Azərbaycanımın "seçki" adlı faciəsi

1 015 5-04-2018, 00:07 siyaset / gundem

[justify]Azərbaycanımın "seçki" adlı faciəsi

2018-ci ili "sürpriz"lə başladıq. Fevralın 5-də sərəncam imzalanaraq iki ay sonra aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri elan edildi və bu gözlənilməz qərar haqlı olaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Son iki onillikdə keçirilən seçkilərin sonuclarına görə ümumiyyətlə seçkiyə inamını itirən seçici üçün bəlkə də önəmsiz görünən bu ani qərar ölkənin siyasi palitrasını da bir birinə vurdu. Baxmayaraq ki, artıq Azərbaycan reallığında seçki , aktiv və passiv seçki hüququ, seçmək , seçilmək kimi məfhumlar öz önəmini itirməkdə davam edir. Amma yaxşı bilirik ki, sivil dünya üçün seçki bir bayram ovqatı yaradar. İnsanlar öz iradələrini ifadə etmək üçün səbirsizliklə növbəti seçkiləri gözləyir və böyük şövqlə ölkələrinin, özlərinin və övladlarının gələcəyinə səs verirlər. Təəsüflər olsun ki, mənim ölkəmdə seçki ölkə vətəndaşları arasında, hətta eyni kəndi, eyni küçəni paylaşan qonşular, tanışlar və hətta qohumlar arasında belə nifrət, kin küdurət hisslərini ortaya çıxarır. Çünki bizim seçkilər öz unikallığı - anti demokratik, zorakılıq və saxtakarlıqla müşayiət olunan mahiyyəti ilə fərqlənir. Hə, Şimali Koreya,Səudiyyə Ərəbistanı, nisbətən də İran ilə müqayisədə müəyyən qədər "öyünə" bilərik. Amma elə bir dönəmə gəlib çatdıq ki, bizdə olduğu qədər seçicisinin seçkisinə inanmadığı ölkəni tapmaq belə artıq çətin nəzərə gəlir. Seçki bizim üçün sanki bir tragediyaya çevrilib. Çünki bizim seçkilər toplumu daha firavan, daha rifahlı quruluşa aparmaq yerinə cəmiyyətə sağalması onilliklər tələb edən ağır mənəvi yaralar da vurur. Nə qədər acınacaqlı olsa da bu reallığı etiraf etməliyik ki, bizim seçkilərdə övladlarımıza təhsil verməli olan müqəddəs ocaqlarımız olan məktəblərimiz əsas saxtakarlıq yuvasına çevrilir. Ölkənin bütün seçkilərində beş minə yaxın səsvermə məntəqəsinin əksəriyyətinin məhz məktəblərdə yerləşməsi təhsil sistemində çalışan 200 minə yaxın müəllim və pedaqoji heyət üçün müəyyən sorunlar yaratmaqla yanaşı, müəllimlər üçün öz şagirdləri müqabilində arzuolunmaz ,acınacaqlı vəziyyət ortaya çıxarır. Müəllimlərimizi aşkar seçki saxtakarlığına cəlb etməklə və buhunla onların məhdud repetitor fəaliyyətlərini müəyyən mənada sığorta etməklə əslində asılı vəziyyətə salınırlar. Bu acı reallıq nəticəsində müəllim əzilir, kiçilir və adının müqəddəsliyinə ləkə gətirildiyi üçün şagirdlər qarşısında da bir zamanlar əldə etdiyi nüfuzunu bərpa edə bilmir. Şübhəsiz ki, bu utancverici prosesə qatılmayan müəllimlərimiz də az deyil. Amma məcmu halında nəzər salsaq bütün seçkilərin ən çox zərbəyə, aşağılanmaya məruz qalan əsas zümrəsi nə yazıq ki, müəllimlərimiz olur. Əsas görəvi isə gənc nəslə elm və mərifət aşılamaq olan müqəddəs peşə sahibləri!..
Aristotelin məşhur bir deyimi var:" Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib" Elə isə heç olmasa müəllimlərimizi seçki saxtakarlığına cəlb etməyin, qoyun, onlar öz şagirdlərinə həqiqi səadət yolunu göstərsinlər, cənablar! Onsuz sizlər müəllimlərin iştirakı olmadan belə də bu millətə seçki faciəsini yaşada bilərsiniz. Bəs , heç olmasa orta əmək haqqı 200 manatı ötməyən, bütün həyatlarını maddi sıxıntılar içində çabalayan və daim öz iş yerlərini itirmək fobyası yaşayan müəllimlərimizə toxunmayın. Çünki bununla siz böyük mənəviyyat böhranına səbəb olursunuz. Etməyin!
Yəqin ki, millət olaraq seçkidən seçkiyə yaşadığımız bu zərbələrin təsirini hələ uzun illər hiss edəcəyik. İnanıram ki, yaxın gələcəkdə seçki adı millətim üçün bir epidemiya, bir üzüntü, bir riyakarlıq anlamından çıxıb öz həqiqi mahiyyətini qazanacaq. Yetər ki, biganə olmayaq və buna inanaq...

Rüfət Muradlı

Xeberdar.net
[/justify]

XƏBƏR LENTİ