Bir böcək üç ölkəni qarışdırdı

1 024 5-05-2018, 10:08 dunya / gundem

Bir böcək üç ölkəni qarışdırdıMərmər bağacıq niyə təhlükəlidir?

Dağıstanda kənd təsərrüfatı məhsulları üçün xüsusi təhlükəli karantin obyekti olan mərmər bağacığı (Halyomorpha halys Stal) yayılmağa başlayıb. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) regional bölməsinin yaydığı məlumatda zərərvercinin Azərbaycandan gələn kənd təsərrüfatı məhsullarında aşkar edildiyi qeyd olunur. Onun Dağıstanın sərhəd rayonlarına keçməsi ehtimal edildiyindən həmin ərazilərində təhlükəli zərərvericinin yayılması ilə bağlı xəbərdarlıq lövhələri vurulub(virtualaz.org)

Xatırladaq ki, bir neçə həftə əvvəl Ufa Beynəlxalq Aeroportunda Azərbaycandan Tatarıstana gedən sərnişinlərin birinin əl baqajında mərmər bağacığının aşkarlanmasına dair məlumat yayılmışdı.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin apardığı monitorinqlərdə ölkə ərazisində mərmər bağacığı müşahidə edilməyib. Bu barədə “Yeni Müsavat”ın Dövlət Xidmətinə sorğusuna verilən cavabda bildirilib. Xidmətin rəisi Camal Quliyev bildirib ki, bu günə qədər aparılan müşahidələr zamanı ölkə ərazisində mərmər bağacığına rast gəlinməyib: “Xüsusi təhlükəli zərərverici olan mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə dövri olaraq fitosanitar monitorinqlər həyata keçirilir. Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər və Şəki, Qax, Balakən və Zaqatala rayonlarında adıçəkilən zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar. Bu günə qədər aparılan müşahidələr zamanı mərmər bağacığına rast gəlinməyib. Hazırda RBMM-nin əməkdaşları Gürcüstan həmsərhəd rayonlarda müşahidə işlərini davam etdirirlər”.
Bir böcək üç ölkəni qarışdırdı
C.Quliyev qeyd edib ki, Dövlət Xidmətinin əməkdaşları həm Rusiya və Gürcüstanla həmsərhəd rayonlarda, həm də respublikanın digər rayonlarında karantin tətbiq edilən xüsusi təhlükəli zərərverici həşəratlara qarşı müşahidə və mübarizə tədbirlərini davam etdirir: “Bu yaxınlarda Şəki, Qax və Balakən rayonlarında zərərvericilərə qarşı müşahidə və mübarizə tədbirlərinin genişləndirmək məqsədi ilə fermer təsərrüfat sahibləri və sahibkarlarla birlikdə geniş tərkibli regional müşavirənin keçirilməsini planlaşdırırıq. Həmin müşavirədə vətəndaşlara həm mərmər bağacığına, həm də digər zərəvericilərə qarşı mübarizə yollarını göstərmək üçün maarifləndirici işlər həyata keçirəcəyik”.

Dövlət Xidmətinin rəisi əlavə edib ki, Dövlət Gömrük Komitəsinin fitosanitar işçiləri də sərhəd və gömrük keçid məntəqələrində mərmər bağacığının, eləcə də digər zərərvericilərin respublika ərazisinə daxil olmasının qarşısının alınması üçün nəzarəti gücləndirməlidirlər: “Onlar yük maşınlarına ciddi nəzarət etməli, eləcə də əl yükləri ciddi şəkildə yoxlanılmalıdırlar”.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 nömrəli çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında naməlum zərərvericilərə rast gəlinərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

Onu da qeyd edək ki, zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub. Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dovrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Zərərvericinin yetkin fərdləri aprel ayının əvvəllərindən etibarən qışlama yerindən çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 mm ölcüdə 20-30 ədəd yumurta qoyur. Yumurtalar ağ kürə şəklində olur. Əlverişli şəraitində üç nəsil vermə qabiliyyətinə malikdir. I nəsil, əsasən may-iyun, II nəsil iyun-avqust və III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir. Xidmət rəisi deyir ki, çoxillik təçrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu ən səmərəli mübarizə tədbirləri sayılır. Belə ki, lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidir. Karate Zeon (lyambda siqalotrin) - 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir. Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir.

Onu da qeyd edək ki, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub.

Ötən il isə zərərverici Gürcüstan ərazisində yayılaraq xüsusilə fındıq balarına böyük zərər vurub, məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Buna görə də ötən ilin mayında, həmçinin dekabrında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan əhalisi üçün xəbərdarlıq yayıb. Xəbərdarlıqda mərmər bağacığın Gürcüstan və Rusiyanın Azərbaycanla həmsərhəd bölgələrində yayıldığı qeyd olunurdu.

Maraqlıdır ki, indi Rusiya tərəfi zərərvericinin Azərbaycandan yayıldığını elan edib.

Xeberdar.net

XƏBƏR LENTİ