
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bu baxımdan dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik bərpa edildi və müstəqil dövlət quruculuğu üçün zəruri zəmin formalaşdı. Yeni Konstitusiyanın hazırlanması dövlətin müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi sistemin qurulması və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından prioritet məsələyə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarıldı. Seçicilərin 86 faizi səsvermədə iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsini dəstəklədi. Noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müstəqil Azərbaycan dövlətinin siyasi-hüquqi sistemini müəyyənləşdirdi. Bu hadisə suveren dövlətin öz daxili idarəçilik prinsiplərini, hüquqi əsaslarını və strateji məqsədlərini xalqın iradəsi ilə təsbit etməsi demək idi. Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması başlıca strateji məqsədlər sırasında yer aldı. Eyni zamanda demokratik cəmiyyətin formalaşdırılması, vətəndaş cəmiyyətinin bərqərar olması, qanunların aliliyini təmin edən hüquqi və dünyəvi dövlət qurulması, bazar iqtisadiyyatına xas münasibətlərin inkişafı kimi hədəflər müəyyən edildi. Bu prinsiplər müstəqil Azərbaycanın yalnız siyasi müstəqilliyini deyil, həm də həmin müstəqilliyin hüquqi, iqtisadi və ictimai əsaslarını möhkəmləndirmək niyyətini ifadə edirdi. Konstitusiyanın qəbulundan sonrakı dövrdə dövlət idarəçiliyinin və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Konstitusiyada hakimiyyət bölgüsünün əsas prinsipləri müəyyən edildi, insan və vətəndaş hüquqlarının müdafiəsi dövlət hakimiyyətinin bütün qolları qarşısında mühüm vəzifə kimi təsbit olundu. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarəti mexanizminin formalaşması baxımından əhəmiyyətli hadisə idi. Bu təsisatın yaradılması Konstitusiyanın aliliyinin təmin edilməsi və hüquqi dövlət prinsiplərinin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu.
Zaman keçdikcə ölkənin sosial-siyasi və iqtisadi reallıqları dəyişdi, dövlət idarəçiliyi qarşısında yeni tələblər meydana çıxdı. Bu səbəbdən Konstitusiyaya referendum yolu ilə bir neçə dəfə əlavə və dəyişikliklər edildi. 2002-ci il avqustun 24-də keçirilmiş referendumla 24 maddəyə 29 dəyişiklik, 2009-cu il martın 18-də keçirilmiş referendumla 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik qəbul edildi. 2016-cı il sentyabrın 26-da isə Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının daha səmərəli qorunması və hüquqi təminatların genişləndirilməsi məqsədi daşıyırdı. 2016-cı il dəyişiklikləri çərçivəsində Birinci vitse-prezidentlik institutunun yaradılması idarəetmə sistemində yeni təsisatın formalaşması ilə nəticələndi. Azərbaycanın müasir tarixində suverenlik anlayışının məzmununu daha da aktuallaşdıran ən mühüm hadisələrdən biri ərazi bütövlüyünün və suverenliyin tam bərpası oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad edilmiş ərazilərdə də bərqərar olması üçün tarixi şərait yarandı. Bu hadisələrin mahiyyəti yalnız hərbi-siyasi nəticələrlə məhdudlaşmır. Ərazi bütövlüyünün və suverenliyin bərpası dövlətin konstitusion prinsiplərinin ölkənin bütün ərazisində təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Müstəqil dövlətin Əsas Qanununun hüquqi qüvvəsi ölkənin hər bir guşəsində eyni şəkildə tanınmalı və tətbiq edilməlidir. Bu, dövlətin vahid hüquqi məkanının, suveren hakimiyyətinin və konstitusion quruluşunun bütövlüyünü ifadə edir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması məhz bu tarixi reallıqların siyasi və hüquqi baxımdan dəyərləndirilməsinin ifadəsi idi. Həmin il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qələbənin isə 5-ci ildönümü qeyd olunurdu. Bu iki əlamətdar hadisənin eyni ildə qeyd edilməsi Konstitusiya ilə suverenlik arasında mövcud olan dərin bağlılığı bir daha ön plana çıxardı. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. 2025-ci il fevralın 11-də isə həmin ilin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olundu. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi yalnız yubiley tədbirləri ilə məhdudlaşan təşəbbüs kimi qiymətləndirilməməlidir. Bu qərar müstəqil dövlətçiliyin hüquqi əsaslarının, suverenliyin əhəmiyyətinin və Konstitusiyanın cəmiyyət həyatındakı rolunun daha geniş şəkildə dərk edilməsinə xidmət edir. Konstitusiyanın qəbulundan ötən 30 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolu, dövlət institutlarının formalaşması, hüquqi sistemin təkmilləşdirilməsi və ərazi bütövlüyünün bərpası vahid tarixi prosesin mühüm mərhələləridir. Konstitusiyanın 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də bu prosesə verilən qiymətin göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il oktyabrın 10-da qəbul edilmiş Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir. Bu medal Konstitusiyanın hazırlanmasına və təkmilləşdirilməsinə, onun təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verən şəxslərin xidmətlərinin qiymətləndirilməsini nəzərdə tutur. Bu yubiley medalı Konstitusiyanın inkişafına və onun prinsiplərinin həyata keçirilməsinə töhfə verən insanların əməyinə verilən qiymətlə yanaşı, hüquqi dövlət quruculuğunun davamlı xarakter daşıdığını da göstərir. Konstitusiya yalnız qəbul edildiyi tarixlə ölçülən sənəd deyil. Onun əhəmiyyəti dövlətin və cəmiyyətin həyatında necə tətbiq olunması, hüquqi münasibətləri necə tənzimləməsi və vətəndaşların hüquqlarını hansı səviyyədə təmin etməsi ilə müəyyən olunur.
Suverenliyin bərpasından sonra Azərbaycanın qarşısında duran vəzifələrdən biri də ölkənin bütün ərazilərində vahid hüquqi məkanın möhkəmləndirilməsi və konstitusion prinsiplərin ardıcıl tətbiqidir. Dövlətin müstəqilliyinin qorunması, milli maraqlara əsaslanan siyasətin davam etdirilməsi və hüquqi sistemin təkmilləşdirilməsi bu prosesin mühüm istiqamətləridir. Konstitusiyada müəyyən edilmiş strateji məqsədlər bu gün də dövlət siyasətinin hüquqi əsasını təşkil edir. İnsan hüquq və azadlıqlarının müdafiəsi də suveren dövlətin əsas vəzifələrindən biri olaraq qalır. Konstitusiyanın 48 maddəsinin birbaşa bu məsələlərə həsr olunması Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi əhəmiyyəti göstərir. Dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlətin hüquqi mahiyyətini müəyyən edən əsas prinsiplərdəndir. Suverenliyin möhkəmlənməsi hüquqi dövlət quruculuğunun və vətəndaş hüquqlarının təmin edilməsinin əhəmiyyətini azaltmır, əksinə, bu prinsiplərin daha dolğun həyata keçirilməsi üçün imkan yaradır.
Prezident İlham Əliyevin Konstitusiyanın tarixi roluna verdiyi qiymət də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiyanın Azərbaycan xalqının müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidini təsbit etdiyini vurğulamışdır. Bu sənədin müəllifinin Ümummilli Lider Heydər Əliyev olduğunu qeyd etməklə, Konstitusiyanın hazırlanmasında və müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha önə çəkmişdir.
Beləliklə, Azərbaycan Konstitusiyasının 30 illik tarixi dövlət müstəqilliyinin möhkəmlənməsi, hüquqi institutların formalaşması, insan hüquqlarının müdafiəsi və suverenliyin tam bərpası ilə səciyyələnən geniş bir inkişaf yolunu əhatə edir. 1995-ci ildə xalqın iradəsi ilə qəbul edilən Əsas Qanun müstəqil dövlət quruculuğunun hüquqi təməlini yaratmış, sonrakı dəyişikliklər ölkənin inkişaf edən reallıqlarına uyğunlaşmanı təmin etmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu tarixi yolun mahiyyətini ümumiləşdirən mühüm siyasi qərar olmuşdur. Konstitusiya ilə suverenlik arasındakı bağlılıq Azərbaycanın müasir dövlətçilik modelinin əsas xüsusiyyətlərindən biridir. Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətini təmin edir, Konstitusiya isə həmin hakimiyyətin hüquqi çərçivəsini və həyata keçirilmə prinsiplərini müəyyənləşdirir. Bu iki əsasın vəhdəti müstəqil Azərbaycanın sabitliyinin, hüquqi inkişafının və gələcək hədəflərinə doğru inamla irəliləməsinin mühüm təminatıdır.
Şahin Seyidzadə
Milli Məclisin deputatı