
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 02 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi və geosiyasi həyatında baş verən mühüm dəyişikliklərin qiymətləndirilməsi, qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Çıxışda Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin tam bərpası, ölkənin beynəlxalq mövqelərinin güclənməsi, iqtisadi və hərbi potensialının artırılması ilə bağlı məsələlər geniş şəkildə öz əksini tapmışdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilmişdir. Çıxışda qeyd olunduğu kimi, Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərlə işğala son qoymuş, 2023-cü il sentyabrın 20-də isə separatizmə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu hadisələr Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri olmaqla yanaşı, ölkənin regiondakı mövqeyini də əhəmiyyətli dərəcədə dəyişdirmişdir.
Azərbaycanın əldə etdiyi Zəfər uzun illər ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətin nəticəsi kimi təqdim edilmişdir. Çıxışda vurğulanmışdır ki, Azərbaycan həm siyasi, həm diplomatik, həm də hərbi müstəvidə qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləmişdir. Müharibədən sonrakı dövrdə də ölkənin fəaliyyətinin əsas istiqamətlərindən biri ərazi bütövlüyünün tam bərpasına nail olmaq olmuşdur. Beynəlxalq müstəvidə aparılan ardıcıl maarifləndirmə və diplomatik fəaliyyət, eləcə də regionda həyata keçirilən tədbirlər nəticədə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə şərait yaratmışdır.
Cənab prezident çıxışındakı mühüm hissələrindən biri Yeni Azərbaycan Partiyasının yaradılması və onun Azərbaycanın dövlətçilik tarixində oynadığı rola həsr olunmuşdur. Bildirilmişdir ki, partiyanın 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı ölkənin olduqca mürəkkəb ictimai-siyasi vəziyyətində baş vermiş və xalqın siyasi iradəsinin ifadəsi olmuşdur. Həmin dövrdə Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmış, ərazilərimizin işğalı prosesi genişlənmiş, dövlət idarəçiliyində ciddi problemlər yaranmışdır. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətin sabitlik, milli birlik və güclü dövlətçilik ideyasına olan ehtiyacından irəli gəlmişdir.
Həmçinin çıxışda ölkə başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi həyatında xüsusi rolu qeyd etmişdir. Azərbaycan xalqının Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışına olan inamı ölkənin gələcək inkişafının əsas amillərindən biri kimi qiymətləndirilmişdir. 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət idarəçiliyində sabitlik və ardıcıl inkişaf üçün əsas yaradılmış, ölkənin parçalanması təhlükəsinin qarşısı alınmışdır. Həmin dövrün mürəkkəb sosial-iqtisadi və siyasi şəraitinə baxmayaraq, dövlətçilik əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ulu Öndərin siyasi irsinin mühüm xüsusiyyətlərindən biri kimi müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə prinsipləri ön plana çəkilmişdir. 1993–2003-cü illərdə Azərbaycanın beynəlxalq təcriddən çıxması, ölkənin beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsi, iqtisadiyyatın bərpası və xarici investisiyaların cəlb olunması istiqamətində mühüm işlər görülmüşdür. “Əsrin kontraktı”nın imzalanması və ölkəyə investisiya axınının başlaması Azərbaycanın iqtisadi inkişafının gələcək mərhələləri üçün mühüm zəmin yaratmışdır.
Çıxışda cənab prezident Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirmişdir. Bildirmişdir ki, ölkənin qarşısına qoyduğu əsas vəzifələr ardıcıl şəkildə həyata keçirilmiş, xüsusilə ərazi bütövlüyünün və suverenliyin bərpası istiqamətində tarixi məqsədə nail olunmuşdur. Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi, iqtisadi müstəqilliyin təmin olunması və ölkənin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsi onun regionda və dünyada nüfuzunun artmasına şərait yaratmışdır.
Qarşıdakı dövr üçün əsas vəzifələrdən biri Azərbaycanın hərbi gücünün daha da artırılması kimi müəyyənləşdirilmişdir. Çıxışda ölkə başçısı qeyd etmişdir ki, əldə edilmiş Zəfərlərə baxmayaraq, dünyada və regionda baş verən proseslər təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanmasını tələb edir. Müasir dünyada müharibə və münaqişələrin artması, müxtəlif regionlarda qeyri-sabitliyin davam etməsi dövlətlərin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını zəruri edir. Bu baxımdan Azərbaycan ordusunun gücləndirilməsi və ölkənin təhlükəsizlik potensialının artırılması strateji vəzifə kimi müəyyən edilmişdir.
Çıxışda ölkənin təhlükəsizliyinin yalnız hərbi güclə məhdudlaşmadığı, ideoloji təhlükəsizliyin də mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. Müasir informasiya texnologiyalarının, internetin, sosial şəbəkələrin və süni intellektin geniş yayıldığı şəraitdə ideoloji təxribatların qarşısının alınması xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə təhsilin, savadlılığın və vətənpərvərlik tərbiyəsinin mühüm rolu qeyd edilmişdir. Cəmiyyətin bilikli və maarifləndirilmiş olması müxtəlif yalan və təxribat xarakterli məlumatların təsirinə qarşı dayanıqlılığı artıran əsas amillərdən biri kimi qiymətləndirilmişdir.
İdeoloji işin müasir tələblərə uyğun qurulması da qarşıya qoyulan mühüm vəzifələr sırasında olmuşdur. Çıxışında cənab prezident xüsusilə vurğulamışdır ki, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Azərbaycanın əldə etdiyi nailiyyətlər və mövcud reallıqlar ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırılmalıdır. Bunun üçün formal xarakterli tədbirlərdən və şablon yanaşmalardan uzaqlaşmaq, müasir informasiya imkanlarından səmərəli istifadə etmək lazımdır. Həqiqətlərin və real faktların vətəndaşlara çatdırılması, xüsusilə gənc nəslin düzgün məlumatlandırılması ideoloji təhlükəsizliyin mühüm istiqamətlərindən biri kimi göstərilmişdir.
Ölkə başçısı öz çıxışında Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində oynadığı birləşdirici rola da diqqət yetirmişdir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri, D-8 təşkilatına üzvlüyü və müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkənin beynəlxalq təşəbbüslərinin mühüm hissəsi kimi qeyd etmişdir. Bununla yanaşı, Azərbaycan Avropa dövlətləri, Çin və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Çıxışda bu münasibətlərin əsasını qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və Azərbaycanın müstəqil siyasəti təşkil etdiyi vurğulamışdır.
Sosial-iqtisadi məsələlər də çıxışın əsas istiqamətlərindən biri olmuşdur. Əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin mühüm prioriteti kimi təqdim edilmiş, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının nəzərdə tutulduğu bildirilmişdir. Bununla yanaşı, sosial siyasətin davamlı olması üçün iqtisadi inkişafın təmin edilməsinin vacibliyi vurğulanmışdır. İnvestisiyaların cəlb edilməsi, iqtisadi potensialın genişləndirilməsi və maliyyə sabitliyinin qorunması ölkənin gələcək inkişafının əsas şərtləri sırasında göstərilmişdir.
Azərbaycanın enerji potensialı və onun beynəlxalq əhəmiyyəti də xüsusi qeyd edilmişdir. Ölkənin neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı və ixracı sahəsində imkanları Azərbaycanın enerji təhlükəsizliyində rolunu artırır. Müasir geosiyasi şəraitdə enerji təhlükəsizliyinin milli təhlükəsizliklə birbaşa əlaqəli olduğu vurğulanmışdır. Bu baxımdan Azərbaycanın enerji resursları və həyata keçirdiyi layihələr ölkənin beynəlxalq əhəmiyyətinin daha da artmasına imkan yaradır.
Nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də Azərbaycanın gələcək inkişaf perspektivləri sırasında xüsusi yer tutur. Ölkənin ərazisindən keçən tranzit yüklərin həcminin artırılması üçün müasir infrastrukturun yaradılması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və Orta Dəhliz, Şimal-Cənub Dəhlizi kimi layihələrin imkanlarından səmərəli istifadə olunması mühüm istiqamət kimi göstərilmişdir. Tranzit imkanlarının genişləndirilməsi yeni iş yerlərinin yaradılmasına, əlavə gəlirlərin əldə olunmasına və Azərbaycanın regional əhəmiyyətinin daha da artmasına şərait yaradacaqdır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə qarşıdakı dövrün əsas vəzifələrindən biri olaraq müəyyənləşdirilmişdir. Çıxışda bu ərazilərdə genişmiqyaslı infrastruktur və quruculuq layihələrinin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunduğu qeyd edilmişdir. “Böyük Qayıdış” proqramının bundan sonrakı illərdə daha da sürətləndirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız infrastrukturun yenilənməsi deyil, həm də insanların doğma yurdlarına qayıdaraq təhlükəsiz və layiqli həyat şəraitində yaşamalarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran əsas strateji məqsədləri aydın şəkildə ortaya qoymuşdur. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan üçün əsas vəzifələr sırasında dövlət təhlükəsizliyinin və hərbi potensialın daha da gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sürətləndirilməsi xüsusi yer tutur.
Çıxışın sonunda cənab prezident Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklərinə əminliyini ifadə etmişdir. Bu baxımdan VIII Qurultay yalnız görülmüş işlərin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi xarakterizə olunur. Qurultayda səsləndirilən əsas mesaj ondan ibarətdir ki, əldə edilmiş nailiyyətlərin qorunması və yeni uğurların qazanılması üçün dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi bundan sonra da davam etdirilməlidir.
Nizami Novruzov,
texnika üzrə fəlsəfə doktoru