Təhsili olmayan millətdən nəsə gözləmək vaxt itkisidir

1 611 13-06-2024, 20:51 kose / gundem

Təhsili olmayan millətdən nəsə gözləmək vaxt itkisidir

Neçə gündür düşünüb amma cavab tapa bilmədiyim bir məsələni bölüşmək istəyirəm. Deməli, 3 dost eyni anda məktəbi bitirib universitetə qəbul imtahanı verirlər. Eyni şərtlər daxilində keçirilən imtahanın nəticəsində onlardan biri ADNSU-ya, biri AzTu-ya, üçüncüsü isə Pedaqoji universitetə daxil olur. Dörd ilin sonunda hər üçü müvəffəqiyyətlə universiteti bitirib diplom alırlar və hər şey bundan sonra başlayır. Birinci dost diplomunu qoltuğuna vurub gedib rahatlıqla neft-qaz sahəsində işləməyə başlayır, ikincisi çox rahatlıqla mühəndislik sahəsində fəaliyyətə başlayır, üçüncüyə isə deyirlər ki, baxmayaraq ki, sən də digərləri kimi eyni prosesləri keçib, eyni şəraitdə təhsil almısan, bizim sənə verdiyimiz diplomla sən əmək fəaliyyətinə başlaya bilməzsən. Bunun üçün sən əvvəlcə sertifikasiya imtahanı verməlisən. Kimsə mənə başa sala bilərmi ki, bu ayrı-seçkiliyin kökündə nə dayanır? Deyə bilərsiz ki, dövlət yəqin verdiyi təhsilin keyfiyyətindən əmin deyil. Onda bir neçə sual daha çıxır:

1. Pedaqoji universitetdə verilən təhsilin keyfiyyətindən əmin olmayan dövlət ADNSU yaxud AzTU-da verilən təhsilin keyfiyyətindən necə əmin ola bilir? Yoxsa oranı bitirmiş tələbələrin bilik səviyyəsi qəti önəm daşımır? “Mühəndisdir də, səhv edə-edə öyrənər” kimi yanaşılır?

2. Necə olur ki, həmin pedaqoji universitetin tələbəsi öz diplomunu qoltuğuna vurub gedib xarici dövlətlərin birində rahatlıqla müəllim işləyə bilir, amma bu diplomu ona verən öz vətənində bunu edə bilmir?

3. 4000 müəllim sertifikasiya imtahanından kəsilirsə, normalda dövlət gedib pedaqoji universitetin fəaliyyətini dayandırmalı və araşdırmalara başlamalı idi ki, ay hörmətli universitet rəhbərliyi, siz burada nə işlə məşğulsunuz ki, sizin tələbələr imtahandan keçə bilmirlə?! Göstərin görək necə olur ki,sertifikasiya imtahanından keçə bilməyən 4000 müəllim bu universitetdə bütün fənlərdən qiymət almağa müvəffəq olub?

Bu cür sualları istənilən qədər uzatmaq olar, amma dediyim kimi, universitet cəzalandırılmadıqca, təhsil naziri barədə ölçü götürülmədikcə, heç nə dəyişməyəcək, dəyişə də bilməz.
İndi isə ölkədə təhsil sahəsində edilməli olan dəyişikliklər barədə bəzi fikirlərimi bölüşmək istərdim.

1. Evlərdə repetitor hazırlıqları qanunla qadağan edilməlidir. Məktəbdən kənar
hazırlıqlar yalnız xüsusi kurslarda aparılmalıdır. Həmin kurslara məktəb
proqramını qabaqlamaq qadağan edilməlidir.
2. Orta məktəblərdə tədris yalnız 9-cu sinfə kimi olmalıdır. 9-cu sinfin sonunda bütün şagirdlər attestat almalıdır. Təhsilini davam etdirmək istəyənlər 9-cu sinfin sonunda əlavə imtahana cəlb olunmalıdırlar. Təhsilin davamı, yəni 10-11-ci siniflər yalnız xüsusi dar təmayüllü gimnaziyalarda aparılmalıdır.
3. Gimnaziyalardan məzun olmuş şagirdlər heç bir imtahan vermədən oxuduğu
gimnaziyanın istiqamətində istənilən ali təhsil müəssisəsinə imtahansız qəbul
edilməlidir.
4. Universitetlərin və Ali Məktəblərin statusu müəyyənləşdirilməlidir. Məsələn,
Bakı Ali Neft Məktəbi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti eyni
statusa malik olmamalıdır. Ümumiyyətlə, bütün dünyada Universitetlər Ali
Məktəblərdən daha yüksək statusa malikdir.
5. Bütün universitetlərin regional filialları yaradılmalıdır.
6. Universitetlərə qəbul olunan və məzun olan tələbələrin sayı ciddi nəzarətə
götürülməlidir. Bir universitetə qəbul edilən tələbələrin sayı ilə 8 semestr
sonra məzun olan tələblərin sayı eynilik təşkil edirsə, bu, yalnız rüşvətin və
digər qanunsuzluqların olması anlamına gələ bilər.
7. Diplom almış müəllimlərin işə qəbulunda DİM-də imtahan vermələri ləğv
edilməlidir. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi bir qurum olaraq ləğv
edilməlidir.

Məncə, hər kəs bilir ki, bir xalqın inkişafı yalnız və yalnız təhsilin səviyyəsi ilə mütənasibdir. Təhsili olmayaq millətdən nəsə gözləmək vaxt itkisidir. Digər tərəfdən də, təhsilli və savadlı millət mövcud totalitar hakimiyyət üçün təhlükə mənbəyidir. Elə məhz bu səbəbdəndir ki, hakimiyyət hal-hazırda insanlarımızı savadlandırmaq əvəzinə vermədiyi təhsilin acı nəticələrini müzakirə etməklə başını qatır.

ELman Pənahov


XƏBƏR LENTİ