Naxçıvanda “İrşad” mağazasından alış-veriş edən bəzi sakinlər xidmət və zəmanət məsələləri ilə bağlı narazılıqlarını bildirirlər. Sakinlərin iddiasına görə, zəmanət müddətində nasazlıq yaranan məişət texnikasının təmiri və müştəriyə qaytarılması ilə bağlı problemlər yaşanır.
70 yaşlı Şəhriyar Abbasovun sözlərinə görə, o, Naxçıvan şəhərində yerləşən “İrşad” mağazasından soyuducu alıb. Onun bildirdiyinə görə, soyuducu avqust ayında işləməyib və üç dəfə təmirə aparılıb. Lakin hər üç müdaxilədən sonra problem aradan qalxmayıb.
Şəhriyar Abbasov iddia edir ki, soyuducu növbəti dəfə təmir üçün mağaza tərəfindən aparıldıqdan sonra ona qaytarılmayıb. Onun sözlərinə görə, məsələ ilə bağlı mağazaya etdiyi zənglərə də cavab verilmir.
Eyni problemlə üzləşdiyini bildirən Şərur sakini Namizəd Seyidov da “İrşad” mağazası ilə bağlı şikayətini ifadə edib.
Şikayətçilər mağazadan zəmanət öhdəliklərinin yerinə yetirilməsini və nasaz məhsullarla bağlı məsələlərin vaxtında həll edilməsini tələb edirlər.
Qeyd edək ki, sakinlərin digər iddiaları arasında məhsulların baha satılması və depozit adı ilə əlavə ödəniş alınması ilə bağlı şikayətlər də var. Bu iddialarla bağlı “İrşad” mağazasının mövqeyini öyrənmək üçün müraciət etdikdə, qarşı tərəfin cavabı da materiala əlavə ediləcək.
Məsələ ilə bağlı mağazanın rəsmi mövqeyini təqdim etməyə hazırıq.