Elbəyi Cəlaloğlu:“Xilas olmaq üçün ağ mələfədən bayraq düzəldib yelləməyə başladıq”-VI yazı

1 199 22-02-2018, 22:32 kose / siyaset / gundem


Elbəyi Cəlaloğlu:“Xilas olmaq üçün ağ mələfədən bayraq düzəldib yelləməyə başladıq”-VI yazı

ELBƏYİ CƏLALOĞLU

XƏZƏRİN XANI
yaxud
AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ

“Suyun temperaturu 8 dərəcə idi. İsrarla bəyan etdim: girirəm dənizə”
(Əvvəli My Webpage)

1977-ci ilin mart ayında Xəzər dənizində tədqiqatlar aparmaq üçün biz 4 nəfərlə Moskvadan Bakıya gəldik. Bu, artıq aspirantura dövrüm idi. Məqsəd küləklərin bol və şiddətli olduğu mart ayında dənizin dərin qatlarında temperaturun vertikal paylanmasının qanunauyğunluqlarını öyrənmək idi. Əvvəlcə gəmi ilə yuxarıda xatırlatdığım observatoriyaya getdik. Uğurla müşahidələrə başladıq, bir müddət davam etdik. Gündüzlər işləyir, ölçü cihazlarını dənizə salırdıq, gecələr yatmağa getməzdən əvvəl onları platformanın üstünə qaldırır, səhər isə işə başlayır, yenidən ölçmələri davam edirdik. Səbəb ölçü çihazlarını gecə qəflətən yarana biləcək qasırğalı dalğalardan qorumaq idi. Bir gün axşama hokkey oyunu var idi, SSRİ ilə Çexoslavakiya komandaları oynayacaqdı. Havada da ideal sakitlik hökm sürürdü. Həmin gün həmişəki qayda üzrə işləyirdik, birdən baxdıq ki, başımız qarışıb, artıq gecə saat 12-dir, hokkey oyununun televizorda translyasiyası başlamaq üzrədir, özü də nə hokkey – bütün azarkeşlərin diqqət mərkəzində olan iki nəhəng komandanın – SSRİ ilə ÇEXOSLOVAKİYA yığma komandalarının yarışması. Ona görə də qərara gəldik ki, cihazları dənizdən çıxarmayaq, çünki vaxt aparacaq, inşallah, pis bir şey baş verməz, onsuz da sabah həmin işlər davam etdiriləcəkdir. Beləcə, hokkeyə baxmağa tələsdik, oyun qurtardıqdan sonra da yatdıq. Səhər yuxudan durduqda isə dəhşətli qasırğanın şahidi olduq, platforma-observatoriya gəmi kimi yırğalanırdı. Ən dəhşətlisi isə qasırğalı dalğaların ölçü cihazlarını fırladıb platformanın dənizə basdırılmış ayaqlıqlarına dolaşdırması idi. Cihazlardan yuxarı siqnal gəlmirdi. Nə etməli? Üç nəfərdən ancaq birimiz mühəndis idik, o da dedi ki, mən heç nə edə bilmərəm, akt tərtib edib işləri dayandırmaq və geri Moskvaya qayıtmaq lazımdır. O biri həmkarım artıq dissertasiyasını yazıb qurtarmışdı, müdafiə etməyə hazırlaşırdı, yəni bu müşahidələrin baş tutmaması ona elə də ciddi zərər gətirmirdi. Ən pis vəziyyətdə mən qalırdım. Bu müşahidələr baş tutmasa, dissertasiya işim, ən yaxşı halda, bir il də gecikəcəkdi. Ümumiyyətlə, məlum deyildi ki, belə imkan bir daha ələ düşəcəkdimi, belə bir müşahidə bir də təşkil oluna biləcəkdimi? Bununla bərabər, bayırda təlatümlü mart ayı, soyuq küləklər, dənizdə də suyun temperaturu 8 dərəcə idi. Bunları fikirləşə-fikirləşə mən israrla bəyan etdim: girirəm dənizə, suyun altında ilişmiş cihazları açıram və biz müşahidələri davam etdiririk. Onların hər ikisi mənə, – sən dəlisən, necə yəni girirsən dənizə, 6-7 metr hündürlüyündə dalğalar, suyun temperaturu 7-8 dərəcə, sən infarkt və yaxud iflic olarsan, dalğalar sənin özünü observatoriyanın ayaqlarına çırpıb, parça-parça edər, – dedilər. Sonra gördülər ki, məni fikirimdən döndərmək mümkün deyil, məni hazırlamağa başladılar, bunu yarımrus üsulu ilə etdilər. Bədənimi spirtlə sürtdülər, bir az da ondan daxili qəbula icazə verdilər. Ortamdan bir neçə kəndir bağlayıb məni dənizə – suyun içinə salladılar, suyun səthinə qədər olan məsafə 13 metr idi. Cəld suya bir neçə dəfə baş vurub, çətinliklə də olsa dolaşığı açdım. Bundan sonra məni və cihazları yuxarı qaldırdılar və dərhal bayaq mənə tətbiq etdikləri prosedurları təkrarladılar – yenə də həm xaricdən, həm də daxildən (gülür). Spirt belə məqamlarda xilasedici rol oynayır. Sonra isə cihazları yenidən dənizə buraxdılar. Mənə heç nə olmadı, ölçmələri davam etdik. Müdafiə dissertasiyasını bu cür çətinliklərlə yazmışam. Ölçmələr aparmaq üçün risklərə getmişik, ölümün gözünə baxmışıq. Əvəzində isə bu müşahidələrdən alınmış nəticələr əsasında yazdığımız məqaləni “Fizika atmosferı i okeana” (Atmosfer və okeanın fizikası) kimi nüfuzlu elmi jurnalda nəşr etdirdik. Sonralar amerikanlar bu məqaləni ingilis dilinə də tərcümə etdilər, hətta bizə bu məqaləyə görə 200 ABŞ dolları məbləğində qonarar da verdilər. Bu məqalədə verilmiş elmi nəticələri mən bu gün də ən yüksək nəticə sayıram. Bax, biz elm yolunda bu çətinliklərdən keçmişik. Deyirlər, elm qurban tələb edir – indi de görüm, bu doğrudur, yoxsa yox?!
Təvazökalıqdan uzaq olmasın, amma deyim: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə məni “Xan Kaspiyskiy” (Xəzərin xanı) adlandırmışdır.
İkinci maraqlı bir epizodu söyləməkdən öncə unudulmaz bir görüş barədə söhbət açmaq istəyirəm.

“SSRİ Qaz Sənayesi naziri S.A.Orucov ilə görüşdük”
Elbəyi Cəlaloğlu:“Xilas olmaq üçün ağ mələfədən bayraq düzəldib yelləməyə başladıq”-VI yazı

Müəyyən vaxt keçdikdən sonra neft platformalarının istismarı dayandırılır. Bunun bir səbəbi neft hasilatının azalmasıdırsa, digər səbəbi metal konstruksiyasının korroziyaya uğrması təhlükəsinin olmasıdır. Əlbəttə, bizim platforma-observatoriyada neft istehsalından söhbət getmir, bu elmi tədqiqat məqsədli bir qurğu idi. Lakin korroziya burada da öz işini görürüdü.
Digər tərəfdən, qasırğalı küləklər də bu platformaları zədələyir, bəzən qəza halına gətirib çıxarır. Bizim platformada da korroziya öz işini görmüş, qasırğalı küləklər platformanın pilləkənlərini, əylənc-minik yerlərini sındırmışdı. Üstəlik, baş vermiş bir yanğın da platformaya güclü ziyan vurmuşdu. Bir sözlə, 25 ildir istifadə etdiyimiz bu platforma-obsevatoriyanın təmirə ehtiyacı vardı. Azərbaycanda belə platformaları təmir edən yeganə təşkilat “Xəzərdənizneft” birliyi və onun müvafiq layihə təşkilatı idi. Ancaq onlar da ağır qaldlrıcı kran-gəmilər var idi. Biz onlara müraciət etdik, maliyyə imkanlarımızın da olduğunu çatdırdıq, yəni öz pulumuzla bizə iş görün, dedik. Moskvalı həmkarlarımız maliyyə məsələsini öz boyunlarına götürmüşüdülər. Dəfələrlə görüşüb müzakirələr apardığımıza və hər dəfə bizə söz vermələrinə baxmayaraq, həmin layihə idarəsinin baş mühəndisi Fazil Məmmədov hər dəfə bizi aldatdı və axırda açıq şəkildə dedi: “Mən bunu etməyəcəm”.
Belə olan halda Kosmik Tədqiqatlar Birliyinin baş direktoru Tofik Kazımovla Xəzərdənizneftin rəisi Qurban Abbasovun (məşhur Neftçi Qurban) qəbulunda olduq. O da müvafiq struktur rəhbərlərini başına yığıb tapşırıq verdi ki, bu iş icra olunsun. Amma yenə də heç bir iş görülmədi və biz başa düşdük ki, bu görüş də növbəti bir oyun imiş. Əslində, bu iş neftçilər üçün dəryada bir damla idi.
Günlərin bir günü Kosmik Tədqiqatlar Birliyinin baş direktoru Tofik Kazımov mənə dedi ki, Telman Abbasov adlı qaz sənayesi üzrə bir akademik vardır, sənin bu problemin haqda onunla danışmışam, get yanına, o, sənə kömək edəcək. Sonradan gəldim həmin akademikin qəbuluna, mənə qulaq asdı və gözləmədiyim halda Moskvaya, SSRİ Qaz Sənayesi naziri S.A.Orucova zəng elədi. Mənim məsələmi ona çatdırdı. Telefonun dəstəyini yerinə qoyub, – bunların hamısı ona tabedir, – dedi, sonra da, – mənim müavinimlə gedərsiz Moskvaya, mənim adımdan girərsiz Orucovun qəbuluna, o, bunlara tapşırıq verəcək, ağızları nədir eləməsinlər, – deyə əlavə etdi. Elə də etdik, Moskvaya gedib, SSRİ Qaz Sənayesi naziri S.A.Orucov ilə görüşdük. Orucov bizi qəbul etdi, mənə qulaq asdı, elə oradaca Neftçi Qurbana zəng edib, – Ay Qurban, sən bu alimləri niyə incidirsən. Sənin üçün bir platformanı təmir etmək nədir ki, bunlar gəliblər Moskvaya, mənim yanıma. Üstəlik, özlərinin də pulu var, – dedi. Neftçi Qurban isə, – gəlsinlər, nə lazımdır biz onlar üçün edərik, – dedi. Dönüb gəldim Bakıya, yenə süründürməçiliklər, yenə heç bir iş görmədilər. Beləliklə, biz o unikal platforma-observatoriyanı tərk etməli olduq.
Burada keçmiş SSRİ Qaz Sənayesi naziri Sabit Atayeviç Orucovla bağlı gördüklərim, eşitdiklərim haqqında bir neçə söz demək istərdim. Əvvəla, onun bizi necə mədəni şəkildə, mehribanlıqla qəbul etməsini, professional olmasını, rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının onu öz ataları kimi sevmələrini gördüm. Moskvada onunla işləyənlərin hamısı birmənalı şəkildə etiraf edirdi ki, o, bizim atamızdır, o SSRİ qaz sənayesinin atasıdır. Bu gün Rusiya Federasiyasının əsas gücü sayılan QAZPROMUN banisi S.A.Orucovdur. Mən onunla tanış olduğum məqamda azərbaycanlı olduğumla qürrələndim.


“Xilas olmaq üçün ağ mələfədən bayraq düzəldib yelləməyə başladıq”

25 il fəaliyyət göstərən observatoriya ilə, nə qədər kədərli olsa da, məcburiyyət qarşısında qalıb vidalaşdıq, onu tərk etdik. Lakin işləmək həvəsi, yeni ideyalar, elmi məsələlər hələ də vardı. Fikirləşdik ki, Xəzər dənizinin Pirallahi adası akvatoriyasında neftçilərin hazırda istifadə etmədiyi hələ də möhkəm, vaxtı keçməmiş neft platformları vardır. Bu platformaların çoxusunda hələ işıq, gərginlik var, biz bu “adalarda” ölçmələrimizi davam etdirə bilərik. Burada yağışdan və günəşdən daldalanmaq üçün bizə bir balaca evcik, 2-3 dənə açılıb-yığılan çarpayı (raskladuşka) lazım idi. Öz imkanlarımızla taxtadan balaca evcik düzəltdik, onu neftçilərin kiçik kran gəmisi ilə aparıb sahildən 2 saatlıq şimal istiqamətində yerləşmiş neft platformasının üstünə qoyduq. Platformada işıq var idi, atılıb qalmış su çənini də axtarıb tapdıq.
İndi qalırdı cihazlarımızı və azuqəmizi (xüsusən suxarıları) götürüb bir gəmiyə minmək və gəlib bu platformada işə başlamaq. Bu minvalla işlər başlandı, hər 7 gündən bir tərkibi iki nəfərdən ibarət olan heyət dəyişirdi. Hər yeni gələn özü ilə azuqə, su və s. həyati vacib olan şeylər gətirirdi.
Bir dəfə elə oldu ki, Xəzər dənizinə xas qasırğalı küləklər 20 günə qədər davam etdi. Yəni bu platformalara heç bir gəmi yan ala bilmirdi. Azuqəmiz tamamilə tükəndi, suxarılar qurtardı, bir neçə gün idi ki, ac qalmışdıq. Ən dəhşətlisi isə içməli suyun qurtarması idi. Səhərlər tezdən yuxudan durub paslı dəmir çənlərinin üstünə düşmüş şehləri yalayırdıq ki, bir az yanğımız keçsin. İş yoldaşım cavan bir oğlan idi, ona tərpənməməyi, uzanıqlı halda qalmağı məsləhət gördüm. Çünki bu vəziyyətdə insan az su və yemək istəyir, az enerji sərf edir.
Bu platformada bizim taleyimiz qeyri-müəyyən olaraq qalmaqdaydı. Bizim burada olmağımızdan həmkarlarımızdan başqa heç kimin xəbəri yox idi, oturub yavaş-yavaş baş verə biləcək ölümümüzü gözləyirdik. O biri platformada olanların rasiya ilə sahillə əlaqəsi vardı, onlar sağ və salamat olmalrı barədə öz rəhbərliklərinə məlumat verə bilirdilər. Bizim isə heç bir əlaqəmiz yox idi, sadəcə olaraq, Robinzon Kruzo kimi tək-tənha qalmışdıq.
Günlərimiz belə qeyri-müəyyənlik içərisində keçirdi, hava da qasırğalı idi. Birdən gördüm ki, üfüqdə bir gəmi var, gəmidən uzaqdakı platformalara bağlamalar atırlar, yəni azuqə verirlər. Təbii ki, bizə tərəf heç baxmırdılar, barəmizdə məlumatları yox idi. Gəmini gördükdə tez Samiri qaldırdım, xilas olmaq üçün birlikdə ağ mələfədən bayraq düzəldib yelləməyə başladıq. Nəhayət, uzaqdakı gəminin kapitanının diqqətini cəlb edə bildik, gəmi bizə tərəf üzməyə başladı. İlahi, deyəsən, biz xilas olacaqdıq. Nəhayət, gəmi yaxınlaşdı, kapitan uzaqdan ruporla, – siz kimsiniz, burada nə edirsiniz, sizin haqqınızda bizə heç nə deməyiblər, – dedi. Biz cavabında, – nə olsun deməyiblər, amma gözüyün qabağında biz varıq ki, acıq, xahiş edirik bizi götürün. Kapitan, – belə qasırğalı havada platformadan adam düşürmək qadağandır, – dedi, sonra da, – bu riski mən boynuma götürə bilmərəm, gəlin, sizə çörək ataq, – deyə əlavə etdi. Bir-birimizdən xəbərsiz ikimiz də birdən xırıltılı səslə ucadan qışqırdıq: – Bizim heç suyumuz da yoxdur, sən bizi xilas etməsən, burada tək qalıb həlak olacağıq, – dedik. Xeyli dil tökdükdən sonra kapitan yola gəldi, bizi platformadan düşürdülər. 4-5 gün idi ac idik, bizə bir çörək verdilər, yanımdakı gənc oğlan tələsik, acqarına və gizlincə bir çörəyin hamısını yediyindən, onun qarnında güclü ağrıları başladı. Gəminin aptekindən bəzi dərmanları içirtməklə onu sakitləşdirdik, artıq gəmi sahilə yaxınlaşırdı...
(Davamı vae)


Xeberdar.net

XƏBƏR LENTİ