Azərbaycan xalqı əsrlər boyu öz dövlətçiliyi və torpaqlarını qorumaq uğrunda mübarizə aparmışdır. Qarabağın işğalı dövründə isə xalqımız böyük itkilərə məruz qalsa da, mübarizə əzmini itirmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu mübarizə 2020-ci ildə böyük Qələbə ilə yekunlaşdı.
Lakin dövlət başçısının sözləri ilə desək, əsas hədəf yalnız torpaqları azad etmək deyil, həm də orada tam dövlət suverenliyini bərpa etmək idi. 2023-cü ilin payızında bu hədəf tam gerçəkləşdi. 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyev hər il 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Bu qərar xalqın yaddaşında əbədi iz qoyacaq hadisənin – Azərbaycan bayrağının Xankəndidə ucaldılmasının dövlət səviyyəsində rəsmiləşdirilməsidir. Bu günün qeyd olunması həm də gələcək nəsillərə vətənpərvərlik dərsi verir. Çünki bu torpaqların azad olunması minlərlə şəhidin qanı, milyonlarla insanın duaları və dövlətimizin güclü siyasəti nəticəsində mümkün oldu. Prezident İlham Əliyev 20 il əvvəl Prezident seçildiyi zaman xalqa söz vermişdi ki, ərazi bütövlüyü təmin ediləcək. Hər addımı bu məqsədə xidmət etdi: güclü ordu quruculuğu, diplomatik fəaliyyət, beynəlxalq təşkilatlarda haqq səsimizin çatdırılması və iqtisadi inkişaf. Nəticədə 2023-cü ildə Azərbaycan tam suverenliyini bərpa etdi. Dövlət başçısının sözləri ilə desək: “Azərbaycan xalqı uzun illər bu günü gözlədi. Hər kəs inanırdı ki, bayrağımız bir gün Xankəndidə dalğalanacaq və o gün gəldi”. Azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə aparılır. Qarabağ Universitetinin yaradılması, yeni yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, kəndlərin bərpası dövlətin planlı siyasətindən xəbər verir. Məqsəd bu torpaqları yalnız azad etmək yox, həm də ən inkişaf etmiş bölgələrdən birinə çevirməkdir. Xankəndidə keçirilmiş hərbi parad, futbol oyunu və müxtəlif mədəni tədbirlər bölgənin həyatına qayıdışını simvolizə edir. Bu hadisələr sübut edir ki, Qarabağ artıq Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün qeyd olunması bütün xalqı birləşdirən amildir. Bu gün həm qürur, həm də məsuliyyət günüdür. Qürurdur, çünki torpaqlarımız azad olunub, məsuliyyətdir, çünki həmin bölgələri dirçəltmək, inkişaf etdirmək hər birimizin vəzifəsidir. Prezident İlham Əliyevin səfərləri, çıxışları və həyata keçirdiyi tədbirlər sübut edir ki, Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənməyib, həm də orada həyatın bərpasına nail olur. 20 sentyabr tarixi dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir və bu günün qeyd olunması xalqımızın milli iradəsinin, liderinə olan etimadının və dövlətimizin gücünün təntənəsidir.
Milli Məclisin Deputatı
Şahin Seyidzadə