Prezident daha 1 sərəncam, 2 fərman imzaladı

238 20-12-2022, 16:57 cemiyyet

Prezident daha 1 sərəncam, 2 fərman imzaladıAzərbaycanda investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ təsdiq edilib.

Xeberdar.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə 3 milyon manatdır;

İnvestisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir:

- sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;

- turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;

- Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr;

- Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri;

Paylarının (səhmlərinin) 30 %-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə investisiya təşviqi sənədi verilmir.

Nazirlər Kabineti investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısını üç ay müddətində təsdiq, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyinə strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etmək, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əsas vəsaitlərin əldə olunması (alınması, istehsal edilməsi, tikilməsi və ya quraşdırılması) ilə bağlı ildə bir dəfə Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1519 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1519 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından “xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və” sözləri çıxarılsın;

1.2. preambuladan “xüsusi rütbəsi olan əməkdaşlarının və” sözləri çıxarılsın;

1.3. 1-ci və 4-cü hissələr ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra – Xidmət) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərini iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Xidmət xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri barədə təkliflərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Xeberdar.net

XƏBƏR LENTİ