Azərbaycan xalqının qəhrəmanlıq tarixi Vətənə sədaqət, torpağa bağlılıq və milli ləyaqət uğrunda mübarizə nümunələri ilə zəngindir. Bu tarixin ən parlaq səhifələrindən biri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsidir. Həmin müharibədə Azərbaycan əsgər və zabitləri misilsiz şücaət göstərərək xalqımızın uzun illər davam edən torpaq həsrətinin sona çatmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına mühüm töhfə verdilər. 27 Sentyabr – Anım Günü qəhrəmanlarımızın həyat yolunu, fədakarlığını və Vətənə olan sonsuz sevgisini xatırlamaq üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Bu gün hər birimiz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı ifadə edir, qazilərimizin göstərdiyi qəhrəmanlığı minnətdarlıqla yad edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimizin qəhrəmanlığını belə ifadə etmişdir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Bu fikirlər Vətən müharibəsinin qəhrəmanlarını yalnız hərbi uğurların müəllifləri kimi deyil, həm də xalqımızın milli qürurunun, iradəsinin və mənəvi gücünün daşıyıcıları kimi səciyyələndirir.
Vətən müharibəsində döyüşən hər bir Azərbaycan əsgərinin öz həyat hekayəsi, arzuları və gələcəyə dair planları var idi. Onların bir qismi ailəsinin qayğısını çəkən gənclər, bir qismi valideynlərinin dayağı olan övladlar, digərləri isə uzun illər hərbi xidmət göstərmiş peşəkar hərbçilər idi. Lakin bütün bu fərqli həyat yollarını birləşdirən ortaq məram Vətənə xidmət etmək, doğma torpaqlarımızı işğaldan azad etmək və Azərbaycan xalqının təhlükəsiz gələcəyini təmin etmək idi. Onlar döyüş meydanına yalnız silahla deyil, böyük inamla, qətiyyətlə və Vətən sevgisi ilə çıxmışdılar. Hər bir uğurlu əməliyyat, azad edilən hər bir yaşayış məntəqəsi onların fədakarlığının və birliyinin nəticəsi idi. Azərbaycan əsgərinin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki bu qəhrəmanlıq təkcə hərbi tariximizin deyil, həm də milli mənəviyyatımızın ayrılmaz hissəsidir.
Şəhidlərimizin həyat yolu gələcək nəsillərə Vətənə sədaqətin, məsuliyyətin və fədakarlığın nə demək olduğunu göstərir.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının və hərbi iradəsinin nümayişi oldu. Əsgər və zabitlərimiz mürəkkəb döyüş şəraitində, çətin relyefdə və ağır sınaqlar qarşısında böyük dözüm göstərdilər. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində aparılan döyüşlər Azərbaycan əsgərinin iradəsini, peşəkarlığını və Vətənə bağlılığını nümayiş etdirdi. Xüsusilə Şuşanın azad edilməsi əməliyyatı xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutur. Şəhərin azad olunması Azərbaycanın mədəni irsinin qorunması, tarixi torpaqlarımızın geri qaytarılması və milli qürurumuzun bərpası baxımından böyük əhəmiyyət daşıyırdı. Bu uğurların arxasında yalnız hərbi hazırlıq deyil, həm də döyüşçülərimizin mənəvi gücü, qarşılıqlı etimadı və Vətənə olan bağlılığı dayanırdı.
Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən biri xalqımızın vahid amal ətrafında birləşməsi idi. Cəbhədə döyüşən hərbçilərimiz arxa cəbhədə milyonlarla insanın dəstəyini hiss edirdilər. Həmin günlərdə Azərbaycan xalqı öz Ordusunun ətrafında sıx birləşdi. İnsanlar hərbi qulluqçularımıza mənəvi dəstək göstərir, şəhid ailələrinə yardım edir, yaralıların müalicəsinə töhfə verir və müxtəlif könüllü təşəbbüslərdə iştirak edirdilər. Xalqımızın birliyi müharibənin gedişində mühüm mənəvi amilə çevrildi. Hər bir azad edilmiş şəhər və kənd xəbəri insanlarımızda qürur və ümid yaradırdı. Müharibə dövründə səsləndirilən “Öldü var, döndü yoxdur” şüarı da bu qətiyyətin ifadəsi idi. Bu sözlər Vətən uğrunda mübarizə aparan insanların məqsədə bağlılığını, torpaqlarımızın azadlığına inamını əks etdirirdi.
Şəhidlik bir ailənin həyatında əvəzolunmaz itki, bütöv bir xalqın yaddaşında isə müqəddəs ehtiram mənbəyidir. Şəhid ailələrinin yaşadığı ağrını heç bir söz tam ifadə edə bilməz. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın valideynləri övladlarını, övladları atalarını, həyat yoldaşları isə ömür-gün yoldaşlarını itiriblər. Onların hər biri bizim üçün xüsusi ehtiram və diqqətə layiqdir. Şəhid ailələrinə qayğı göstərmək yalnız dövlətin deyil, bütün cəmiyyətin mənəvi borcudur. Bu ailələrin problemlərinin dinlənilməsi, sosial ehtiyaclarının qarşılanması, övladlarının təhsilinə və gələcəyinə dəstək göstərilməsi hər birimizin məsuliyyətidir. Şəhidlərimizin ailələrinə göstərilən diqqət onların fədakarlığına olan ehtiramın gündəlik həyatda təcəssümüdür.
Vətən müharibəsində sağlamlığını itirmiş, ağır yaralanmış hərbçilərimiz də xalqımızın qürur mənbəyidir. Onlar döyüş meydanında göstərdikləri şücaətlə yanaşı, müharibədən sonrakı həyatlarında nümayiş etdirdikləri iradə ilə də cəmiyyətimizə nümunə olurlar. Qazilərimizin sağlamlıqlarının bərpası, müasir protezlərlə təmin olunması, tibbi və psixoloji reabilitasiyası, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev yaralı hərbçilərimizin müalicəsi və normal həyata qayıtması məsələsinə xüsusi diqqət göstərildiyini vurğulamışdır: “Əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq.” Bu yanaşma qazilərimizin həyat keyfiyyətinin yüksəldilməsinin, onların cəmiyyətin fəal üzvləri kimi iştirakının təmin edilməsinin vacibliyini göstərir. Qazilərimizin hər biri öz həyat yolu ilə Vətənə xidmətin yalnız döyüş meydanında deyil, sonrakı həyat mübarizəsində də davam etdiyini nümayiş etdirir. Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərdə öz əksini tapır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması, qazilərin müalicəsi və sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Vətən müharibəsində göstərilən igidlik və şücaətə görə hərbi qulluqçular orden və medallarla təltif olunublar. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də Vətən müharibəsinin iştirakçılarına və ayrı-ayrı ərazilərin azad olunmasında fərqlənən hərbçilərə təqdim edilən medallar qəhrəmanlığın dövlət səviyyəsində tanınmasının ifadəsidir. Bu təltiflər həm də gələcək nəsillər üçün tarixi yaddaşın qorunmasına xidmət edir.
Şəhidlərimizin qəhrəmanlığını yaşatmağın ən mühüm yollarından biri onların həyat hekayələrinin gənc nəslə çatdırılmasıdır. Məktəblərdə, ali təhsil müəssisələrində və mədəniyyət ocaqlarında Vətən müharibəsinin tarixi, şəhidlərimizin həyat yolu və qazilərimizin qəhrəmanlığı haqqında məlumatların verilməsi gənclərin milli yaddaşının formalaşmasına xidmət edir. Gənclər bilməlidirlər ki, bu gün yaşadığımız müstəqil və suveren Azərbaycanın əldə olunması böyük fədakarlıqlar hesabına mümkün olub. Şəhidlərimizin adlarını daşıyan məktəblər, küçələr, parklar və xatirə guşələri bu yaddaşın qorunmasının mühüm vasitələridir. Zəfər parkı və Zəfər muzeyi də Azərbaycan xalqının qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
27 Sentyabr – Anım Günü qəhrəmanlarımızın fədakarlığına ehtiram göstərdiyimiz, onların bizə əmanət etdiyi dəyərləri bir daha xatırladığımız gündür. Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs fədakarlığı və qazilərimizin iradəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Bizim vəzifəmiz bu qəhrəmanlıq salnaməsini qorumaq, şəhid ailələrinə və qazilərimizə diqqət göstərmək, gənc nəsli Vətənə sevgi və məsuliyyət ruhunda yetişdirməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa, şəhid ailələrinə səbir diləyirik. Şəhidlərimizin qəhrəmanlığı xalqımızın əbədi qürur mənbəyidir!
Milli Məclisin deputatı
Şahin Seyidzadə