Pənah Hüseyn: “Xaricdən müxalifət formalaşdırmaq mümkün olan məsələ deyil”

912 19-05-2018, 08:37 siyaset

Pənah Hüseyn: “Xaricdən müxalifət formalaşdırmaq mümkün olan məsələ deyil”
“Hakimiyyətin siyasəti müxalifətin hərəkat tipli birliyini şərtləndirir, amma bunun nə zaman olacağını dəqiq söyləmək mümkün deyil”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Qərbin Azərbaycana xaricdən müxalifət yaratmaq istədiyi barədə deyilənlərə münasibət bildirib.

Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu və ya digər ölkədə yerli şərtlər olmadan, yerli sosial proses bazası olmadan kənardan müxalifət formalaşdırmaq mümkün olan deyil. Yerlərdə şərtlər olduqda, baza olduqda ayrı-ayrı geosiyasi güclərin də bunları özlərinin ideoloji və yaxud geosiyasi maraqlarına uyğun şəkildə istifadə etməyə çalışdıqları halları da istisna olunmur: “Amma təcrübə də göstərir, xaricdən yerlərdə müxalifət formalaşdırmaq mümkün olan məsələ deyil”.

AXP sədri ölkədə müxalifətin nə zamansa birləşməsinin, ciddi siyasi proseslərə başlamasının mümkün olub-olmayacağı barədə danışıb: “Ümumiyyətlə, seçkilər dövründə bütün ölkələrdə siyasi fəallığın artması təbiidir. Amma ciddi siyasi fəallıq, geniş kütlələrin qoşulması ilə müşayiət olunan fəallıq heç də zəruri deyil ki, məhz seçkilər dövrünə düşməlidir. Seçki olmayanda da bu cür kütləvi fəallıq meydana çıxır. Böyük kütlələrin qoşulması ilə müşayiət olunan siyasi fəallıq seçkilər dövrünə düşməyə də bilər. Bir qayda olaraq da düşmür.

Sosial partlayış xarakterli vəziyyətlər isə əvvəlcədən konkret hansı dövrdə, hansı şəraitdə olacağını isə proqnozlaşdırmaq olduqca çətindir. Müəyyən böyük zaman ölçülərində bunu proqnozlaşdırmaq olar. Məsələn, bizim regionda baş verən son hadisələr göstərir ki, belə bir dalğa, bir enerji yenidən toplanıb. Ermənistanda, Gürcüstanda baş verən hadisələr bunu göstərir. Azərbaycan da bu sahəyə daxil olan ölkədir. Burada da müxalifətin və cəmiyyətin böyük kütləvi siyasi fəallığının nə zamansa olacağından danışmaq mümkündür".

Müxalifətin yaratdığı birliklərin nə dərəcədə effektli ola biləcəyinə gəldikdə, P.Hüseyn dedi ki, bu və ya digər birliyin nəticəyə görə effektli olub-olmamasından danışmaq mümkündür. Nəticə olmamış əvvəlcədən effektiv birlik formalaşdırmaq niyyətinin özünün nə dərəcədə effektli olmasını müəyyənləşdirmək mümkün deyil: “Əsas odur ki, birliklərə istək olsun. Effektli olub-olmaması nəticədən bəlli olacaq. Mənim fikrimcə, Azərbaycanda belə bir birliyi şərtləndirən vəziyyət mövcuddur. Hakimiyyətin siyasəti müxalifətin hərəkat tipli birliyini şərtləndirir, diktə edir. Belə bir birliyin konkret nə zaman, hansı şüarlarla olacağı, hansı siyasi qüvvənin hegemonluğu ilə həyata keçiriləcəyini isə bu gün dəqiqliklə söyləmək mümkün deyil. İndi sadəcə ehtimallar irəli sürmək olar”.

“Yeni Müsavat”

XƏBƏR LENTİ