Şahin Seyidzadə: Zəngilanın azad edilməsi Azərbaycanın dövlətçilik iradəsinin və milli birliyinin təntənəsi oldu.

18 Dünən, 21:42 sosial

Şahin Seyidzadə: Zəngilanın azad edilməsi Azərbaycanın dövlətçilik iradəsinin və milli birliyinin təntənəsi oldu.Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin gələcək inkişafı ölkəmizin iqtisadi potensialının genişləndirilməsi, regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və müasir infrastrukturun yaradılması baxımından yeni imkanlar açır. Bu prosesdə Zəngilan rayonunun xüsusi yeri vardır. Rayonun coğrafi mövqeyi, Araz çayı boyunca uzanan sərhəd xətti, kənd təsərrüfatı ənənələri, təbii ehtiyatları və həyata keçirilən nəqliyyat layihələri onun strateji əhəmiyyətini artırır. 20 oktyabr — Zəngilan Şəhəri Günü münasibətilə bu bölgənin keçdiyi tarixi yola nəzər salmaqla yanaşı, onun gələcək iqtisadi və geostrateji rolunu da qiymətləndirmək vacibdir. Zəngilanın azad edilməsi ərazi bütövlüyümüzün bərpası baxımından mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın cənub-qərb istiqamətində nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və enerji imkanlarının inkişafı üçün də yeni şərait yaradıb. Bu gün Zəngilanın inkişafına yalnız ayrı-ayrı tikinti layihələrinin məcmusu kimi baxmaq düzgün olmazdı. Burada həyata keçirilən işlər şəhərin və rayonun iqtisadi həyatını yenidən formalaşdırmağa, müasir yaşayış mühiti yaratmağa və ərazinin regional əlaqələr sistemində rolunu gücləndirməyə yönəlib.
Zəngilan rayonu şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Araz çayı boyunca yerləşməsi və regionun digər ərazilərinə çıxış imkanları rayonun nəqliyyat və iqtisadi əlaqələr baxımından əhəmiyyətini artırır. Zəngilanın yerləşdiyi mövqe tarixən təsərrüfat fəaliyyətinə, insanların hərəkətinə və ticarət əlaqələrinə təsir göstərib. Rayonun ərazisindən keçən Araz, Həkəri, Oxçuçay və Bəsitçay çayları onun təbii-coğrafi xüsusiyyətlərini müəyyənləşdirən mühüm amillərdəndir. Ərazidə tikinti daşı, qızıl, qara mərmər və əhəng xammalı kimi faydalı qazıntıların mövcudluğu da iqtisadi imkanların qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin və bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsi ilə rayonun inkişafı üçün yeni mərhələ başlandı. Zəngilanın azad olunması nəticəsində Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Bu, dövlət sərhədlərinin bütövlüyünün təmin olunması ilə yanaşı, bölgənin gələcək nəqliyyat və iqtisadi əlaqələri üçün də mühüm nəticə idi.
İşğaldan sonrakı dövrdə sərhəd boyunca müvafiq istehkam və mühafizə tədbirlərinin həyata keçirilməsi dövlət təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Təhlükəsizliyin təmin edilməsi isə yaşayış məntəqələrinin bərpası, investisiyaların cəlb olunması və iqtisadi fəaliyyətin genişləndirilməsi üçün zəruri şərtlərdəndir.
Zəngilanın gələcək inkişafında əsas istiqamətlərdən biri nəqliyyat infrastrukturunun genişləndirilməsidir. Müasir iqtisadiyyatın inkişafı üçün yolların, dəmir yollarının və hava nəqliyyatı imkanlarının əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu infrastruktur insanların hərəkətini asanlaşdırmaqla yanaşı, məhsulların daşınmasını, sahibkarlığın inkişafını və yeni iqtisadi əlaqələrin qurulmasını təmin edir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu baxımdan strateji əhəmiyyətə malik layihələrdəndir. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına uyğun uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulan infrastruktur Zəngilanın nəqliyyat imkanlarını genişləndirir. Hava limanının əhəmiyyəti yalnız sərnişin daşımaları ilə məhdudlaşmır. Gələcəkdə yükdaşımalar, turizm, biznes səfərləri və beynəlxalq əlaqələrin genişlənməsi baxımından da bu obyekt mühüm rol oynaya bilər. Hava nəqliyyatının avtomobil və dəmir yolları ilə əlaqələndirilməsi Zəngilanın daha geniş logistika sisteminin tərkib hissəsinə çevrilməsinə şərait yaradır. Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun inşası da bu strategiyanın mühüm elementidir. Dəmir yolu azad edilmiş ərazilərə vətəndaşların səfərlərini asanlaşdırmaq, yüklərin daşınmasını təmin etmək və sənaye müəssisələrinin logistika ehtiyaclarını ödəmək baxımından əhəmiyyətlidir. Xəttin birinci mərhələsinin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Dəmir yolu nəqliyyatının inkişafı iqtisadiyyatın müxtəlif sahələri arasında əlaqələri gücləndirə bilər. Kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının və sənaye istehsalının daşınması üçün daha əlverişli imkanların yaradılması istehsalçıların bazarlara çıxışını genişləndirir. Bu, həm də logistika xərclərinin optimallaşdırılması və iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu isə bölgənin nəqliyyat əlaqələrinin inkişafına xidmət edən digər mühüm layihədir. Ümumi uzunluğu 126,3 kilometr olan yolun illik buraxılış qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur. Layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılıb. Bu yolun əhəmiyyəti onun yalnız yaşayış məntəqələri arasında hərəkəti təmin etməsi ilə ölçülmür. Avtomobil yolu sənaye və kənd təsərrüfatı müəssisələrinin, logistika mərkəzlərinin və digər iqtisadi obyektlərin fəaliyyətini əlaqələndirmək üçün də mühüm imkanlar yaradır. Nəqliyyat infrastrukturunun bütöv sistem kimi inkişafı Zəngilanın regional iqtisadi əlaqələrdə rolunu gücləndirə bilər.
Zəngilanın nəqliyyat potensialından danışarkən Zəngəzur dəhlizi ilə əlaqəli layihələrə də diqqət yetirmək lazımdır. Regionda kommunikasiyaların inkişafı, nəqliyyat marşrutlarının şaxələndirilməsi və yükdaşımaların genişləndirilməsi Azərbaycanın uzunmüddətli iqtisadi maraqları baxımından əhəmiyyətlidir. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu bu ərazidə nəqliyyat infrastrukturunun inkişafına xidmət edən layihələrdir. Onların əlaqələndirilmiş fəaliyyəti bölgədə logistika imkanlarının genişlənməsi üçün zəmin yarada bilər. Nəqliyyat dəhlizlərinin iqtisadi əhəmiyyəti təkcə tranzit imkanlarından ibarət deyil. Müasir logistika sistemi ətrafında anbar təsərrüfatı, yükdaşıma xidmətləri, təmir və texniki xidmət müəssisələri, ticarət və emal sahələri də inkişaf edə bilər. Bu isə əlavə məşğulluq imkanları və yeni sahibkarlıq təşəbbüsləri deməkdir. Zəngilanın strateji mövqeyindən səmərəli istifadə edilməsi üçün nəqliyyat layihələri ilə yerli istehsalın inkişafı arasında əlaqə qurulmalıdır. Əgər bölgədə istehsal olunan məhsullar müasir logistika imkanları vasitəsilə daxili və xarici bazarlara daha səmərəli çatdırılarsa, infrastruktur investisiyalarının iqtisadi nəticələri daha geniş miqyasda hiss olunar.
Zəngilanın iqtisadi inkişafında kənd təsərrüfatı ənənələri xüsusi yer tutur. Rayonun təsərrüfat həyatı tarixən əkinçilik, heyvandarlıq və arıçılıqla bağlı olub. İşğaldan əvvəl burada çoxsaylı kolxoz və sovxozlar, kooperativlər və kəndli-fermer təsərrüfatları fəaliyyət göstərib. Doğma torpaqlarda həyatın bərpası bu iqtisadi ənənələrin müasir texnologiyalar əsasında yenidən inkişaf etdirilməsi üçün imkanlar açır. Bu istiqamətdə “Dost Aqropark” layihəsi diqqətəlayiq nümunədir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan aqroparkın tam fəaliyyətə başlaması ilə 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Layihəyə ümumilikdə 100 milyon dollar həcmində investisiya yatırılması planlaşdırılır. Aqroparkın birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı və 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, istirahət məkanları və xidməti heyət üçün yaşayış binaları yaradılıb. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalına başlanılıb. Növbəti mərhələlərdə 6 min hektar ərazidə bitkiçilik və texnika sahələrinin yaradılması, 10 min baş cins heyvanın yetişdirilməsi, toxumçuluq və şitilçilik istiqamətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. İnteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsinin qurulması, tutumu 100 min ton olan anbarın inşası da layihənin mühüm hissələrindəndir. Bu yanaşma kənd təsərrüfatının yalnız ilkin məhsul istehsalı ilə məhdudlaşmamasına xidmət edir. Məhsulun yetişdirilməsi, saxlanması, emalı, qablaşdırılması və bazara çıxarılması vahid istehsal zəncirində birləşdirildikdə iqtisadi səmərəlilik artır, itkilər azalır və əlavə dəyər yaradılır. Aqroparkın bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına olan tələbatının ödənilməsinə töhfə verməsi də nəzərdə tutulur. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market”in yaradılması planı isə yerli istehsalın tanıdılması və ixrac imkanlarının genişləndirilməsi baxımından diqqətəlayiqdir. Belə layihələrin uzunmüddətli uğuru istehsalın iqtisadi səmərəliliyi, bazar tələbatına uyğunluğu, peşəkar kadrlarla təminat və ekoloji tələblərə riayət olunması ilə bağlıdır. Buna görə də aqrar sektorun inkişafı müasir idarəetmə, texnologiya və insan kapitalına yatırılan sərmayələrlə müşayiət edilməlidir.
Zəngilanın gələcək inkişafında enerji təminatı xüsusi əhəmiyyət daşıyır. Yeni yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin fəaliyyət göstərməsi üçün etibarlı enerji infrastrukturu lazımdır. Bununla yanaşı, müasir inkişaf modeli enerji səmərəliliyinin artırılmasını və ətraf mühitə təsirin azaldılmasını da tələb edir. Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi alternativ enerji mənbələrindən istifadə baxımından əhəmiyyətli nümunədir. Həkəri çayı üzərində üç hidravlik turbindən ibarət Arximed turbini tipli su elektrik stansiyası inşa edilib. Hər turbinin gücü 212 kilovatdır. İnzibati binalarda isə ümumi qoyuluş gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Bu layihələr enerji mənbələrinin şaxələndirilməsi, yerli resurslardan səmərəli istifadə və dayanıqlı enerji təminatının formalaşdırılması baxımından əhəmiyyətlidir. Yaşayış evlərində istilik izolyasiyasının gücləndirilməsi, günəş kollektorlarından istifadə və enerji sərfiyyatının azaldılmasına yönəlmiş həllər də müasir ekoloji yanaşmanın tərkib hissəsidir. Zəngilanın təbii sərvətlərindən istifadə edilərkən ətraf mühitin qorunması əsas prioritetlərdən biri olmalıdır. İqtisadi inkişaf təbii ehtiyatların məsuliyyətli idarə olunması, su resurslarının qorunması və ekoloji tarazlığın saxlanılması ilə uzlaşdırılmalıdır. Bu yanaşma həm indiki sakinlərin rifahı, həm də gələcək nəsillərin maraqları baxımından vacibdir.
Zəngilanın təbii mənzərələri, tarixi abidələri, çayları və yenidən qurulan yaşayış məntəqələri turizm sektorunun inkişafı üçün geniş imkanlar yaradır. Turizm yeni iqtisadi fəaliyyət sahəsi olmaqla yanaşı, bölgənin tarixi və mədəni irsinin tanıdılması üçün də vasitədir. 2024-cü il mayın 18-də Ağalı kəndində “Ağalı” hotelinin açılması bölgədə turizm və xidmət infrastrukturunun inkişafı istiqamətində mühüm addım olub. Hotel Zəngilan şəhərindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotel, konfrans və iclas zalları, fitnes və spa mərkəzləri, hovuzlar, restoranlar və uşaq əyləncə mərkəzləri yaradılması nəzərdə tutulur. Kompleks ərazisində kotteclərin inşası da planlaşdırılıb. 2026-cı il mayın 10-da “Zangilan City Park Hotel”in təməlinin qoyulması şəhərin xidmət sektorunun genişləndirilməsinə yönəlmiş növbəti layihədir. Turizm sektorunun iqtisadi təsiri hotelçiliklə məhdudlaşmır. Bu sahə nəqliyyat, iaşə, ticarət, yerli məhsulların satışı, bələdçilik və mədəni tədbirlər üçün əlavə imkanlar yaradır. Turizm xidmətlərinin yerli sahibkarlıqla əlaqələndirilməsi bölgədə yeni iş yerlərinin açılmasına və iqtisadi fəallığın artmasına kömək edə bilər. Zəngilanın turizm potensialının reallaşdırılması üçün tarixi abidələrin qorunması, təbii ərazilərin mühafizəsi, xidmət keyfiyyətinin yüksəldilməsi və nəqliyyat əlçatanlığının təmin olunması vacibdir. Bu istiqamətlərdə əlaqələndirilmiş yanaşma rayonun uzunmüddətli turizm inkişafına töhfə verə bilər.
Bütün infrastruktur və investisiya layihələrinin son məqsədi insanların rifahının yüksəldilməsi olmalıdır. Zəngilanın iqtisadi inkişafı qayıdan sakinlərin məşğulluq imkanlarının genişləndirilməsi, peşə bacarıqlarının artırılması və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə müşayiət edilməlidir. 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailənin, Ağalı kəndində 234 ailənin, Məmmədbəyli kəndində isə 179 ailənin məskunlaşması Böyük Qayıdış prosesinin konkret nəticəsidir. Bu insanların doğma torpaqlarında uzunmüddətli və dayanıqlı həyat qurması üçün iqtisadi fəaliyyətin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məşğulluğun artırılması tikinti, xidmət, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr arasında əlaqələrin qurulmasını tələb edir. Yeni layihələrdə yerli əhalinin bilik və bacarıqlarından istifadə olunması, peşə hazırlığının təşviqi və kiçik sahibkarlığın inkişafı iqtisadi fəallığın genişlənməsinə kömək edə bilər. Zəngilanın inkişafı həmçinin müasir şəhərsalma ilə sosial rifah arasında tarazlığın qorunmasını tələb edir. Yaşayış evləri ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, səhiyyə və digər xidmət obyektlərinin yaradılması, rəqəmsal xidmətlərin əlçatanlığı və təhlükəsiz ictimai məkanların formalaşdırılması insanların doğma yurdlarında rahat yaşaması üçün mühüm şərtlərdir.
Zəngilanın gələcək inkişafında mədəni irsin qorunması ayrıca əhəmiyyət daşıyır. Rayon ərazisindəki Şərifan abidələri, Qız qalası, qədim yaşayış yerləri, türbələr, körpülər və digər memarlıq nümunələri bölgənin tarixi kimliyini əks etdirir. İşğal dövründə zərər görmüş abidələrin bərpası həm milli yaddaşın qorunması, həm də gələcək mədəni turizm imkanlarının genişləndirilməsi baxımından vacibdir. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidinin bərpası və onun yanında yeni məscidin inşası tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən işlərin nümunəsidir. Tarixi abidələr şəhərin yalnız keçmişini xatırlatmır, onun gələcək inkişafına da töhfə verə bilər. Düzgün mühafizə və təqdimat yanaşması sayəsində mədəni irs təhsil, tədqiqat və turizm üçün dəyərli resursa çevrilir. Bununla belə, iqtisadi məqsədlər tarixi abidələrin qorunması tələblərini üstələməməli, bərpa və istifadə işləri müvafiq mühafizə prinsiplərinə uyğun aparılmalıdır.
Zəngilanın strateji mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu, aqrar istehsal layihələri, alternativ enerji təşəbbüsləri və turizm imkanları rayonun gələcək iqtisadi potensialını formalaşdırır. Bu imkanların real nəticələrə çevrilməsi isə layihələrin əlaqələndirilməsindən, iqtisadi səmərəlilikdən, peşəkar idarəetmədən və insan kapitalının inkişafından asılıdır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu regionun əlaqəliliyini gücləndirir. “Dost Aqropark” kənd təsərrüfatında istehsal və emal imkanlarının genişləndirilməsinə xidmət edir. Ağalıda tətbiq edilən “ağıllı kənd” modeli müasir texnologiyaların və ekoloji yanaşmaların yaşayış mühitinə inteqrasiyasını nümayiş etdirir. Hotel və istirahət kompleksləri isə xidmət sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Bu layihələr vahid inkişaf strategiyasının tərkib hissəsi kimi fəaliyyət göstərdikdə Zəngilanın iqtisadi həyatının şaxələndirilməsinə, yeni məşğulluq imkanlarının yaradılmasına və əhalinin doğma torpaqlarında dayanıqlı məskunlaşmasına dəstək verə bilər. 20 oktyabr — Zəngilan Şəhəri Günü münasibətilə şəhidlərimizin xatirəsini ehtiramla yad edir, bu torpaqların azadlığı uğrunda mübarizə aparmış hərbçilərimizə minnətdarlığımızı bildiririk. Zəngilanın azad edilməsi Azərbaycanın dövlətçilik iradəsinin və milli birliyinin təntənəsi oldu. Bu gün isə həmin tarixi Qələbənin nəticələrini iqtisadi inkişaf, müasir infrastruktur və Böyük Qayıdış vasitəsilə möhkəmləndirmək vəzifəsi qarşıda durur. Zəngilanın gələcəyi yalnız yeni yolların, yaşayış komplekslərinin və istehsal müəssisələrinin tikilməsi ilə müəyyənləşməyəcək. Əsas nəticə bu imkanların insanların həyatında yaratdığı müsbət dəyişikliklərdə, yeni iş yerlərində, inkişaf edən sahibkarlıqda, qorunan mədəni irsdə və doğma yurda qayıdan ailələrin rifahında özünü göstərəcək. Zəngilan bu gün Azərbaycanın tarixi yaddaşını, iqtisadi imkanlarını və gələcəyə yönəlmiş inkişaf məqsədlərini birləşdirən mühüm məkandır. Onun davamlı inkişafı ölkəmizin azad edilmiş ərazilərdə quruculuq siyasətinin uğurunu möhkəmləndirməklə yanaşı, regionun iqtisadi və nəqliyyat əlaqələrində yeni perspektivlər açır.
Milli Məclisin deputatı
Şahin Seyidzadə

XƏBƏR LENTİ