Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

10 Bu gün, 09:58 siyaset

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri sürətlə genişlənərək ənənəvi diplomatik münasibətlər çərçivəsindən çıxıb strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xəzər dənizi, nəqliyyat-kommunikasiya xətləri, enerji təhlükəsizliyi, ticarət, investisiya, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm geosiyasi və geoiqtisadi bağlantı mərkəzinə çevirir. Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın nəqliyyat infrastrukturu və Xəzər üzərindən formalaşdırdığı bağlantılar Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirən mühüm amillərdəndir. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı da məhz bu yeni reallıqlar fonunda diqqət çəkir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi tarixi qərardır. Bu qərar Azərbaycanın region ölkələri ilə artan siyasi, iqtisadi və humanitar əlaqələrinin məntiqi nəticəsi olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə bağlı proseslərdə daha fəal və məsuliyyətli rol oynayacağının göstəricisidir.
Öncəliklə qeyd edək ki, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə daxil olmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Görüşün yekununda dövlət başçıları iki mühüm sənədə – “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”na və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”a imza atıblar. Bu sənədlərin əhəmiyyəti yalnız növbəti siyasi görüşün yekunlarının rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında son illərdə sürətlə inkişaf edən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əlaqələrin daha sistemli əməkdaşlıq mexanizminə çevrildiyini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin görüşdəki çıxışı da məhz bu reallığı əks etdirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib, siyasi əlaqələr yüksək səviyyəyə çatıb, qarşılıqlı yüksək səviyyəli səfərlər müntəzəm xarakter alıb, iqtisadi-ticari əməkdaşlıq güclənir, investisiyalar artır və birgə layihələr həyata keçirilir.
Türkmənbaşı görüşünün xüsusi əhəmiyyət daşıyan məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatında tamhüquqlu iştirakçı kimi ilk tammiqyaslı görüşdə iştirak etməsidir. Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması 2025-ci ilin noyabrında qəbul edilmiş qərarla mümkün olub. Prezident İlham Əliyev Türkmənbaşıdakı çıxışında bu qərarı tarixi hadisə kimi qiymətləndirərək, onu dəstəkləyən dövlət başçılarına təşəkkürünü bildirib. 8-ci Məşvərət görüşü əvvəlki əməkdaşlıq təcrübəsinin davamı olmaqla yanaşı, Azərbaycanın Mərkəzi Asiya regional əməkdaşlıq platformasında institusional iştirakının yeni mərhələsini formalaşdırır. Bu proses Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin ikitərəfli əlaqələr çərçivəsindən daha geniş – regional əməkdaşlıq formatına keçidini sürətləndirir.
Prezident İlham Əliyevin çıxışında enerji məsələsinə xüsusi yer ayrılması təsadüfi deyil. Azərbaycan Mərkəzi Asiya enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm tranzit imkanlarına malikdir. Dövlət başçısının sözlərinə görə, Türkmənistan və Qazaxıstandan neft Azərbaycan ərazisi vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Eyni zamanda Azərbaycan Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sahəsində əməkdaşlıq edir və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə iş aparır. Bu proses Xəzər dənizinin Azərbaycan ilə Mərkəzi Asiya arasında yalnız coğrafi ayırıcı deyil, əksinə, enerji və nəqliyyat əlaqələrini birləşdirən strateji məkan kimi rolunu gücləndirir. Ənənəvi enerji resurslarının daşınması ilə yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişlənməsi regionun enerji xəritəsində yeni istiqamət yaradır. Bu, həm Azərbaycanın enerji tranziti və ixrac infrastrukturu üçün, həm də Mərkəzi Asiyanın zəngin bərpaolunan enerji potensialının beynəlxalq bazarlara çıxarılması üçün mühüm perspektivlər açır.
Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Xəzər dənizinin qərb sahilində, Mərkəzi Asiya ölkələrinin isə şərq sahilində yerləşməsi bu dövlətləri təbii nəqliyyat tərəfdaşlarına çevirir. Bakı Limanı, Ələt ərazisində formalaşan logistika imkanları, dəmir yolu infrastrukturu və Mərkəzi Asiyanın nəqliyyat şəbəkələri arasında əlaqələrin genişləndirilməsi Transxəzər marşrutunun, başqa sözlə, Orta Dəhlizin əhəmiyyətini artırır. Bu baxımdan Türkmənbaşı görüşündə siyasi səviyyədə əldə olunan razılaşmaların nəqliyyat-logistika layihələrinə əlavə impuls verməsi gözləniləndir. Azərbaycanın Mərkəzi Asiya ilə ticarət dövriyyəsinin son bir ildə 50 faizdən çox artması da iqtisadi əlaqələrin genişlənmə sürətini göstərir. Prezident İlham Əliyev çıxışında Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin aktiv fəaliyyət göstərdiyini bildirib. Bu rəqəmlər əməkdaşlığın siyasi bəyanatlardan real iqtisadi fəaliyyətə keçdiyini göstərən mühüm göstəricilərdir.
Azərbaycan-Mərkəzi Asiya münasibətlərində son illərin əsas xüsusiyyətlərindən biri qarşılıqlı investisiyaların artmasıdır. Əgər əvvəlki mərhələdə əməkdaşlıq daha çox ticarət, diplomatik münasibətlər və ayrı-ayrı infrastruktur layihələri ilə xarakterizə olunurdusa, hazırda investisiya əməkdaşlığı münasibətlərin əsas komponentlərindən birinə çevrilir. Azərbaycan şirkətlərinin Mərkəzi Asiya ölkələrində həyata keçirdiyi layihələr, eyni zamanda Mərkəzi Asiya dövlətlərinin Azərbaycandakı investisiya fəaliyyəti qarşılıqlı iqtisadi asılılığı və marağı artırır. Bu proses həm də regional iqtisadi inteqrasiyanın daha dərin mərhələyə keçməsi üçün imkan yaradır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də regional əməkdaşlığın yalnız iqtisadi layihələrlə məhdudlaşdırılmamasıdır. Dövlət başçısı vurğulayıb ki, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin təməlidir və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin təminatıdır. Bu yanaşma regionun geosiyasi reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır. Siyasi sabitlik və təhlükəsizlik olmadan nə böyük nəqliyyat layihələrinin, nə enerji dəhlizlərinin, nə də uzunmüddətli investisiya proqramlarının dayanıqlı şəkildə həyata keçirilməsi mümkündür. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığında bu prinsip qarşılıqlı etimadın və dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətin ön plana çıxarılmasını nəzərdə tutur.
Türkmənbaşı görüşünün mühüm nəticələrindən biri də növbəti mərhələdə Azərbaycanın Məşvərət görüşü formatına sədrliyinin nəzərdə tutulmasıdır. Qırğızıstan Prezidenti Sadır Japarov görüş zamanı Azərbaycanın 2027-ci ildə sədrliyinin birgə işə yeni impuls verəcəyinə əminliyini ifadə edib və Qırğızıstanın Azərbaycan sədrliyinə dəstək verməyə hazır olduğunu bildirib. Bu fakt Azərbaycanın regional əməkdaşlıq sistemində artan siyasi çəkisinin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. 2027-ci ildə sədrliyin Azərbaycanın üzərinə düşməsi ölkəyə yalnız mövcud əməkdaşlıq gündəliyini davam etdirmək deyil, həm də yeni təşəbbüsləri regional müzakirə platformasına çıxarmaq imkanı verəcək. Xüsusilə enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, investisiya və yaşıl inkişaf kimi istiqamətlərdə yeni təşəbbüslərin irəli sürülməsi üçün əlverişli imkan yaranır. Azərbaycanın 2027-ci ildə bu formata sədrliyi isə əldə olunmuş razılaşmaların praktiki layihələrə çevrilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


XƏBƏR LENTİ