
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib.
O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-a qədər ac və susuz vəziyyətdə saxlanılıb. Həmçinin ona Gürcüstanda qalmasının problem yarada biləcəyi və Azərbaycana qayıtmasının daha məqsədəuyğun olduğu deyilib.
Yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının rəsmi orqanlarının ciddi müdaxiləsindən sonra, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevin göstərişi ilə konsul Royal Paşayev hava limanına göndərilib. Görülən tədbirlər nəticəsində İbad Hüseynovun Gürcüstana giriş məsələsi həll olunub. Daha sonra o, səfirliyə aparılıb və səfir Faiq Quliyevlə görüşüb. Görüş səmimi şəraitdə keçib, İbad Hüseynova diqqət və hörmət göstərilib.
Qeyd edək ki, 23 oktyabr 2026-cı il tarixində Gürcüstanın Mtsxeta rayonunda “Vətənpərvərlik nümunəsi İbad Hüseynov — Azərbaycan-Gürcüstan dostluğu” adlı tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirin məqsədi İbad Hüseynovun qəhrəmanlıq nümunəsini təbliğ etmək və xalqlarımız arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
Bu hadisə ciddi narahatlıq doğurur və aidiyyəti qurumlar tərəfindən aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Milli Qəhrəmanına qarşı belə münasibətin göstərilməsi, onun saatlarla hava limanında saxlanılması və vəziyyətlə bağlı aydın izahat verilməməsi qəbuledilməz haldır.
Baş vermiş hadisənin obyektiv şəkildə araşdırılmasını və gələcəkdə oxşar halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini vacib hesab edirik. Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və diplomatik dialoq əsasında inkişaf etməlidir.