“İki ildir məni aldadırlar” — Qarabağ müharibəsi iştirakçısından şikayət

48 Dünən, 09:54 bolge / gundem

“İki ildir məni aldadırlar” — Qarabağ müharibəsi iştirakçısından şikayət “70 yaşım var. Bilinmir, sabah başımı qoyub dünyadan köçəcəyəm, ya yox. Mən niyə doğma torpağımda yaşamaq həsrəti ilə ölməliyəm?”
Bu sözlər Birinci Qarabağ müharibəsinin iştirakçısı, Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuş Rəftar Həsənova məxsusdur.
O, 1994-cü ildən Bakının Keşlə qəsəbəsində, keçmiş SOCAR idarə binasında məskunlaşdığını deyir. İddiasına görə, yaşayış üçün yararsız vəziyyətdə olan binada nə qaz, nə də kanalizasiya xətti var. Elektrik sistemi də yararsız vəziyyətdədir.

Rəftar Həsənov deyir ki, doğma kəndinə qayıtmaq və Qarabağda yaşamaq arzusu ilə dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Onun sözlərinə görə, hətta ölkə rəhbərliyinə və Prezident Administrasiyasına da məktublar ünvanlayıb. Lakin indiyədək müraciətlərinin nəticəsiz qaldığını bildirir.
Həsənovun iddiasına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə dəfələrlə görüşüb. O, Hadrut qəsəbəsində məskunlaşmaq istədiyini deyib və bu təklifə razılıq verildiyini iddia edir. Ancaq iki ilə yaxın müddətdə probleminin həll olunmadığını söyləyir.

Onun sözlərinə görə, Prezidentə və vitse-prezidentə məktublar yazıb, Prezident Administrasiyasında da dəfələrlə olub. Həsənov bildirir ki, Prezident Administrasiyasının nümayəndəsi Emin Hüseynov ona müraciətinə kömək ediləcəyi barədə söz verib. Lakin onun iddiasına görə, sonradan nə zəng edilib, nə də mənzil məsələsi həll olunub.
Rəftar Həsənov üçün məsələ yalnız evlə təmin olunmaq deyil. O, ömrünün qalan hissəsini doğma torpağında keçirmək istəyir. Deyir ki, Gecəgözlü kəndində yaşayış məntəqəsinin gələcək taleyi ilə bağlı da qeyri-müəyyənlik var.
Rəftar Həsənovun 70 yaşı var. O, Birinci Qarabağ müharibəsində iştirak edib, illərdir doğma yurduna qayıtmaq ümidi ilə yaşayır. İndi isə əsas istəyinin ömrünün qalan hissəsini vətənində keçirmək olduğunu deyir.
Onun səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumların mövqeyi də məsələnin obyektiv araşdırılması baxımından əhəmiyyətlidir. Rəftar Həsənov isə müraciətlərinə konkret cavab və doğma torpağında yaşamaq imkanı gözləyir.

Qaçqınkoma yenə müraciət üçün gedirəm.Məni qapıdan içəri buraxmayıblar. Orada qapıda bir neçə qolu zorlu var, içəri buraxmır, Deyirlər yazmırıq qəbula, ev də vermirik. Qoy ölkə başçısı bilsin ki,məmurlar xalqı necə aldadır


XƏBƏR LENTİ