“Geyilməmiş ayaqqabılar” antivətənpərvərlik filmidir – RESENZİYA

3 321 17-01-2018, 13:26 medeniyyet / gundem

“Geyilməmiş ayaqqabılar” antivətənpərvərlik filmidir – RESENZİYA
“Uşaq ayaqqabıları satılır. Geyinilməyib”. Heminquey məşhur hekayəsində çox az sözlə bir ailə dramının tablosunu çəkir, bütöv bir əhvalatın enerjisini ötürür. Üstəlik, oxucuya təfərrüatını anlatmadığı bu əhvalatın detallarını, yozumunu onun özünün qurması üçün bədii fürsətlər verir. Yəni çox ola bilsin ki, mənim gənc ailənin dramı kimi qavradığım bu qısa hekayə hansısa oxucunun yozumunda janr dəyişikliyinə də uğraya bilər.

Dünən Nizami Kino Mərkəzində Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” filmi nümayiş olundu. Rejissor 40 dəqiqəyə yaxın müddətdə bizə bir ailənin faciəsini danışa bilmədi.

Əhvalatdan birtəhər anlaşılan odur ki, Qarabağdan məcburi köçkün olan balaca Həsrət (Dəniz Həsənov) anasıyla (Gülzar Qurbanova) ən adi məişət rahatlığı olmayan evdə yaşayır. Uşaq yardım kimi verilən ayaqqabıları geyinmək istəmir. Ayaqqabıları ancaq azad olunmuş torpaqlarda geyinmək arzusu ilə yaşayır. Böyüyüb Qarabağın azad edilməsi uğrunda vuruşur. Və müharibədə ayaqlarını itirir. Ayaqqabıları isə o, Xankəndindəki “Geyilməmiş ayaqqabılar” muzeyinə təhvil verir.

Problem ondadır ki, filmin süjeti konkret, aydın təsvir olunmur, əvəzində xaotik, şüur axınına bənzəyən, əlaqəsiz kadrlar ard-arda düzülür. Belə təəssürat yaranır ki, bütöv film yox, ayrı-ayrı vizual parçalar izləyirsən.

Elə ilk səhnədəcə filmin adına uyğun olaraq ayaqqabı təsvirlərinə xüsusi vurğu olunur. Müəllif dramaturgiyanı bir ayaqqabı üzərində yox, saysız-hesabsız ayaqqabılar üzərində qurmağa çalışıb. Konflikt vəziyyətlər yaratmaq, onların detallarını hörmək, personajların psixoloji qatını araşdırmaq əvəzinə ayaqqabı təsvirləri təklif olunur: blokun ağzında uşaq niyəsə asfalta ayaqqabılarını çırpır, divarboyu düzülmüş ayaqqabılar gözə dəyir (bu ayaqqabılar kimindir, nəyi ifadə edir, niyə düzülüb), kürəyindən asılan ayaqqabıyla gedən cavan görünür ara-sıra (cavan hara, niyə gedir) və s. Sanki filmə yox, hansısa ayaqqabı fabrikinin məhsullarının reklamına baxırsan.

Müxtəlif planlarda təsvir olunan ayaqqabılar, yalın ayaq təsvirləri birləşib, hörgülənib bədii həll əmələ gətirmir, bir kadr o biri kadrı mənalandırmır, bir səhnə digər səhnənin davamını gətirə bilmir.

Qarabağ uğrunda vuruşan döyüşçülərin şəkillərinin, Şəhidlər Xiyabanının, yalın ayaqların funksiyasız təsvirləri (operator Elman Əliyev) filmi ölü publisistikayla yükləyir.
“Geyilməmiş ayaqqabılar” antivətənpərvərlik filmidir – RESENZİYA
Ümumilikdə film televiziya verilişlərinə xas estetikada, psevdopoetik, plakat pafosunda, ümumiləşdirilmiş obrazlarla çəkilib.

İlk epizodlardan birində uşaqlar həyətdə futbol oynayır. Futbol topunun üstünə Qarabağ yazılıb. Rəqib komandalardan iki oyunçu ayaqlarını topun üstünə qoyaraq meydan oxuyurmuş kimi bir-birinə baxır. Həsrət isə qəzəblə, gərginliklə onları izləyir. Sonra o topu götürüb evə aparır. Digər oyunçular isə skamyada arxası kameraya oturur. Onların ortasında isə Türkiyə bayrağının təsvirinin əks olunduğu köynək geymiş yeniyetmə, üzü kameraya əyləşərək, ağlamsınmış şəkildə irəli baxır. Müəllif Qarabağ konfliktinin bizim xeyrimizə həll olunmamasını başqa ölkələrin marağında olduğunu, ölkəmizə yalnız Türkiyənin dəstək verdiyini ifadə etməyə çalışıb.

Rejissor birbaşa, açıq ictimai-siyasi mesajın ifadəsinin bədii modelini işlənmək əvəzinə, bu məlum siyasi məsələni heç bir estetik məziyyətə söykənməyən, son dərəcə bəsit, bədii baxımdan yoxsul şəkildə simvolikləşdirməklə kifayətlənir. Üstəlik, bu simvolikləşdirilmiş səhnə əhvalatda zəruri görünmür, hiss olunur ki, o, fikrinin ifadəsi üçün onu filmə soxuşdurub.

Beləcə, rejissor simvollara meylləndiyindən, onlara çox qapıldığından film dramaturgiyası olmayan, təhtəlşüurudakı fikirlərin çiy təsviri kimi ortaya çıxıb.

Konflikt fərdlə müharibəni toqquşması müstəvisində qurulub. Hərçənd, bu konflikt heç bir qatda işlənilmir, sadəcə üzdən verilir.

Burada səmimi vətənpərvərliyin enerjisi yoxdur, o duyğulara toxunmur, düşündürmür. Film bildiyimiz həqiqətlərin sadəcə ritorik mətnidir. Müəllif müharibə mövzusuna yeni, individual baxış etmir, yeni söz demir, klişe fikirlərdən, təsvirlərdən yararlanır, emosional gücü musiqi bolluğu (bəstəkar Vyaçeslav Şulin), yüksüz uzun planlarla yaratmağa çalışır, gözlənilməz emosiyalar buraxmır, fərdin müharibədə düşdüyü psixoloji situasiyalar araşdırılmır, mənəvi çətinliyi göstərilmir. Rejissorun kino dili haqda təsəvvürü yoxdur.

Ümumiyyətlə isə “Geyilməmiş ayaqqabılar” vətənpərvərlik yox, antivətənpərvərlik filmidir.

XƏBƏR LENTİ