Humanitar fəaliyyətə nəzarət: dövlətlərin suveren hüquqları və beynəlxalq təşkilatların məsuliyyəti

5 Bu gün, 19:44 siyaset

Humanitar fəaliyyətə nəzarət: dövlətlərin suveren hüquqları və beynəlxalq təşkilatların məsuliyyəti2023-cü ilin iyulunda BQXK-ya məxsus avtomobillərlə Laçın sərhəd-buraxılış məntəqəsindən mobil telefon, siqaret, yanacaq və digər malların keçirilməsinə cəhd edildiyi barədə Azərbaycan tərəfi məlumatlar açıqlamışdı. Bu iddialar humanitar missiya həyata keçirən beynəlxalq qurumların fəaliyyətinə nəzarət və onların toxunulmazlıq statusunun sərhədləri məsələsini gündəmə gətirmişdi.
Humanitar təşkilatların fəaliyyətindən sui-istifadə hallarının qarşısını almaq üçün dövlətlər hansı nəzarət mexanizmlərini tətbiq edə bilərdilər?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, beynəlxalq humanitar təşkilatların fəaliyyəti xüsusi hüquqi və mənəvi etimada əsaslanır. Beynəlxalq Qızıl Xaç Komitəsi kimi qurumlara verilən imtiyaz və toxunulmazlıqlar onların müstəqil, qərəzsiz və maneəsiz humanitar fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır. Lakin bu status heç bir halda qanunlardan kənarda fəaliyyət göstərmək hüququ demək deyil.

“Əgər BQXK-ya məxsus avtomobillərdən mobil telefon, siqaret, yanacaq və digər malların qanunsuz daşınması üçün istifadə edilməsi faktları təsdiqlənərsə, bu, ilk növbədə, humanitar missiyanın etibarlılığına ciddi zərbədir. Burada iki məsələni fərqləndirmək lazımdır: təşkilatın hüquqi statusu və onun əməkdaşlarının konkret qanunsuz əməllərə görə məsuliyyəti.

Beynəlxalq təşkilatların imtiyaz və toxunulmazlıqları, bir qayda olaraq, funksional xarakter daşıyır. Yəni bu imtiyazlar şəxsi və ya kommersiya maraqlarını deyil, təşkilatın rəsmi fəaliyyətini qoruyur. Deməli, humanitar missiyaya aid avtomobildən qaçaqmalçılıq məqsədilə istifadə edilməsi həmin əməli avtomatik olaraq toxunulmaz etmir. Belə hal müəyyənləşdirilərsə, məsul şəxslər barəsində hüquqi araşdırma aparılması, təşkilatın daxili intizam tədbirləri görməsi və zərurət yarandıqda toxunulmazlıq məsələsinin müvafiq qaydada nəzərdən keçirilməsi mümkündür”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, ayrı-ayrı əməkdaşların qanunsuz hərəkətləri avtomatik olaraq bütün təşkilatın hüquqi statusunun ləğvinə səbəb olmur. Bunun üçün təşkilatın özünün bu fəaliyyətə cəlb olunması, qanunsuzluqlara göz yumması və ya sistemli sui-istifadəyə yol verməsi kimi hallar ayrıca araşdırılmalıdır.

Anar İsayevin sözlərinə görə, ikinci mühüm məsələ dövlətlərin nəzarət hüququ ilə bağlıdır. Heç bir beynəlxalq humanitar təşkilatın fəaliyyəti qəbul edən dövlətin suverenliyini və qanunlarını tamamilə istisna edə bilməz. Dövlətlər humanitar yüklərin daşınmasına şərait yaratmaqla yanaşı, onların təyinatına uyğun istifadəsinə də nəzarət etmək hüququna malikdirlər.
Politoloq hesab edir ki, bu məqsədlə bir neçə nəzarət mexanizminin tətbiqi mümkündür:
Humanitar yüklərin əvvəlcədən bəyan edilməsi və elektron qeydiyyatının aparılması;
Avtomobillərin və daşınan yüklərin risk əsaslı yoxlanılması;
Yüklərin mənşəyi, təyinatı və təhvil verilməsi prosesinin sənədləşdirilməsi;
Beynəlxalq təşkilatlarla birgə monitorinq və müstəqil audit mexanizmlərinin yaradılması;
Qanun pozuntusu təsdiqləndikdə məsul şəxslərin müəyyənləşdirilməsi və hüquqi tədbirlərin görülməsi.
Bununla belə, nəzarətin humanitar missiyanın fəaliyyətinə əsassız maneəyə çevrilməməsi vacibdir. Yoxlamalar beynəlxalq hüquqa, təşkilatla bağlanmış razılaşmalara və humanitar prinsiplərə uyğun həyata keçirilməlidir.

Politoloq hesab edir ki, humanitar status imtiyazdır, lakin qanunsuz fəaliyyət üçün immunitet deyil. Beynəlxalq humanitar təşkilatlar dövlətlərin etimadından və onlara verilən xüsusi hüquqi təminatlardan sui-istifadə etməməlidirlər. Eyni zamanda, dövlətlər də nəzarəti humanitar fəaliyyətin qarşısını almaq vasitəsinə çevirməməlidirlər.

Əslində, bu məsələnin mahiyyəti çox sadədir: humanitar fəaliyyət qorunmalıdır, lakin humanitar missiyanın adı altında həyata keçirilən qanunsuz fəaliyyət toxunulmaz sayıla bilməz. Beynəlxalq hüququn qoruduğu məhz humanitar missiyadır, həmin missiyadan sui-istifadə edənlərin maraqları deyil.

İradə Cəlil, Bizimyol.info

XƏBƏR LENTİ