
Beynəlxalq münasibətlər sisteminin ciddi sınaqlarla üzləşdiyi, münaqişələrin və geosiyasi rəqabətin qlobal gündəmi müəyyənləşdirdiyi müasir dövrdə beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyinə hörmət və davamlı sülhün təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu şəraitdə Azərbaycanın keçdiyi tarixi yol, ərazi bütövlüyünün bərpası və müharibədən sonrakı mərhələdə irəli sürdüyü sülh gündəliyi beynəlxalq diqqət doğuran mövzulardandır. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq siyasətə baxışını, ikili standartlara münasibətini və regional əməkdaşlığın gələcəyinə dair mövqeyini əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin “Ortaq gələcək naminə dialoq” mövzusunda forumdakı çıxışı beynəlxalq hüququn aliliyi, ikili standartlar, münaqişələrin həlli və dövlətlərin suverenliyinə hörmət məsələlərini ön plana çıxardı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlarda iştirak etdiyini, lakin bu prosesin nəticə vermədiyini vurğuladı. Onun fikrincə, münaqişənin uzanması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunmaması beynəlxalq sistemdə ciddi problemlərin mövcudluğunu göstərirdi. 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən Təhlükəsizlik Şurasının dörd qətnaməsinin uzun müddət icra edilməməsi beynəlxalq qərarların effektivliyi məsələsini yenidən gündəmə gətirir. Prezident bu təcrübədən çıxış edərək beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən real mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Beynəlxalq münasibətlər sistemində hüquqi normaların mövcudluğu qədər onların ardıcıl tətbiqi də əhəmiyyətlidir. Qərarların icrası siyasi maraqlardan və dövlətlərin gücündən asılı vəziyyətə düşdükdə beynəlxalq hüquqa inam zəifləyir. Bu isə yalnız konkret münaqişələrə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə mənfi təsir göstərir. Azərbaycanın mövqeyinə görə, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə eyni qaydada tətbiq olunmalıdır. Ərazi bütövlüyü, suverenlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri selektiv yanaşma predmetinə çevrilməməlidir.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycan ərazilərində uzun illər davam edən işğala son qoyulması ilə nəticələndi. Prezident İlham Əliyev çıxışında bu hadisələri Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsi və ərazi bütövlüyünü bərpa etməsi kontekstində təqdim etdi. Dövlət başçısının vurğuladığı digər mühüm məqam hərbi mərhələdən sonra sülh gündəliyinin irəli sürülməsidir. Azərbaycanın Ermənistanla sülh sazişi təşəbbüsü və 2025-ci ilin avqustunda Vaşinqtonda sənəd layihəsinin paraflanması regional münasibətlərin yeni mərhələyə keçidi baxımından əhəmiyyətli hadisələr kimi qiymətləndirildi. Burada diqqət çəkən əsas məqam müharibənin başa çatdırılması ilə sülhün qurulmasının fərqli proseslər olmasıdır. Hərbi qarşıdurmanın dayandırılması müəyyən siyasi və hüquqi nəticələr yaratsa da, davamlı sülhün təmin edilməsi üçün qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi tələb olunur.
Prezident İlham Əliyev müharibəyə başlamağın asan, onu bitirməyin isə çətin olduğunu vurğulayaraq Azərbaycanın təcrübəsinin digər münaqişələrin həlli baxımından öyrənilə biləcəyini bildirdi. Bu yanaşma münaqişələrin yalnız hərbi nəticələr əsasında deyil, onların siyasi səbəbləri və müharibədən sonrakı münasibətlərin qurulması kontekstində də qiymətləndirilməsinin vacibliyini göstərir. Cənubi Qafqaz üçün əsas məsələ əldə edilmiş nəticələrin uzunmüddətli sülhə çevrilməsidir. Bunun üçün sərhədlərin toxunulmazlığına hörmət, kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıq və region dövlətləri arasında proqnozlaşdırıla bilən münasibətlərin formalaşması mühüm əhəmiyyət daşıyır.
Prezidentin çıxışında xüsusi yer tutan mövzulardan biri ikili standartlar siyasətinə münasibət idi. Dövlət başçısı Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və onun humanitar nəticələri fonunda beynəlxalq reaksiyaların yetərli olmadığını vurğuladı. Azərbaycanın təqdim etdiyi mövqeyə görə, beynəlxalq hüquq normalarının pozulmasına münasibətdə fərqli yanaşmaların tətbiqi ədalət prinsipinə ziddir. Bir dövlətin ərazi bütövlüyünə dəstək verildiyi halda, başqa bir dövlətin oxşar hüquqlarının lazımi səviyyədə müdafiə olunmaması beynəlxalq münasibətlərdə etimad problemini dərinləşdirir. İkili standartlar yalnız münaqişələrə münasibətdə deyil, dövlətlərin daxili siyasi seçimlərinə və inkişaf modellərinə yanaşmada da özünü göstərə bilər. Müstəqil dövlətlərin siyasi qərarlarına, milli prioritetlərinə və həyat tərzinə hörmət beynəlxalq münasibətlərin əsas prinsiplərindən biri olmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin mesajı suveren bərabərlik və qarşılıqlı hörmət anlayışlarının əhəmiyyətini önə çıxarır. Beynəlxalq əməkdaşlığın davamlı olması üçün dövlətlər arasında münasibətlər təzyiq və diktə üzərində deyil, hüquqi bərabərlik və qarşılıqlı maraqlar əsasında qurulmalıdır.
Çıxışda Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə və müxtəlif güc mərkəzləri ilə əməkdaşlığına da diqqət yetirildi. Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin 2025-ci ilin aprelində, ABŞ ilə Strateji Xartiyanın isə həmin ilin avqustunda imzalanması Azərbaycanın xarici siyasətində mühüm istiqamətlər kimi təqdim edildi. Bundan başqa, Avropa İttifaqının üzv dövlətləri ilə strateji tərəfdaşlıq sənədləri ölkəmizin Avropa ilə münasibətlərinin inkişafını əks etdirir. Bu əlaqələr Azərbaycanın xarici siyasətində çoxşaxəliliyin əhəmiyyətini göstərir. Müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərin inkişaf etdirilməsi ölkənin beynəlxalq mövqeyini möhkəmləndirməyə, iqtisadi imkanlarını genişləndirməyə və regional proseslərdə iştirakını artırmağa xidmət edir. Azərbaycanın enerji təchizatında, nəqliyyat dəhlizlərinin inkişafında və regionlararası bağlantıların genişlənməsində oynadığı rol da bu kontekstdə mühüm əhəmiyyət daşıyır. Müasir infrastruktur, əlverişli coğrafi mövqe və qonşu dövlətlərlə münasibətlər tranzit imkanlarının reallaşdırılmasında əsas amillərdəndir. Dövlət başçısının çıxışında Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizindən bir qədər çox olması da iqtisadi dayanıqlılıq göstəricisi kimi qeyd edildi. İqtisadi imkanlar, siyasi müstəqillik və beynəlxalq tərəfdaşlıqlar ölkənin regional və qlobal proseslərdə iştirakını gücləndirən qarşılıqlı əlaqəli amillərdir.
Prezident İlham Əliyevin Bakı Forumundakı çıxışı bir-biri ilə əlaqəli iki mühüm xətti birləşdirdi: milli suverenliyin və beynəlxalq hüququn müdafiəsi, eləcə də dialoq və sülh vasitəsilə əməkdaşlığın genişləndirilməsi. Azərbaycanın təcrübəsi göstərir ki, dövlətlər üçün ərazi bütövlüyünün təmin edilməsi və milli maraqların qorunması əsas prioritetlərdəndir. Eyni zamanda, münaqişədən sonrakı dövrdə davamlı sülhün qurulması siyasi iradə, hüquqi öhdəliklərə sadiqlik və qarşılıqlı etimad tələb edir. Müasir dünya yeni münaqişələr, geosiyasi rəqabət və qeyri-müəyyənliklərlə üzləşdiyi bir vaxtda beynəlxalq hüququn universal prinsiplərinin qorunması daha böyük əhəmiyyət kəsb edir. Dövlətlərin suverenliyinə hörmət, qərarların icra mexanizmlərinin gücləndirilməsi və ikili standartlardan uzaq yanaşma beynəlxalq sistemə inamın bərpasına kömək edə bilər. Bakıdan verilən əsas mesaj ondan ibarətdir ki, sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yalnız siyasi bəyanatlar kifayət deyil. Ədalət, qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl olunması və dövlətlərin bərabərhüquqlu əməkdaşlığı real fəaliyyətlə möhkəmləndirilməlidir. Azərbaycanın qarşıya qoyduğu məqsədlərdən biri də öz milli maraqlarını qorumaqla yanaşı, regionda və daha geniş beynəlxalq məkanda sabitliyin və əməkdaşlığın inkişafına töhfə verməkdir.
Səyavuş Qasımov,
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent