Xoyskinin anasının Nərimanova yazdığı məktub: ”Oğlumu mənə qaytarın”

614 18-06-2018, 17:33 gundem

Xoyskinin anasının Nərimanova yazdığı məktub: ”Oğlumu mənə qaytarın”
Xeberdar.net tarix elmləri doktoru Nəsiman Yaqublunun üzə çıxardığı çox nadir bir tarixi faktı - F.X.Xoyskinin və R.X.Xoyskinin anasının N.Nərimanova məktubunu təqdim edir:

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Rüstəm xan Xoyski 1888-ci ildə Şəkidə anadan olub.

R.Xoyski Azərbaycan Nazirlər Şurasının sədri F.X.Xoyskinin kiçik qardaşıdır.

R.Xoyski 1913-cü ildə Peterburq Universitetinin hüquq fakultəsini bitirmişdir.O, təhsilini başa vurduqdan sonra Gəncədə və Bakıda vəkil olaraq çalışıb.

R.Xoyski 1917-ci ildə baş verən Fevral-burjua inqilabından sonra fəal siyasi mübarizəyə başlayıb.

O,F.X.Xoyskinin 1918-ci ildə yaratdığı Hökumət kabinetində 1919-cu ilin yanvarın 1-nə qədər dəftərxana rəisi olaraq çalışıb.

R.Xoyski N.Yusifbəylinin təşkil etdiyi dördüncü Hökumət kabinetində də (14.03.1919 − 22.12.1919) dəftərxana rəisi vəzifəsini icra edib.

R.Xoyski F.X.Xoyskinin formalaşdırdığı üçüncü Hökumət kabinetində Sosial Təminat naziri vəzifəsini 1919-cu ilin martın 14-nə qədər icra etdi. O, bu vəzifələrdə çalışarkən ictimai təşkilatları sosial-təminat işlərinə cəlb etmək üçün Gəncəyə, Azərbaycanın digər bölgələrinə getmiş, qaçqınların, əmlakını itirmiş əhalinin işləri ilə bağlı məsələləri həll etməyə çalışırdı.

Azərbaycanın 1920-ci ilin aprelin 27-də sovet rejimi tərəfindən işğalından sonra R.Xoyski bir müddət Sosial Təminat Komissarının müavini işlədi. O, bu vəzifədə mayın 15-nə, yəni Sosial Təminat Komissarlığı Əmək Komissarlığı ilə birləşənə qədər çalışdı.O,sonradan bu işdən uzaqlaşdırıldı və N.Nərimanova müraciət etsə də, işlə təmin olunmadı.

R.Xoyski 1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən həbs edildi.

R.Xoyski həbs olunanda anası Şəhrəbanı xanım yeganə sağ qalan oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri N.Nərimanova xahiş ərizəsi yazdı.O, bu ərizəni yazanda böyük oğlu, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Sədri F.X.Xoyski öldürülmüş, digər oğlu Hüseynqulu xan isə (o, Gəncənin qubernator müavini olmuşdu) Gəncə üsyanına rəhbərlik edənlər sırasında olduğuna görə Türkiyəyə getmək məcburiyyətində qalıb.

Şəhrəbanı xanımın üçüncü oğlunu bolşevik güllələnməsindən xilas etmək üçün N.Nərimanova yazdığı ərizədə çox təsirli sözlər vardı: “Mənim oğlum Rüstəm artıq beş aydır ki, Azərbaycan Fövqəladə Komitəsi tərəfindən həbs edilib və indiyə qədər həbsdədir... Bütün son illər ərzində mənim oğlum Rüstəm təhsil almaq üçün daim ciddi və vicdanlı zəhmətkeş olub. Öz qazancı ilə özünü saxlayıb. Bu barədə məlumatları onu tanıyanların hamısı, o cümlədən, yoldaş Ə.Qarayev, yoldaş M.D.Hüseynov təsdiq edə bilərlər. İndi budur, mənim ömrümün ahıl çağında bir tikə çörəksiz mən Sizdən acizanə xahiş edirəm ,yoldaş Nərimanov, şəxsən, yaxud mənim xahişimi müzakirəyə qoyaraq, Azərbaycan İnqilab Komitəsi oğlumu, mənim yeganə ümidimi mənə qaytarsın və onu layiq olmadığı ləkədən xilas etsin. Mən əminəm ki, bədbəxt ağbirçək ananın xahişi Sizin tərəfinizdən cavabsız qalmayacaq. Şəhrəbanı xanım Xoyski”.

N.Nərimanov isə ərizəyə qəti cavab verə bilməyib bu sözləri yazmışdı: “AFK-da baxılsın”.

R.Xoyski 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanıldı.

R.Xoyskinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arxivində saxlanılan PR 20433 saylı istintaq işində onun haqqında 1920-ci ilin 21 avqustunda belə bir qərar qeyd edilib: “Az.FK-nın yığıncağının protokolundan çıxarış: Dinlənildi: Rüstəm Xoyskinin əksinqilabi ittiham olunması üzrə iş №725. Qərara alındı: Rüstəm Xoyskinin sinfi mənsubiyyətinə görə sovet hakimiyyətinin qəti əleyhdarları sırasına mənsub olduğunu nəzərə alaraq qərar qəbul edir: Az. FK yanında girov kimi saxlanılsın”.

R.Xoyski həbsdən sürgünə göndərildi və sonradan Moskvada yaşamaq məcburiyyətində qaldı.
Onun qardaşı Hüseynqulu xan Xoyski isə Türkiyədə yaşadı.

Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir Kazımbəyli Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə həyatı qurdu. Valiyə xanım azərbaycanlı legionerlərdən bir qrupunu sovet dövlətinə təhvil verilməməsi üçün Romaya apararkən təyyarə qəzası nəticəsində həlak oldu.C.Kazımbəylini isə sovet təhlükəsizlik orqanları bir agent xanımın vasitəsi ilə 1955-ci zəhərləyib öldürdü.

MODERATOR.AZ

XƏBƏR LENTİ