Bu yazımı Qurani-Kərimdəki bir kəlamla başlamaq istərdim. "Vətəni sevmək imandan gəlir". Vətən təkcə torpaq, ərazi, yurd demək deyil. Vətən o vaxt vətən adlanır ki, orada insan məvhumu var. Hər kəs özlüyündə bir vətəndir. Vətən sən, mən, o və bizlərik. Bir sözlə insan hansı yerda doğulur, boya-başa çatır, hansı yerin torpağını əkib-becərir, suyunu içir, o yeri müqəddəs bir yer kimi qəbul edib onu qəlbən sevsə, ora vətəndir. Yazımın əvvəlində dediyim Kəlama bir daha qayıdıram. "Vətəni sevmək imandan gəlir”. Hər bir insan vətəninə ruhən bağlanırsa, onu canı qədər qoruyub saxlayarsa, özünü həməşə vətənə , torpağa, yurda borclu sayırsa, deməli bu sevgi ona daxili imandan gəlir. Hər kəsin vətənə öz sahəsi üzrə bir borcu var. O, özünün həyatda tutduğu vəzifə üzrə vətənə xidmətini əsl vətəndaş kimi göstərir. Bu xidmətlərin içində çox şey göstərmək olar. İstər hərbiçi, siyasi lider, alim, yazıçı, şair, həkim, müəllim, məmur və s. ol. Bunların hamisı eyni amala xidmət edir. Bu xidmətlərin görünən və görünməyən tərəfləri də var. Dahi liderimiz H.Əliyevin bir kəlamını xatırlatmaq istərdim: ”Vətənin azadlıgını goruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir”.
Mənim yazılarımın əksər hissəsi, demək olar ki, 80 faizi vətən mövzusunda, torpaqlarımız uğurunda şəhid olanlara, qazilərə, elindən-obasından didərgin salınan günahsızlara həsr olunub. Adlarını çəkdiyim mövzularda həm publisistik, həm şeir, həm də pyeslər kimi qələmə aldığım yazılarım оlub. Bugünkü yazımın mövzusu isə başqa bir sahəyə, yəni vətənə, xalqa, dövlətə və dövlətçiliyə xidmət göstərən dövlət məmurlarının biri haqqında olacaq. Əksərən dövlət məmurları haqqında yazılan yazılara başqa mövqedən baxırlar, sanki bir əvəzçilik kimi başa düşülür. Bəli, mən də çox vaxtlar yeri gəldi-gəlmədi nəyinsə xatirinə müəyyən məmurlar haqqında yazılan yazıları oxumuşam. Dövrümüzün bu zamanında belə təzadlarla rastlaşmışıq. Mənim yaradıcılığımın heç bir səhifəsində şəxsiyyətə pərəstiş mövzusunda yazılara rast gəlmək mümkün deyil. Bunu mənim imzamı tanıyanlar bilir. Onu demək istəyirəm ki, istər məmur, istər həkim, müəllim, fəhlə olsun hamısı bizimdir. Hər kəsin özünəməxsus xidmətləri var və bunu xalq da yaxşı görür. Gözəl şairimiz Cabir Novruzun bir sözü var “Sağlığında qiymət verin insanlara”. Mən həmişə bu sözü öz amalıma çevirmişəm. Hər bir kəsin qiymətini sağlığında vermək cəmiyyətində inkişafında bir təkandır.
Bu gün haqqında söhbət açacağım insan Həsənov Vaqif Bəhram oğludur. Həsənov Vaqif Bəhrəm oğlu 28 avqust 2018-ci ildən Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir. Mən burada hörmətli Vaqif müəllimin tərcümeyi-halını geniş şəkildə təqdim etməyi lüzum bilmirəm. Ona görə ki,Vaqif müəllimi hamı tanıyır. Mən isə standart olaraq tərcümeyi-halla kifayətlənən yazılardan kənaram. Əsas məqsəd Vaqif müəllimin öz doğma Ağdam torpağına bir İcra Hakimiyyətinin Başçısı kimi təyin olunandan sonra kənardan müşahidə edən bir vətəndaş, bir yazar kimi onun gördüyü işlərə, göstərdiyi fəaliyyətlərinin üzərinə işıq salmaqdır. Bu yazıda öz müşahidələrimi, gördüklərimi və öyrəndiklərimi qələmə alıram. Belə bir el deyimi var: “Bir nəfər hamı üçün yaxşı görünə bilməz” və yaxud “Görünən dağa nə bələdçi”. Mən Vaqif müəllimin fəaliyyətini ikinci el deyimi ilə eyniləşdirirəm. Vaqif müəllim xalqın içərisindən çıxan bir ziyalıdır. İlk vaxtlardan Vaqif müəllimin keçirdiyi iclasların, insanlarla ünsiyyət formasını, onlara göstərdiyi qayğını sezdim. Bəzən olur ki, belə məqamlarda bəzi məmurlarda sünilik nəzərə çarpır. Vaqif müəllim tam təbiidir, hər şeyə obyektiv qiymət verən bir ziyalıdır. Onu da qeyd edim ki, Vaqif müəllim Ağdama təyin olunan İcra Hakimiyyəti Başçılarının ən uğurlusudur. Onun Ağdam üçün ayağı da çox uğurlu oldu. Ağdamımız Ali Baş Komandanın rəhbərliyi və Şəhidlərimizin və qazilərimizin canı-qanı, ordumuzun şücaəti bahasına işğaldan azad olundu. Bu da bir Allah işidir. Mən ilk öncə Vaqif müəllimin göstərdiyi fəaliyyətlərinə, xalqla birgə apardığı işlərə toxunmaq istəyirəm.
Əvvala onu qeyd edim ki, 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın mənfur erməni hərbi birləşmələrindən azad olunması üçün əks-hücuma keçən ordumuz xalqla birlikdə yumruq kimi birləşərək əsl savaşa başladı. Həmin vaxtdan erməni hərbi birləşmələri bütün təmas boyu kəndləri və eləcə də arxa yaşayış məntəqələri artilleriya atəşinə tutaraq dinc əhali arasında təlafat törədirdilər. Rayon mərkəzi sayılan Quzanlı qəsəbəsi raket, top atəşi altında idi. Hamımız bunun şahidiyik. Həmin vaxtlar Vaqif müəllim bir an belə xalqın içindən ayrılmadı. Quzanlı Muğam Mərkəzinin zirzəmisində qərargah quruldu. Yaxın kəndlərdən evlərinə mərmi düşən yüzlərlə insan özünü Quzanlı qəsəbəsinə müxtəlif binalara pənah gətirmişdilər. Atəş nəticəsində evindən-eşiyindən qaçıb gələn uşaq, qoca, qadınlaraa kömək etmək, onları yerləşdirmək, verilən azuqələrin vaxtında çatdırılmasını təşkil etmək Vaqif müəllim üçün ən ümdə məsələ idi. Bundan başqa vətən uğurunda şəhid olan igidlərin dəfn olunmasında, xalqla birlikdə onların cənazəsinə girərək dəfnlərini təşkil edirdi. Vaqif müəllim həmin vaxtlarda şəhidlərimizin həməşə yad edilməsi üçün ayrıca Şəhidlər Xiyabanının salınmasını təşkil etdi. Bəli, hamımız deyə bilərik ki, bu hər birimizin borcu idi. Amma gəlin razılaşaq ki, heç də hər yerdə belə deyildi. Vaqif müəllimin şəhid ailələri və qazilərin problemlərini həll etməkdən vacib işi yoxdur. Müharibə bitdikdən sonra qarşıya çıxan bütün problemlərin həll olunması üçün görüşlər təşkil olunması və problemlərin yerində həll olunması üçün əməli işlər aparırdı. Onun ən böyük xüsusiyyəti olduqca sadə bir insan olması, hər tanıdığı insanın halını sormasıdır. Vaqif müəllimin qəbuluna düşmək heç vaxt çətin olmayıb. Hansı ki, başqa yerlərdə günlərlə qəbula düşmək olmur. Bu ondan irəli gəlir ki, Vaqif müəllim cənab Ali Baş Komandanın - ölkə Prezidentinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirir. Bu onun dövlətə və dövlətçiliyə sədaqət nümunəsidir. Əvvəllər aylarla mədəni-kütləvi tədbirlərin keçirilməsi müşkülə çevrilirdi. Şükürlər olsun ki, bu gün buna da son qoyulub. Şəhidlərimizə həsr olunmuş kitab təqdimatlarının keçirilməsi, Ağdam ziyalılarının, alim və yazıçılarının, musiqi sahəsində xidmətləri olan muğam ustalarının yubileylərinin keçirilməsi mütamadi hal alıb. Bütün bunlar Vaqif müəllimin hər bir sahəyə - mədəniyyətə, tarixə, təhsilə olan diqqətinin nəticəsidir. Onu bütün yas mərasimlərində görmək mümkündür. Hər kəsin dərdinə şərik olmağa çalışır.
Vaqif müəllim başçı təyin oldunduğu dövrdən bu günə kimi rayonda öz xeyirxah əməlləri ilə də yadda qalıb. Onlardan birincisi rayonun Xındırıstan kəndi ərazisində qəzalı vəziyyətdə və uçmaq təhlükəsində olan məscid binası yenidən rekonstruksiya edilərək 2 ədəd imarətin tikintisi işlərinin aparılması, binanın bünövrəsi gücləndirilmişdir. Divarlar beton kəmərlərlə quraşdırılaraq tam yararlı vəziyyətə gətirilmişdir. Məscidin ərazisində 100 nəfərlik kişi və 60 nəfərlik qadınlar üçün mərasim zalları inşa edilərək xalqın istifadəsinə verilmişdir. Məscidin ərazisində mişarlanmış əhəng daşından hasar çəkilmiş və hasarları ağlay tavanlarla üzlənmişdir. Bundan başqa Xındırıstan kəndi ərazisində 1,0 hektara yaxın ərazidə istirahət parkının tikintisi aparılmışdır, parkın ərazisində köhnə 2 mərtəbəli "Məişət evi" binası qəzalı və istismara yararsız olduğun üçün əsaslı şəkildə təmir olunmuşdur. 27 sentyabr 2025-ci ildə Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanı ərazisində "Şəhidlər evi" tikilərək şəhid ailələrinin istifadəsinə verilmişdir. Binada 120 nəfərlik kişilər üçün zal, 80 nəfərlik qadınlar üçün zal, dəstəmaz, mətbəx otaqları, sanitar qovşağı tikilmişdir. Bunların hamısı Vaqif müəllimin xalqa olan sevgisi, insanlara olan qayğısının nəticəsidir desək yanılmarıq. Mən bir az da rayonda aparılan digər işlərin üzərinə işıq salmaq istəyirəm. Belə ki, Ağdam rayonunun Üçoğlan kənd ərazisində "Eşq Abdal" ziyarətgahına gedən 2,4 km yola asfalt örtüyü salınmışdır. Quzanlı qəsəbəsi Heydər Əliyev prospektinin sonundan birinci Quzanlı qəsəbəsinə gedən bərbad olan 5,5 km yol tam asfaltlanaraq vətəndaşların istifadəsinə verilmişdir. Quzanlı qəsəbəsində Əşrəf Əliyev küçəsində 1,5 km yol işıqlandırılmışdır. Rayon ərazisində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində aparılmış yaşıllaşma tədbirləri zamanı rayon İcra Hakimiyyəti tərəfindən 15,2 ha ərazidə 8000 ədəd ağac, 6,0 ha ərazidə isə 39000 ədəd müxtəlif növ ağac tingləri və şitilləri əkilmişdir. Quzanlı qəsəbəsində daxili küçələrə 5000 kvadrat metr asfalt örtüyü salınmışdır. Ümumiyyətlə kəndarası yolların çınqıllanması və ya asfalt örtüklə örtülməsi Çəmənli, Xındırıstan, Quzanlı İmamqulubəyli kəndində də işlər aparılmış, yolların kənarına səkilərə daş piltələr döşənmişdir.
Vaqif müəllim hər zaman ən imkansız adamları diqqətdə saxlayaraq onlara maddi və mənəvi köməyini əsirgəməmişdir. Belə ki, Xındırıstan kənd ərazisində yaşayan çox imkansız şəxs Kərimova Çiçək Fərman qızına məxsun fərdi yaşayış evinin dam örtüyünü yeniləmiş və evdə əsaslı təmir işləri aparılmışdır. Bundan başqa Quzanlı qəsəbəsi "Daş evlər" adlanan ərazidə Vətən Müharibəsi şəhidi Əliyev Elmir Süleyman oğlunun vaxtı ilə yaşadığı, hazırda anasının istifadəsində olan ev də əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Belə siyahıları çox uzatmaq olar. Bu görülən işlərin az bir hissəsidir.
Məlumdur ki, Ağdam camaatı 1993-cü il işğalından sonra Respublikanın müxtəlif rayonlarında məskunlaşmışlar. Vaqif müəllim demək olar ki, respublikanın rayonlarında məskunlaşan bütün məcburi köçkünlərin yanında olmuş, onlarla yerində görüşərək qarşıya çıxan çətinlikləriylə dərindən maraqlanmış və hal-hazırda bu səyyar qəbul görüşlər davam edir. Məsələlər barədə müzakirələr aparılır və hər bir problemin yerində həll etməyə çalışır.
Mən yazımın sonunda Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Vaqif müəllimə uzun ömür can sağlığı, işlərində böyük müvəffəqiyyətlər arzulayıram və deyirəm ki, Siz olduğu kimi görünən insansınız Vaqif müəllim.
Nadir Qədimli
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü