15:35
Xızıda dağlıq-meşəlik ərazi yanır.
Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
FHN-in “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.
***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.
Bu barədə FHN-dən bildirilib.
Yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.
***
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb.
Bu barədə FHN-dən bildirilib.
Ətraf ərazilər, o cümlədən meşə, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi və yaşayış sahələri yanğından mühafizə olunub, həmçinin yanğının Altıağac Milli Parkına keçməsinin qarşısı alınıb.