“İncirlik bazasının birdəfəlik bağlanması inandırıcı görünmür”

648 4-04-2018, 11:48 siyaset / gundem

Arzu Nağıyev: “Rusiya Türkiyə və ABŞ arasında müəyyən problemlərin mövcudluğunda maraqlıdır”
“İncirlik bazasının birdəfəlik bağlanması inandırıcı görünmür”
ABŞ İncirlik bazasındakı “Armag” silah deposunu Türkiyədən çxıardaraq başqa ölkədə yerləşdirib. Hansı ki, Türkiyə-ABŞ münasibətlərində müəyyən gərginliklərin yaşandığı indiki dönəmdə atılan bu addım bəzi siyasilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunu ABŞ-ın Türkiyə-Rusiya yaxınlaşmasına cavabı, digərləri isə rəsmi Ankara və Vaşinqton arasında Menbiç məsələsinə yanaşmadakı ziddiyyətlərin əməli nəticəsi kimi dəyərləndirməkdədir.

Moderator.az -a açıqlama verən politoloq Arzu Nağıyev isə təhlükəsizlik məsələləri ilə bağlı bu kimi məsələlərin NATO üzvləri ilə razılaşdırıldığını vurğulayıb və bu məsələdə xüsusi bir məna axtarmağa lüzum görmədiyini vurğulayıb:

“İncirlik NATO bazasıdır. Bunların hamısı razılaşdırılmış şəkildə baş verir. Afrindəki anti-terror əməliyyatları zamanı bu bazadan hansı səviyyədə istifadə edilib-edilmədiyi məsələsi gündəmə gəlmişdi. Hesab edirəm ki, ABŞ təhlükəsizlik məsələlərinə görə belə bir addım atıb. İlk dəfə deyil ki, belə bir yerdəyişmə həyata keçirilir. Ola bilsin ki, Putinin Türkiyəyə dünənki səfəri və S-400 raketləri ilə bağlı açıqlaması fonunda bu addım daha çox diqqət çəkib.

Rusiya düşünür ki, Türkiyə ilə yaxınlaşdıqca, ABŞ-ın Türkiyədən uzaqlaşması baş verir. Paralel olaraq cənab Tramp və cənab Ərdoğan arasıdna telefon danışıqları gedir. Burada böyük maraqların toqquşması, Orta Doğu projesinin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi var.

Düşünmürəm ki, təhlükəsizlik məsələsində ABŞ və Türkiyə arasında ciddi fikir ayrılığı olsun. Çünki hər iki ölkə müttəfiqdir. ABŞ Türkiyə kimi müasir orduya malik dövləti itirmək istəməz. Sadəcə olaraq, Rusiya-Türkiyə yaxınlaşması baş verdikcə, bu, ABŞ-da müəyyən qıcıq yarada bilər. Rusiya da çalışır ki, ABŞ-la Türkiyə arasında müəyyən problemlər yaşansın.

Odur ki, bütün baş verənlərə baxmayaraq, İncirlik bazasının birdəfəlik bağlanması məsələsi inandırıc görünmür”.

Seymur Əliyev
Xeberdar.net

XƏBƏR LENTİ