"KÜR"ü sevdirən Şairin doğum gününə qısa ştrixlər

875 20-02-2018, 17:08 siyaset / gundem

"KÜR"ü sevdirən Şairin doğum gününə qısa ştrixlər

Bu nədir, saraldı, soldu şəfəqlər,
Dünyaya göz yumdu ata da, qız da.
Bu nədir, Ülkərsiz qaldı üfüqlər
Qaldı Kürçaylısız Kür çayımız da".

Ölümündən bir neçə gün sonra şair dostu Nəbi Xəzri yazmışdı bu misraları..
Çünki O, Kürü çox sevər və özü sevdiyi qədər də oxucularına, dostlarına, qələmdaşlarına sevdirərdi. Ömrünün son illərində Kürün sahilində yeni bir ev də salmış və sevincək halda " Bir ev salmışam Kürümün sahilində" şerilə ilə bu sevincini oxucusu ilə paylaşmışdı. Amma Kürü də, Salyanı da, doğma Azərbaycanı kimi çox zamansız tərk etdi. Cəsarətlə deyə bilərəm ki, müasir şerimizdə yeni yaranmaqda olan bir məktəbi başsız qoydu. Elə şeri kimi , yaradıcılığı kimi ölümü də fərqli oldu Əliağa Kürçaylının, "Ülkər Əfsanəsi" yarandı bu vaxtsız gedişdən..
Hər dəfə Ana yurdum Kürqaraqaşlıya , bizi vaxtsız tərk etmiş əziz dayımın evinə gedəndə bəndin üstünə qalxıb Əliağa Kürçaylının ölümündən az əvvəl saldığı və o zaman heç tamamlanmamış həmin evinə kənardan da olsa mütləq nəzər salaram . Sanki hər baxışımda bu ev Əliağanı, onun bu torpaqla, bu ellə bağlılığını andırır mənə. Ana babamın kiçik Əliağa haqda söylədiyi xatirələr canlanır gözlərimin önündə. Anamın və dayımın qürur hissilə Əliağanın çətinliklə keçən uşaqlığı haqda danışdıqları xatırlanır yaddaşımda. Artıq onların da hər biri xatirədir mənim üçün. Bu torpağa, bu elə bağlı olub bizi tərk edənlərin ruhu şad olsun!
Bu gün, " Üzümü xəzana çevirsəm əgər,
Saralmış otlar da yaşıl don geyər" - deyən böyük şairimiz Əliağa Kürçaylının doğum günüdür. 90 illik yubiley yaşıdır bu gün . Amma cəmi 51 il yaşadı.
"Zərrəyə kiçikliyə, cılızlığa yadam mən,
İstəmişəm hər şeyin nəhənginə çatam mən" - deyə iddia sərgiləyən Əliağa Kürçaylının yarım əsrlik ömründə öz şəxsiyyəti və bənzərsiz yaradıcılığı ilə yazdıqlarına və prinsiplərinə nə qədər sədaqətli olduğunu yəqin qələm dostları və oxucuları da təsdiq edə bilərlər.
Yaşama öz fəlsəfi dünyasından nəzər salıb onu məharətlə qələmə ötürməyi bacaran Əliağa Kürçaylının bu misraları isə məncə bu gün üçün də aktuallığını saxlamaqdadır.
Kiminə şeş qoşa , kiminə de bir,
Kimini şah edir, kimini vəzir,
Quzuya şir kimi nərə çəkdirir,
Şiri quzu kimi mələdir həyat"

Kürü sevdirən şairimizi doğum günündə sevgi və rəhmətlə anıram!

Rufət Muradlı
"KÜR"ü sevdirən Şairin doğum gününə qısa ştrixlər"KÜR"ü sevdirən Şairin doğum gününə qısa ştrixlər"KÜR"ü sevdirən Şairin doğum gününə qısa ştrixlər"KÜR"ü sevdirən Şairin doğum gününə qısa ştrixlər

XƏBƏR LENTİ