![]()
2026-ci ilin oktyabr-noyabr aylarında keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) bir çox oxşar tədbirlərdən əsas fərqi klassik irslə yanaşı, müasir incəsənəti və onun yeni trendlərini də ön plana çıxarılması idi. 5 və 6 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şahar Binyamininin quruluşunda "New Earth" (Yeni Yer kürəsi) və "Bolero X" xoreoqrafik əsərlərinin nümayiş olunması bu ideyanın güclü təcəssümünə çevrildi.
Şahar Binyamininin xoreoqrafiyasını anlamaq üçün onun tətbiq etdiyi “Gaga” rəqs texnikası və təlim metodunun şərhindən başlamaq lazımdır. “Gaga” rəqs texnikası – rəqqasın müəyyən bir formanı təqlid etmədiyi, sadəcə öz bədəninin hisslərini dinlədiyi bir hərəkət sistemidir. Burada rəqqas güzgülər olmadan işləyir, xoreoqrafik şəkillərdə və işarələrdən istifadə edərək hərəkətin fəlsəfəsini və hərəkətdə olmağın həqiqi zövqünü dərk edir. Sözügedən rəqs texnikası uzun illər Təl-Əvivdə yerləşən “Batsheva Dance Company” (Batşeva Rəqs Truppası) kollektivinə rəhbərlik etmiş İsrail xoreoqrafı Ohad Naharin tərəfindən yaradılmışdır.
Həmin məktəbdə təhsil alan Şahar Binyamini 2006-cı ildən 2013-cü ilə qədər, Ohad Naharinin truppasının əsas heyətinində yer alaraaq “Hora”, “Sadeh 21”, “The Hole” və “Bill” kimi əsas tamaşalarında aparıcı rolları ifa etmişdir. Kollektivdə çalışdığı müddətdə o, Naharin tərəfindən yaradılan “Gaga” rəqs dilini dərindən mənimsəyib və “sertifikatlı pedaqoq” statusunu almışdır. Daha sonra Binyamini “Gaga” intensiv kurslarının bədii rəhbəri kimi dünyanın müxtəlif güşələrində (Tel-Əviv, Nyu-York, Los- Anceles, Yaponiya və İtaliyada) fəaliyyət göstərmişdir.
Truppasında rəqs karyerasını başa vurduqdan sonra Binyamini Ohad Naharinin beynəlxalq layihələr üzrə köməkçisi vəzifəsini tutdu. Bu vəzifədə olarkən ustadının şah əsərlərini dünyanın aparıcı teatrlarının səhnələrində tamaşaya qoydu, Paris Milli Opera Baleti, Niderland Rəqs Teatrı (NDT), Britaniya Kolumbiyası Baleti (Ballet BC) və Bordo Milli Baleti kimi qurumlarda məşq prosesinə və xoreoqrafik təsvirin dəqiqliyinə cavabdeh oldu. 2016-cı ildən bəri Şahar Binyamini müstəqil xoreoqraf kimi öz beynəlxalq karyerasını fəal şəkildə inkişaf etdirir, “Batsheva”dan və “Gag”a metodundan əldə etdiyi təcrübəni orijinal əsərlərinin quruluşuna daxil edir.
Bu gün Şahar Binyamininim səhnələşdirdiyi əsərlərində Naharin məktəbinin izləri aydın görünür: fiziki azadlıq, duyğulara diqqət, xarici gözəlliyə yox, orijinallığa meyl. Onun bir quruluşçu baletmeyster kimi elmi tədqiqata olan marağı diqqətəlayiqdir: o, rəqs etməzdən əvvəl biologiyanı öyrənib və bəlkə də buna görə səhnədəki bədən canlı orqanizm kimi qəbul edilir.
Bəs onun tamaşaları izləyicisinə hansı mesajı ötürür? Müəllifin dediyinə görə, "New Earth" haradan gəldiyimizi və bizi torpaqla nə birləşdirdiyini anlamaq arzusundan yaranıb. 2023-cü ildə Vankuver premyerasından sonra “Bolero X” haqqında yazan tənqidçilər onu “ağrılı şəkildə parçalanmış dünyada birlik və insanlıq manifesti” kimi qiymətləndiriblər. Başqa sözlə, burada hər kəsin başa düşdüyü ortaq dilə qayıdışdan bəhs edilir. Binyamini üçün xoreoqrafiya yalnız hərəkətlərin yaradılması deyil, həm də dialoqun qurulmasıdır. Xoreoqrafın özü qeyd edir: "Məncə, rəqs və incəsənət yeni dialoq yarada bilər, bu sanki toxum əkmək kimidir. Rəqs – öyrənilməsinə ehtiyac olan dil deyil; o, dilin imkanlarından da üstün qatdadır. O, sözdən daha dərindir".
İncəsənətin düşüncəni təşviq etmək və mənəvi transformasiyanı stimullaşdırmaq potensialı xoreoqrafın işlərinin motivasiyasını şərtləndirən amillərdir. Onun quruluşunda olan tamaşalar kollektiv identikliyi, insanın qeyri-müəyyənlik dövrlərində dözümlülüyünü və kommunikasiyaya olan ehtiyacını araşdırır.
Ravelin 1928-ci ildə yazdığı “Bolero” əsəri ideyanın sadəliyi ilə diqqət çəkir: bir motiv dəfələrlə təkrarlanır və orkestr tədricən güclənir. Şahar Binyamini bu bədii ideyanı bədən dilinə çevirir. O, Moris Ravelin dünyaşöhrətli əsərinin geniş miqyasda yenidən dərkedilməsini "kollektiv dinamikaların, sonsuz enerjinin və yaradılış, böyümə və süqut dövrlərinin araşdırılması" kimi təsvir edir. Onun üçün bu, hamımızı hərəkətə gətirən ilkin, təbii enerjini tərənnüm edən bir ritualdır. “Bolero-X” artıq Almaniya, Kanada, Fransa, Çin və Qazaxıstanın nüfuzlu teatr səhnələrində nümayiş olunub. Hər nümayiş olunan yerdə onlarla ifaçı tərəfindən təkrarlanaraq, insanları monotonluqdan çıxararaq universal dəyərlər ətraflnda birləşməyə dəvət edir.
Layihədə azərbaycanlı sənətçilərimizin – Bakı Xoreoqrafiya Akademiyasının məzunları olan Leyli Mişina, Zəhra Paşazadə, Fidan Piriyeva, Fidan Mürsəlova və Aytac Quliyevanın iştirakı xüsusi ilə diqqətə layiqdir. "Bolero-X" haqqında öz təəssüratlarını bizimlə bölüşənlərin fikri bir hədəfə tuşlanırdı: müasir xoreoqrafiyanın bədənə qazandırdığı mütləq azadlıq və kollektiv ruhun gücü.
Azərbaycanın Əməkdar artisti, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının dosenti Eteri Cəfərova: “Ravelin musiqisi özü-özlüyündə möhtəşəmdir və bu kimi şah əsərə müraciət istənilən istedadlı rejissorun və baletmeysterin uğurunu təmin edə bilər. Moris Ravelin 1928-ci ildə balerina və mesenat İda Rubenşteynin anterprizası üçün səhnələşdirilmiş əfsanəvi “Bolero” baletinin ilk xoreoqrafı Bronislava Nijinskaya olmuşdur. XX əsrdə Baletin ən maraqlı interpretasiyalarından biri məşhur fransız baletmeysteri Moris Bejara aiddir. Bugünki təqdimat "Bolero"nun Azərbaycanda ilk dəfə səhnələşdirilməsi deyildir. Bu birpərdəli balet artıq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində təqdim olunub. Şahar Binyamininin Bakı Beynəlxalq İncəsənət Festivalında (BIAF 2026) səhnələşdirilən "Bolero X" versiyası tamamilə möhtəşəm və güclü müasir xoreoqrafiyadır. Beynəlxalq kollektivlə yanaşı, azərbaycanlı rəqqaslarımızın – Bakı Xoreoqrafiya Akademiyasının yetirmələrinin parlaq ifasından çox qürur duyuram. Bu, mədəniyyətimiz üçün həqiqi bir hadisə idi: sənətçilərimiz texniki ustalıq və emosional aktyor oyunun nümayişi baxımından əsas truppadan heç də geri qalmadan, onlarla vəhdət təşkil edərək güclü performans nümayiş etdilər. Bütün zal ayaq üstə alqışladı, "Bravo!" səsləri ifaçıları ruhlandırdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tanınmış ictimai və mədəniyyət xadimləri, eləcə də ciddi teatr tənqidçiləri tamaşada iştirak etdilər və hamısı bu inanılmaz möhtəşəm çıxışdan tamamilə məmnun qaldı”.
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi və “Bolero X” ifaçısı Leyli Mişina: “Layihəyə qoşulan andan başa düşdüm ki, qarşıda tamamilə yeni bir təcrübə ilə tanış olmağa imkanı var. Şahar Binyamini ilk master-klassında bizə hekayəni izah etməkdən çox, müəyyən bir vəziyyət və enerji hiss etməyi təklif edirdi. Mən anladım ki, bir şeyi adi şəkildə sözün əsl mənasında təsvir etmək və ya hekayə danışmaq məcburiyyətində deyiləm. Sadəcə səhnədə mövcud olmalı idin: hərəkətin, musiqinin və ümumi ritmin içində, baş verənlərdə özünün nə hiss etdiyini tapmaq məqsədi dururdu. Məşqlər zamanı köməkçi xoreoqraf Maya Simhon materialı daha yaxşı başa düşməyimizə kömək etdi, detallara, hərəkət keyfiyyətinə, dəqiqliyə və dinamikaya diqqət yetirdi. Mən onun prosesə münasibətini, peşəkarlığını və ifaçıları yönləndirmək bacarığını çox bəyəndim: o, xoreoqrafın orijinal ideyasını qoruyurdu. Mənə elə gəlir ki, xoreoqrafın həqiqi xətti fiziki olaraq yanında olmadıqda belə hiss olunur. Onun plastik dili, iş prinsipləri və tələbləri tədricən prosesin bir hissəsinə çevrilir. Biz onun yaratdığı sistem daxilində işləməyə davam etdik və onun səhnədə görmək istədiyi xoreoqrafik təsviri mümkün qədər olduğu kimi qorumağa çalışdıq. Bu, çox maraqlı fiziki və emosional bir vəziyyət idi. Ravelin musiqisi özü inanılmaz güc və gərginliyə malikdir. Ritmin tədricən artması, hərəkətlərin təkrarlanması və qrupun ümumi enerjisi. Artıq sadəcə xoreoqrafiya nümayiş etmirsən, böyük bir enerji prosesinin parçasına çevrilirsən. Böyük qrupda hisslərimi qeyd etmək istəyirəm: özümü həm ayrıca bir ifaçı, həm də bir bütövün parçası kimi hiss edirdim. Bu komanda ilə işləyərkən ən vacib şeyi öyrəndim – detallara diqqət. Hərəkət artıq yaxşı tanınır və məşq olunur kimi görünsə də, onu daha dəqiq, dərin və ifadəli etmək üçün həmişə fürsət var. Mən bir daha əmin oldum ki, intizam, konsentrasiya və yalnız özünü deyil, bütün qrupu eşitmək qabiliyyəti nə qədər vacibdir. Bu təcrübədən sonra tələbələrimə çatdırmaq istəyirəm ki, başa düşsünlər: rəqqas heç vaxt öyrənməyi dayandırmamalıdır. Təcrübəniz, təhsiliniz və peşəkar səviyyənizdən asılı olmayaraq, həmişə yeni biliklərə, insanlara və fərqli xoreoqrafik dillərə açıq qalmalısınız”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet rəqqası Aytac Quliyeva: “İlk kastinqdə birinci nömrə olduğum üçün seçilməyəcəyimdən çox qorxsam da, həmişə xəyalını qurduğum bu layihənin bir parçası olmaq mənim üçün möhtəşəm bir reallığa çevrildi. Bizə əvvəllər öyrədilməyən tamamilə fərqli bir texnika ilə işlədiyimiz üçün ilk məşqlərdə bədənimiz dözülməz dərəcədə ağrayırdı və hərəkətlərin dəniz kimi həm plastik, həm də eyni anda sərt və yumşaq tempini tutmaq ən çətin məqam idi. Reallıqda kənardan göründüyündən qat-qat çətin olan bu rəqsin hər bir detalını ingilis dilində bizə mükəmməl şəkildə izah edən Maya Simhonun peşəkarlığı bizə inanılmaz dərəcədə böyük bir təcrübə qazandırdı. Məşqlərin gedişatı zamanı ayağımdan travma almağıma baxmayaraq, ruhdan düşmədim və çıxış edə bilməmək qorxusuna qalib gələrək məşqlərə inadla davam etdim. Truppa bizə qarşı o qədər səmimi və dostcanlı idi ki, finala yaxın piramida yaranan o ən gərgin və tələsdiyimiz məqamda bizə yol verərək hər addımda kömək edir, özümü tam mənası ilə onların bir üzvü kimi hiss etdirirdilər. Çıxış günü səhər saat 9-dan Şahar Binyamininin komandası ilə birlikdə etdiyimiz son gərgin məşq və eyni günün axşamı səhnədə yaşadığımız unudulmaz performans layihənin ən yaddaqalan və parlaq anı oldu.
Müsahibə aldığım yaradıcı insanlardan əldə etdiyim təəssürat məni “Şahar Binyamininin yaradıcı təcrübəsinin və konseptual xoreoqrafiyasının Azərbaycan teatr sənəti, xüsusilə də balet sənəti üçün nə kimi dəyəri vardır?” və ya “Modern balet, sərbəst xoreoqrafiya Azərbaycan tamaşaçısına hansı məna kodlarını ötürür?” suallarına cavab axtarmağa sövq edir. Düşünürəm ki, ilk növbədə qeyri-ordinar olanı yad kimi qəbul etməməliyik. Azərbaycan mədəniyyəti tarixən yeniliyə, yeni tendensiyalara açıq olmuş, lakin hər zaman da tarixi və mənəvi köklərinə sadiq qalmışdır. 1907-ci ildə Üzeyir Hacıbəyli Avropa musiqi formasını muğamla birləşdirərək Şərqdə ilk opera hesab olunan “Leyli və Məcnun” şedevr əsərini yaratdı. Bu səbəbdən hər bir qabaqcıl yeniliyə imza atan təcrübədən bəhrələnməliyik. Birincisi, sənətin universal dilindən istifadə edərək Azərbaycan xalqının ali mənəvi dəyərlərini, həyat fəlsəfəsini, milli identikliyimizi itirmədən ötürə bilərik. Müasir xoreoqrafiya hər kəsə yaxın, anlaşılan dildə fəlsəfi, bəşəri ideyaları çatdırmağa yeni imkanlar açır. “Gaga” kimi texnikaların istifadəsi səhnə adamlarının, xüsusilə peşəkar balet və ənənəvi rəqs ustalarının bədəninin daim mükəmməl fiziki formada olmasına kömək edə bilər ki, bu da geniş və müasir repertuara yol aça bilər.
Təcrübə göstərir ki, sənətin universal dili doğma dili əvəz edə bilməz, lakin onun daha da geniş miqyasda eşidilməsinə kömək edə bilər. Bu gün Şahar Binyamini kimi müasir, xarizmatik dəst-xətti olan xoreoqrafların diqqətini Azərbaycan balet artistləri cəlb edirsə, bu, ümid edirəm, Azərbaycan səhnəsində sabahın konseptual rəqs təfəkkürünün formalaşması barədə böyük və vacib söhbətin yalnız başlanğıcıdır.
Yeganə A.Əliyeva
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
kulturologiya üzrə fəlsəfə doktoru, dosent,
art-kritik, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Asxeber.az




