İrandan Trump-a xəbərdarlıq: "Nüvə silahı sazişindən çıxmaqla səhv etmisən"

640 10-05-2018, 12:29 dunya

İrandan Trump-a xəbərdarlıq: "Nüvə silahı sazişindən çıxmaqla səhv etmisən"
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi birbaşa ABŞ prezidenti Donald Trump-a ünvanlayaraq onun bir neçə ölkənin iştirak etdiyi nüvə razılığından çıxmaqla "səhv etdiyini" deyib.

Cənab Xameneyi deyib: "Mən birinci gündən deyirdim: Amerikaya güvənmirəm".

O, hökuməti müqaviləni davam etdirməkdən əvvəl Avropa güclərindən zəmanət almağa çağırıb.

2015-ci ildə imzalanan razılaşma, BMT-nin, ABŞ-ın və Avropa Birliyinin sanksiyalarının qaldırılmasına qarşılıq olaraq İranın nüvə fəaliyyətlərini dayandırırdı.
Bu razılaşma ABŞ-ın əvvəkli prezidenti Barack Obama tərəfindən İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Britaniya, Fransa, Çin və Rusiya və əlavə olaraq Almaniya arasında imzalanmışdı.

Fransa prezidenti Emmanuel Macron da ABŞ-ın qərarını "səhv" adlandırıb.

Britaniya Xarici İşlər Katibi Boris Johnson ölkəsinin "bu razılıqdan uzaqlaşmaq niyyətində olmadığını" deyib.

Almaniya kansleri Angela Merkel ölkəsinin İranın öhdəliklərini yetirməsi üçün əlindən gələn hər şeyi edəcəyini deyib.

Mülayim islahatçı kimi bilinən və 2015-ci ildə sözügedən razılığa imza atan İran prezidenti Həsən Ruhani razılığın qoruyub saxlanılmasına çalışacağını deyib.

Sanksiyalar "insanları hədəfləyir, siyasətçiləri yox"
İranlıların bu barədə sosial mediada müxtəlif fikirlər paylaşırlar. ABŞ-ın qərarını dəstəkləyənlər #thankyoutrump həştəqi ilə dəstək mesajları yazıblar.

Bir qrup insan isə qərardan məyus görünür. Onlar ABŞ-ı aldadıcı və riyakar hesab edirlər.

İnsanların bir hissəsi hesab edir ki, sanksiyalar siyasətçiləri yox, insanları hədəfə alacaq.

Trump razılaşmada nəyə qarşı çıxır?
Cənab Trump tez-tez "ağlasığmaz razılıq" kimi təsvir etdiyi müqaviləyə müxalif olduğunu bildirirdi və bunu "ən pis" razılıq adlandırırdı.

Trump əldə olunan razılığın İranın nüvə fəaliyyətini məhdudlaşdırmağı ancaq müəyyən müddət üçün nəzərdə tutması və ballistik raketlərin təkmilləşdirilməsinin qarşısını ala bilmədiyi üçün narazıdır.

Sanksiyalar nə vaxtan başlaya bilər?
ABŞ maliyyə nazirliyi iqtisadi sanksiyaların dərhal tətbiq olunmayacağını deyib. Nazirlik sanskiyaların 90 və 180 günlük müddətlərdən sonra tətbiq ediləcəyini bildirib.

Nazirliyin rəsmi saytında dərc olunan bəyanatda qeyd edilir ki, İranın 2015-ci ildə imzalan sazişdə adları çəkilən sənayələri bir daha sanksiyalarla üzlşəcək.

İranın neft, təyyarə və helikopter ixracı, qiymətli metallar bazarları bir daha sanksiyalarla üzləşəcək və həmçinin hökumətin ABŞ dolları valyutasını almaq qabiliyyəti məhdudlaşacaq, bəyanatda bildirilir.

Xəbərlərə görə, ABŞ-ın Milli Təhlükəsizlik üzrə Məsləhətçisi John Bolton bildirib ki, altı ay ərzində İranla bütün biznes əlaqələrini yekunlaşdırmayan Avropa şirkətlərinə qarşı ABŞ sanksiyaları tətbiq olunacaq./BBC/

XƏBƏR LENTİ