Dövlət katibi, ədliyyə naziri, Baş prokuror onlar olacaq....
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridadan olan senator Marko Rubionu rəsmən Dövlət Departamentinin rəhbəri vəzifəsinə irəli sürüb. “Associated Press” xəbər verir ki, bu barədə Respublikaçı keçid qrupunun yaydığı bəyanatda deyilir.
“O, xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizin sadiq dostu və düşmənlərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, - deyə agentlik Trampın sözlərindən sitat gətirir.
Rubio Senatın Kəşfiyyat Komitəsinin sədr müavini vəzifəsində çalışır. O, həm də Xarici Əlaqələr Komitəsinin üzvüdür. Rubio Çin, Kuba və İranın sərt tənqidçisi hesab olunur.
Senator Konqresdə Ukraynaya apreldə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biri idi. Lakin sentyabrda Rubio Rusiyanın tərəfində olmadığını, ancaq müharibə edən tərəflər arasında danışıqların tərəfdarı olduğunu bildirib.
Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Havay ştatından Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardın namizədliyini irəli sürüb. O, əvvəllər Demokrat Partiyasının üzvü olub və 2020-ci il prezidentlik kampaniyasında iştirak edib, lakin sonra Respublikaçılara dəstək verməyə başlayıb.
Qabbard prezident Co Baydenin Ukrayna ilə bağlı siyasətini tənqid edib, demokratları münaqişəni uzatmaqda ittiham edib.
Seçilmiş prezident Florida ştatından konqresmen Mett Gaetzin Baş prokuror vəzifəsinə namizədliyini irəli sürüb.
"O, cinayət təşkilatlarını sıradan çıxaracaq və amerikalıların Ədliyyə Nazirliyinə ciddi zədələnmiş inamını bərpa edəcək", - Tramp bildirib.
Nümayəndələr Palatasının Etika Komitəsinin Respublikaçı sədri Maykl Qost AP-yə bildirib ki, Matt Gaetzin Baş prokuror təyin edilməsi komitənin Florida konqresmeninə qarşı davam edən araşdırmasını dəyişdirmir. O, insan alverində və narkotik istifadəsində şübhəli bilinir.
Gaetz administrasiyada bir vəzifəyə təsdiq olunarsa, komitə artıq araşdırmanı davam etdirə və ya araşdırma ilə bağlı hesabatını dərc edə bilməyəcək.
“AzPolitika.info”