Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərən “Ağazade Electronics” mağazasının vətəndaşa qüsurlu məhsul satıb və sonradan məsuliyyətdən yayınıb.
Bu barədə Xeberdar.net-ə müraciət edən zərərçəkmiş Elnurə Əliyevanın sözlərinə görə, o, 3 mart 2025-ci ildə Sədərək Ticarət Mərkəzində (sıra 13, mağaza 70) yerləşən sözügedən mağazadan DSP firmasına məxsus, dəyəri 320 manat olan 10 litrlik xəmir yoğuran aparat alıb. Məhsula 1 il zəmanət verilsə də, cəmi 10 gün sonra sıradan çıxıb.
Şikayətçi bildirir ki, 12 mart tarixində məhsulu mağazaya qaytarsa da, mağaza müdiri Rəşad Ağazadə cihazın zavod qüsurlu olduğunu qəbul etsə belə, onu yenisi ilə əvəz etməyib:
“Cihazın qüsurlu olduğunu özləri də etiraf etdilər. Amma dəyişmək əvəzinə təmir edib geri qaytardılar. İlk istifadədə isə eyni problem yenidən ortaya çıxdı”.
E.Əliyeva deyir ki, daha sonra mağaza ilə əlaqə saxlamaq istəsə də, zənglərinə cavab verilməyib.
Onun sözlərinə görə, məsələ ictimailəşdirildikdən sonra mağaza tərəfindən yalnız təmir təklif edilib, lakin bu, onu qane etməyib:
“Dedilər yenə təmir edək. Mən isə artıq imtina etdim, çünki məhsul açıq-aşkar qüsurludur. Yenisi ilə dəyişdirilməsini tələb etdim”.
Şikayətçi 25 mart 2026-cı ildə Abşeron Ticarət Mərkəzində (korpus 29, mağaza 5) fəaliyyət göstərən eyni mağazaya müraciət etdiyini bildirir. Onun iddiasına görə, mağaza səlahiyyətlisi Rəşad Ağazadə bu dəfə daha sərt və kobud münasibət göstərərək məsuliyyəti tam inkar edib:
“Zəmanət talonunu tanımadığını dedi, məni günahlandırdı və ‘get polisə müraciət et’ cavabını verdi”.
Zərərçəkmiş məsələ ilə bağlı aidiyyəti qurumlardan mağazanın fəaliyyətinin araşdırılmasını və qanunamüvafiq tədbirlərin görülməsini tələb edir.
O, həmçinin digər vətəndaşlara çağırış edərək bildirir ki, satışdan sonra məsuliyyətdən yayınan mağazalardan uzaq dursunlar və məhsul alarkən diqqətli olsunlar.
Xeberdar.net olaraq qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net