İrəvan AP-da Bakıya qarşı yeni sənəd hazırlayıb...

175 14-03-2023, 14:45 dunya

İrəvan AP-da Bakıya qarşı yeni sənəd hazırlayıb...Hesab edirəm ki, işin içində Rusiyadakı bəzi siyasi mərkəzlər və Qarabağ klanının təxribatı var. 5 mart təxribatında da eyni fikirdə idim. Çünki Qarabağdakı separatçılar Paşinyandan daha çox Rusiyaya tabedirlər. Ona görə də tez-tez Moskvaya çağırılırlar. Baxın, bu yaxınlarda Ruben Vardanyan Rusiyada idi, ardınca isə Araik Arutyunyan ora getdi. Yəni təmaslar durmadan davam edir.

Bu sözləri Axar.az-a son günlər Ordumuzun mövqelərinin Ermənistan ordusu və rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki separatçılar tərəfindən atəşə tutulmasının səbəbləri haqqında danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyadakı bəzi siyasi dairələr və separatçılar rəsmi Bakının Qarabağdakı erməni sakinlərlə birbaşa təmasla bağlı fəaliyyətindən narahatdır:

“Düşünürəm ki, son təxribatların arxasında da adını çəkdiyimiz qüvvələr var. Niyə? Çünki Prezident Administrasiyası Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya ilə bağlı məsələlərin müzakirəsi üçün Bakıya çağırdı. Bu da Rusiyada müəyyən siyasi dairələrin narahatlığına səbəb oldu. Çünki Bakıda görüş keçiriləcəksə, Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur. Qarabağdakı görüş orada müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingentinin qərargahında olur və orada Volkovla digər rus zabitləri də iştirak edir. Bakıda isə buna heç bir gərək qalmır. Müzakirənin istiqaməti bəhs etdiyimiz formada dəyişsə, onda Rusiya prosesdən tədricən kənarlaşdırılacaq. 10 noyabr bəyanatına görə, əgər Azərbaycan müddətin bitməsinə altı ay qalmış uzadılma ilə bağlı müraciət etməsə, sülhməramlılar ərazimizdən tamamilə çıxmalıdır. Sülhməramlı kontingentin ölkəmizdən çıxarılması isə Rusiyadakı siyasi dairələrin maraqlarına cavab vermir. Separatçılar da Paşinyandan çox, Moskvaya tabedir. Fikrimcə, orduda da onlara bağlı hərbi qulluqçular, zabitlər var”.

Elxan Şahinoğlu Avropa Parlamentində bu gün ölkəmiz əleyhinə keçiriləcək dinləmələrə “fakt” toplamaq üçün də təxribatların törədilə biləcəyini vurğulayıb:

“Amma bütün bunlar Paşinyanı məsuliyyətdən azad etmir. Bizim qarşımızdakı Ermənistan dövlətidir və oradakı hökumətin başında Paşinyan dayanır. Ona görə baş verənlərə görə cavab verməlidir. Rəsmi İrəvan AB “mülki missiyası”nı təmas xəttinə gətirib və Azərbaycanın buna görə təxribatlara cavab verməyəcəyini düşünürlər. Lakin dövlətimiz AB-yə də məsələ ilə bağlı qəti xəbərdarlıq edib.

Dünən və bu gün Ordumuzun mövqelərinin atəşə tutulmasının bir başqa səbəbinin olması da mümkündür. Çünki bu gün ermənipərəst deputatlar Avropa Parlamentində ölkəmizin əleyhinə növbəti sənədin qəbul edilməsinə çalışacaqlar. Yəni Azərbaycanı cavab atəşi açmağa təhrik edib, bundan fakt kimi öz çıxışlarında və hazırlanan sənəddə istifadə etmək niyyətindədirlər”.

Politoloq hazırki vəziyyətdə diplomatiyamızın daha da fəallaşmasına, effektiv fəaliyyət göstərməsinə ehtiyacın olduğunu bildirib:

“Ordumuz mütləq şəkildə törədilən təxribatlara cavab verməlidir, diplomatiyamız fəallaşmalıdır. Yəni biz Avropa ilə enerji sahəsində əməkdaşlıq etdiyimiz, ticarət tərəfdaşı olduğumuzu, üstəgəl yaxın gələcəkdə oraya elektrik enerjisi ixrac edəcəyimizi deyirik. Bəs niyə AP-də ermənipərəst deputatlar dövlətimizi ittiham edəndə, günahlandıranda öz çıxışlarında Azərbaycanın lehinə danışan heç olmasa, beş-on nəfər deputat tapılmır? Dediklərimiz ABŞ Senatına və Fransa parlamentinə də aiddir. Təəssüflər olsun ki, diplomatiyamız zəifdir, ermənilər isə yaranan boşluqdan istifadə edirlər”.

XƏBƏR LENTİ