzarətimizin olması zərurətə çevrildi.

- Rusiya tərəfindən Qarabağa göndərilən, separatçı qurumun “dövlət naziri” Ruben Vardanyan Azərbaycana qarşı qarayaxma ilə məşğul olmaqdadır, beynəlxalq qurumlara “Azərbaycan humanitar böhran yaradıb” kimi müraciətlər edir. Bunun arxasında nə dayanır?

- Əlbəttə ki, o, təxribatla məşğul olmaq üçün Rusiya tərəfindən bölgəyə təlimatla göndərilmiş adamdır. Məqsəd də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının qarşısını almaqdır. Rusiya sülhü istəmir, bu cür təxribatçını ora yerləşdirməklə prosesə zərbə vurur. Hər gün sosial media hesabında təxribata, terrora çağırış edən bəyanatlar verir. Azərbaycan yolu bağlamayıb, faktiki olaraq oradan hər gün humanitar yüklər daşınır. Belə olan halda, Vardanyanın şüvənliyi nəyə lazımdır? Əlbəttə ki, o “humanitar böhran” təbliğatında maraqlıdır. İstəmir ki, yol açıq olsun, əksinə, təxribatlarının baş tutması üçün qızışdırıcı bəyanatlar verir. Məsələn, Qarabağ ermənilərinin içərisində bir qadın hüquq müdafiəçisi bəyan edib ki, azərbaycanlı aksiya iştirakçıları ilə danışmağa, humanitar məsələlərdə razılaşmağa hazır olduğunu bəyan etdi. Dərhal Vardanyan reaksiya verdi, ermənilərə “biz bu hərəkətləri etməməliyik” kimi xəbərdarlıq ünvanladı. Məqsəd odur ki, 100 illik “məzlum” ideologiyalarını canlandırsınlar. Guya Xankəndidə 120 min erməni əhalisi ac-susuz, qazsız qalıb, 40 min uşaq çətin durumdadır və s. Biz açıq şəkildə bildirmişik ki, humanitar yüklər daşınır, problem yoxdur. Yolu isə Azərbaycan yox, Rusiya sülhməramlıları bağlayıb. Buna baxmayaraq, yalan təbliğatlarını aparmaqda davam edirlər.

- Təbliğat demişkən, separatçılar Azərbaycana qarşı beynəlxalq aləmin bəyanatlar verməsinə çağırış edirlər. Dünən isə Roma Papasının Azərbaycana aksiyaları dayandırmaqla, yolu açmaqla bağlı çağırışı olub. Bunlar ölkəmizə hansı təzyiqlərlə nəticələnə bilər?

- Birincisi, Roma Papasına demək lazımdır ki, Azərbaycan yolu bağlamayıb, humanitar yüklər daşınır, hər şey də qaydasındadır. Ona yanlış məlumat verildiyini bildirmək lazımdır. Bununla da bizim diplomatik xidmətimiz məşğul olmalıdır. İkincisi, 30 il idi ki, Azərbaycan əraziləri işğalda idi, bir milyondan artıq məcburi köçkün insanımız humanitar böhran içərisində yaşadı. Həm də Qarabağdakı separatçı ünsürlər tərəfindən soyqırımılara məruz qoyulduq. O zaman Papa bir dəfə bəyanat verdimi? Əlbəttə, bu, təbliğatdan asılıdır. Görünür ki, bizim diasporamız, diplomatiyamız informasiya məkanında lazımi şəkildə işləməyib.

Azərbaycana təzyiqə gəlincə, bu təzyiqlər hər zaman olub. Bundan əvvəl də, indi də. Sadəcə biz haqlı savaşımızdan dönməməliyik. Orada nə edirik ki... Haqqımızı tələb edirik, dinc aksiya keçiririk. Ərazi bizim, yol bizim, istədiyimiz qədər aksiya keçirə bilərik. Buna kiminsə nəsə deməyə haqqı yoxdur.

Hesab edirəm ki, aksiyalar məqsədinə nail olanadək davam etməlidir. Aksiya nəticəsiz yekunlaşsa, bu, separatçıları ruhlandırar. Özlərin “qalib” kimi hiss etmələrinə imkan verməli deyilik. Biz aksiyalara o zaman son qoymalıyıq ki, Laçın yolunda sərhəd və gömrük postlarımız olmalıdır. Təzyiqlərə hökumət adekvat reaksiya verməlidir və məncə, verilir. Məsələn, aksiyanın ilk günü Rusiya Prezidenti Azərbaycan Prezidentinə telefon zəngi etdi. Hər kəs elə bilirdi ki, bundan sonra aksiyalar dayandırılacaq. Amma ondan sonra bir həftədir ki, aksiya davam etməkdədir. Bu o deməkdir ki, bizim maraqlarımızın qarşısını ala biləcək, “qırmızı xəttimizi” kəsə biləcək qüvvə yoxdur. 2016-cı il deyil ki, zəng edib deyələr ki, filan şeyi filan cür edin. Azərbaycanın Cənubi Qafqazdakı gücü ortadadır, bizimlə hesablaşılır. Eyni zamanda, təbii müttəfiqlərimiz, qardaş Türkiyə və İsrail kimi dəstəkçimiz var. Biz zəif, tərəfdaşsız dövlət deyilik ki, kimsə bizimlə diktə dilində danışsın.

XƏBƏR LENTİ