Qarabağın mənəvi irsinin təbliği üçün yeni mərkəz yaradılıb+video

89 Bu gün, 18:07 gundem


10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində, Gəncliyə Yardım Fondunun ofisində “Ağdam” Ədəbi İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəzinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Ağdam” Ədəbi İctimai Birliyinin sədri Rəfail Tağızadə Birliyin fəaliyyəti, həyata keçirdiyi təşəbbüslər və milli-mənəvi dəyərlərin qorunması istiqamətində qarşıya qoyduğu vəzifələr barədə məlumat verib. O, yeni yaradılan Mərkəzin Qarabağın zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu təşəbbüs Birliyin fəaliyyətinin yeni istiqamətlərlə genişlənməsinə və milli-mənəvi irsin daha sistemli şəkildə təbliğinə imkan yaradacaq.
Sonra söz “Ağdam” Ədəbi İctimai Birliyinin təsisçisi Nadir Kolanıya (Qədimli) verilib. Nadir Kolanı çıxışında Birliyin 1994-cü ildə yaradıldığını qeyd edərək onun əsas məqsədinin Ağdam rayonunun, onun tanınmış ziyalılarının, ədəbi-mədəni irsinin təbliğinə xidmət etmək olduğunu bildirib. O, Birliyin fəaliyyəti çərçivəsində ön xətdə xidmət edən Azərbaycan əsgərləri ilə mütəmadi görüşlərin keçirildiyini, bu görüşlərin hərbçilərə mənəvi dəstək göstərilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb, yeni yaradılan Mərkəzin də bu missiyaya töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə “Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəzinin sədri Taleh Əliyev Mərkəzin məqsəd və fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, əsas hədəflər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, Qarabağın tarixi-mədəni və mənəvi irsinin araşdırılması, gənclərin maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə, eləcə də beynəlxalq auditoriyaya çatdırılmasıdır. Bu məqsədlə elmi konfransların, maarifləndirici tədbirlərin, tədqiqatların və nəşr layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra “ Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi” kitabı haqqında həmmüəllif Fariz Xəlilli çıxış edərək kitabın Türkiyə və Azərbaycanda mövcud olan tarixi mənbələr əsasında hazırlandığını bildirib. O, Pir Məhəmməd Qarabağinin (Qara Pirim) irsinin daha dərindən öyrənilməsi istiqamətində yeni araşdırmaların davam etdirildiyini qeyd edib.
Tədbirdə iştirak edən Ağdam rayonunun Qarapirimli kənd sakini Elnur Bayramov Pir Məhəmməd Qarabağinin (Qara Pirimin) yaşadığı və adını daşıdığı Qarapirimli kənd icması adından təşkilatçılara təşəkkürünü bildirib. O, kənd icmasının Mərkəzin fəaliyyətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçılar yeni yaradılan Mərkəzin fəaliyyətinə uğurlar arzulayıb, Qarabağın tarixi-mənəvi irsinin qorunması və təbliği istiqamətində birgə təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.
“Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəzi qarşıdakı dövrdə elmi-tədqiqat, mədəni-maarifləndirmə, nəşr və gənclərlə iş istiqamətlərində fəaliyyət göstərərək milli-mənəvi dəyərlərin yaşadılmasına və Qarabağın zəngin irsinin gələcək nəsillərə çatdırılmasına töhfə verməyi hədəfləyir.

XƏBƏR LENTİ