
Məncə, indi düşünməli və müzakirə etməli olduğumuz ən böyük problem Güney Azərbaycan və onun Turan birliyində oynayacağı roldur.
Yaxın Şərq problemləri ilə maraqlanan hər kəs bu seçkilərdə bir ümid axtarırdı. Xüsusilə, Türkiyə, İran və bəzi ərəb ölkələri indiki hökumətin əvəzlənəcəyini düşünürdü. Amma nə fayda?
İsraildə iqtidar və müxalifətin Yaxın Şərq məsələlərinə baxışında heç bir fərq yoxdur.
İsrailin təhlükəsizliyinə və qonşularla münasibətinə bütün siyasi partiyalar eyni pəncərədən baxırlar. Ona görə yox ki, mövcud vəziyyət bunu diktə edir, ona görə ki, əslində, İsrailin gələcəyi bu siyasəti şərtləndirir.
İsrail ərəb ölkələri, Türkiyə və İranla düşmən münasibətdədir. Bu, hər kəsə aydındır. (Bəzi ərəb ölkələri ilə neytral münasibət hələ düşmən olmamaq anlamına gəlmir və ya gələcək üçün təminat deyil.)
Bu düşmənçiliyin formalaşmasının əsas səbəbi Qərb müttəfiqlərinin İsrailə cızdığı “yol xəritəsinə” uyğun yürüdülən siyasətin nəticəsidir.
İsrail mövcud olmaq, dövlət qurmaq və inkişaf etmək üçün mütləq Qərb dairələrini, xüsusilə ABŞ-ı dinləməli, onun çəkdiyi cizgidən çıxmamalı idi. Elə də etdi. Bunun müqabilində ərəb dünyası parçalandı, onun təbii resursları mənimsənildi, Yaxın Şərqdə sülh əbədi sual altında qaldı, İslam birliyi xəyal oldu, İsrail isə texnoloji və müasir standartlara uyğun dövlət qurdu.
Bəs bu gün niyə İsrail Türkiyə, İran və ərəb dövlətləri ilə düşmən vəziyyətdə yaşayır?
Axı dünyadakı yeri və gücü etibarilə daha sakit yaşamağı və siyasətdə yumşaq gücü seçməli idi.
İsrail indi nədən narahatdır, niyə hamını özünə düşmən edir?
Səbəb sadədir – gec-tez Yaxın Şərq ölkələri (ərəb dünyası, Türkiyə, İran) İsrail və onun müttəfiqlərinin siyasətinə qarşı çıxıb, birləşməyə meyilli olacaqlar və ya onunla açıq, gizli əməkdaşlıqdan çəkiləcəklər. Bunu informasiya və texnologiyanın inkişafı diktə edir, artıq heç kim öz xalqı ilə kölə kimi davrana bilmir və ya bunun çətin olacağının fərqindədir. Dövlətlər siyasətlərini bir az da vətəndaşlar üçün gerçəkləşdirməyə, onların maraqlarını təmin etməyə məhkumdurlar. Yaxın Şərqdə ən birləşdirici ideologiya isə İslamdır. İslamla yanaşı, bir də ərəb millətçiliyi faktoru ortadadır.
Ərəb ölkələrinin də siması “Ərəb baharı”ndan sonra dəyişməyə başlayıb. Hətta ən qatı dindar siyasət yürüdən Səudiyyə Ərəbistanı və İran da bəzi güzəştlərə açılıb. Belə vəziyyətdə İsrail bu düşmənçilik siyasətini mövcud vəziyyətdə başqa cəbhəyə transfer edə bilməsə, onun gələcəyi bir dövlət kimi təhlükədə olacaq.
Məhz bunun üçün yeni bir dövlət yaradılmalı, İsrailin Türkiyə, İran və ərəb ölkələri ilə düşmənçiliyi həmin xalqa və dövlətə ötürülməlidir. Bu isə kürd xalqı və Kürdüstan dövləti olmalıdır.
Kürdlər ərəb ölkələrində (İraq və Suriya), Türkiyədə və İranda mübarizə aparırlar. Bu mübarizə hətta müharibə vəziyyətinə qədər gəlib çatıb. Demək, İsrailin yerini Kürdüstan tutmalıdır ki, Türkiyə, İran, ərəb ölkələri İsrailin yerinə üzlərini daha qanlı, həm də iç-içə mübarizə aparan kürdlərə çevirsinlər.
Diqqət etsəniz, Suriya və İraqda kürdlərə uzun müddət dəstək verən, onlara silahlanmaq üçün şərait yaradan da İsrail və müttəfiqləridir.
İndiki vəziyyətdə ABŞ-la İsrailin mövqeyi bu məsələdə üst-üstə düşmür. Yaxın Şərqin siyasi palitrasının dəyişməsi ABŞ-ın dünya supergücü kimi öz rolunu oynamasına qismən mane ola bilər. Buna görə Amerika daha çox idarəolunan ölkələr istəyir. Parçalanmış və ya yenidən dizayn edilmiş ölkələr isə üzünü Avropaya və ya Çinə tuta bilər ki, bu da Amerikanın planları ilə daban-dabana ziddir.
İrana qarşı başlayan hərbi əməliyyatlar da bu üzdən sona çatdırıla bilmir. İsrail İranın parçalanmasını, ABŞ isə idarə olunmasını istəyir, həm də öz əli ilə.
İsrail əvvəlcə İraqdan, daha sonra Suriyadan Kürdüstan çıxacağını, beləliklə də, problemin istiqamətini dəyişməyi düşünürdü. Bu variantlar uğur qazana bilmədiyi üçün kürd kartı indi bütün gücü ilə İran və Türkiyə üzərindən oynanılır.
Türkiyədə mübarizə xüsusilə yeni mərhələyə keçirilib - federasiya, dövlət quruluşunun dəyişdirilməsi, kürd dilinin də dövlət dili statusu alması və s. Təbii ki, bu, başlanğıcdır. Federasiya müstəqilləşmənin başlanğıcıdır. Türkiyə kimi bir ölkədə kürdlərin hamısı kürd mübarizəsinin içində deyildi. Səbəb isə gücə və zora söykənilməsi idi. İndi isə Türkiyədə müstəvi dəyişdirilib, daha çox dinc mübarizə kimi təqdim olunur. Bu isə milli kimlik məsələsində başlıca birləşdirici amillərdəndir.
İranda isə vəziyyət fərqlidir, orada daha çox gücə və silahlanmaya söykənən mübarizə xətti var. Ən zəif həlqə bu baxımdan İrandır.
İranın parçalanması İsrail üçün bir kürd dövlətinin yaranması, daha sonra İraq və Suriya, o cümlədən Türkiyə kürdlərinin də prosesə qoşulması ilə regionda böyük savaşın çıxacağı anlamına gəlir. Çox uzun müddət davam edəcək bu savaş İsraildən nəzər-diqqəti yayındıracaq, savaş olmayan ərəb ölkələri ilə müttəfiqliyi bu və ya digər şəkildə davam etdirmək mümkün olacaq. Bunun üçün mütləq müstəqilliyini elan etmiş Kürdüstan lazımdır.
İraq və Suriya bu məsələlərdən müvəqqəti də olsa yayına bilib, Türkiyə savaşı ideoloji müstəviyə daşıyıb. (Yanlış da olsa.)
Qalır İran. Orada ən optimal yol siyasi və hərbi xaos yaradaraq Kürdüstan yaradılmasına yol açılmasıdır. (Diqqət etsəniz, İsrail rəsmiləri bütün çıxışlarında İranın parçalanmasını xüsusi qeyd edirlər.)
Türkiyə və Azərbaycan bu məsələnin harasındadırlar və ya harasında olmalıdırlar?
Türkiyə İranın parçalanmasına qarşıdır və bunun səbəblərini yuxarıda göstərdim.
Azərbaycan bu parçalanmanı tarixi fürsət hesab edərək, özü qarışmadan prosesi iri güclərin və zamanın ixtiyarına buraxır.
Strateji müttəfiq, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə maraqlar baxımından toqquşur. Ortaq məxrəcə gəlmək mümkündürmü? Yoxsa, bu strateji fikir ayrılığı iki qardaşı bir-birindən soyudacaqmı?
Məncə, bu məsələ bu gün Türkiyə ilə Azərbaycan arasında ciddi müzakirə edilməli və ortaq maraqlar tapılmalı, türk dünyası üçün həyati əhəmiyyət kəsb edən məsələdə tərəflər birgə hərəkət etməlidir.
İlk növbədə, Güney Azərbaycanla Türkiyə arasında heç vəchlə Kürdüstan yaradılmasına imkan verilməməlidir. Bütün platformalarda bu məsələ duyurulmalı, hətta lazım gələrsə, İsraillə belə danışıqlar aparılmalıdır. Güney Azərbaycanla Türkiyənin ümumi sərhədi təxminən 400 km-dən çoxdur. Bu sərhədlərdə Kürdüstan yaradılmasına izn verilməsə (hər vəchlə), Türkiyə Kürdüstan məsələsinin onun ərazisinə daşınmasına və ya separatizmə böyük mənada qalib gəlmiş olacaq.
Türkiyənin, özəlliklə kürd kökənli vətəndaşlarının yaşadığı ərazilərlə İran ərazisində yaradılması planlaşdırılan Kürdüstanın quru sərhədi olmayacaq. Bu isə separatizmə vurulacaq ən böyük zərbə olacaq.
Yaxın Şərqdə bu qədər dağıdıcı və ağır proseslərin planlaşdırıldığı vaxtda Azərbaycan və Türkiyə xırda məsələləri deyil, Güney Azərbaycan məsələsini müzakirə etməli, Turan üçün açar olan bu labirintdən çıxış yolunu birgə tapmalıdırlar. Təkcə dövlət başçıları deyil, strateqlər, alimlər, bilim adamları yol xəritəsi hazırlamaq üçün masaya oturmalıdırlar. Bizim yerimizə bu problemi kimsə həll etməyəcək, əksinə, bizə problem yaradacaqlar.
İsrail Azərbaycanı özünün dostu hesab edirsə, mütləq Azərbaycanın qardaşı Türkiyənin də maraqlarını nəzərə almalı, Yaxın Şərqdə prosesləri qarşılıqlı anlaşma şəraitində həll etməlidir. Başqa cür dostluq olmaz. Mənim qardaşıma edilən düşmənçilik mənə olan münasibətdir.
P. S. Məncə, indi düşünməli və müzakirə etməli olduğumuz ən böyük problem Güney Azərbaycan və onun Turan birliyində oynayacağı roldur.
İqbal Ağazadə