![]()
İrəvanın tarixi yaddaşını, Azərbaycan xalqının zəngin mədəni irsini, sazın ecazkar səsini və kəlağayının zərif naxışlarında yaşanan milli kimliyimizi özündə birləşdirən möhtəşəm sənət tədbiri keçirilib.
Aşıq Pəri Məclisi və Ozan Sənətinin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində “İrəvanın kəlağayı yaddaşı” adlı sazlı-sözlü konsert proqramı təqdim olunub.
Konsertin təşkilatçısı və aparıcısı, Aşıq Pəri Məclisinin rəhbəri Pərvanə Mustafayeva tədbirin ideya xəttini Qərbi Azərbaycana qayıdış mövzusu ilə Azərbaycan qadınının milli kimliyinin rəmzlərindən biri olan kəlağayı ətrafında qurub. Beləliklə, səhnədə yalnız musiqi və söz deyil, bütöv bir xalqın tarixi yaddaşı, Vətən nisgili, mənəvi bağlılığı və gələcəyə ünvanlanan arzuları ifadə olunub.
Kəlağayı Azərbaycan qadınının ənənəvi baş örtüyü olmaqla yanaşı, əsrlərin o tayından süzülüb gələn milli yaddaşın, ana nəfəsinin, el adət-ənənələrinin və mənəvi dəyərlərin daşıyıcısıdır. Onun hər naxışında bir tarix, hər rəngində bir duyğu, hər ilməsində xalqımızın zəngin mədəni irsi yaşayır. İrəvan kəlağayısı isə bu yaddaşın xüsusi səhifələrindən biri olmaqla Qərbi Azərbaycanın tarixi-mədəni irsini, orada yaşayan azərbaycanlıların həyat tərzini, zövqünü və sənət ənənələrini xatırladan mənəvi simvollardandır.
“İrəvanın kəlağayı yaddaşı” konsertində kəlağayı obrazı məhz bu baxımdan xüsusi məna daşıyıb. O, sadəcə səhnə atributu kimi deyil, doğma yurda bağlılığın, unudulmayan tarixi yaddaşın və nəsildən-nəslə ötürülən milli kimliyin rəmzi kimi təqdim olunub. Qərbi Azərbaycana qayıdış ideyası da bu mənəvi kontekstdə səsləndirilib. Yaddaşın qorunması, mədəni irsin yaşadılması və doğma yurdla mənəvi bağların gələcək nəsillərə ötürülməsi tədbirin əsas mesajlarından olub.
Sazın səsi ilə sözün hikmətinin qovuşduğu konsert proqramı Azərbaycan aşıq sənətinin zəngin ənənələrini bir daha nümayiş etdirib. İfa olunan musiqi nümunələri, aşıq havaları, poetik çıxışlar və səhnə təqdimatları tamaşaçıları milli ruhun sehrinə qərq edib. İfaların hər birində el-obanın nəfəsi, sazın köklərində yaşayan tarix, xalqımızın sevinc və kədəri, Vətənə məhəbbəti duyulub.
Pərvanə Mustafayevanın irəli sürdüyü ideya konsertin əsas mənəvi xəttini müəyyənləşdirib. Onun təqdimatında saz və kəlağayı, aşıq sözü və ana yaddaşı, İrəvan və Qərbi Azərbaycan mövzuları vahid məfkurə ətrafında birləşib. Bu yanaşma bir daha göstərib ki, milli-mənəvi irsimizin təbliği yalnız keçmişi xatırlamaq deyil, həm də onu yaşatmaq, öyrətmək və gələcək nəsillərə ötürmək məsuliyyətidir.
Belə tədbirlər Azərbaycan aşıq sənətinin təbliği, milli adət-ənənələrimizin qorunması və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Sənətin dili ilə ifadə olunan yaddaş insanları ortaq köklərə, dəyərlərə və milli-mənəvi birliyə səsləyir.
“İrəvanın kəlağayı yaddaşı” konserti bir daha xatırladıb ki, coğrafi sərhədlər dəyişsə də, xalqın yaddaşında yaşayan yurd sevgisini, ana laylasını, sazın səsini və kəlağayının naxışlarında gizlənən tarixi unutdurmaq mümkün deyil.
Çünki kəlağayı başda daşınan bir örtükdən daha artıq məna daşıyır – o, yaddaşda yaşadılan Vətəndir. Sazın səsi isə həmin yaddaşın heç zaman susmayan avazıdır.
İrəvanın kəlağayı yaddaşı da məhz bu avazla səsləndi: milli kimliyimizə, tarixi köklərimizə, Qərbi Azərbaycan həqiqətlərinə və doğma yurda bağlılığımıza ünvanlanan mənalı bir sənət çağırışı kimi.
Xeberdar.net ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()