“Tibbi müayinə kağızı 2-3 manata satılır, bunu BNA da bilir, DYP də…” – Qəzalar gündəmdə

783 2-10-2018, 12:48 cemiyyet

“Tibbi müayinə kağızı 2-3 manata satılır, bunu BNA da bilir, DYP də…” – Qəzalar gündəmdəXəbər verdiyimiz kimi dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşub və toqquşma nəticəsində 1 nəfər azyaşlı məktəbli dünyasını dəyişib, 34 nəfər isə yaralanıb.

Məsələ ilə bağlı Bizimyol.info -ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı hadisənin baş vermə səbəblərindən söz açıb. O qeyd edib ki, artıq son aylar ərzində 3-cü narkoman sürücünün sükan arxasında olduğu üzə çıxır, bu isə nəzarətsizliyin təzahürüdür:

“Avtobus sürücülərinin işə götürülməsi ilə bağlı BNA 3 ildir deyir ki, baza yaranacaq, sürücülər haqqında bütün məlumatlar orada öz əksini tapacaq, hər bir sürücünün keçmişi ,fəaliyyəti, iş təcrübəsi, qayda pozuntuları həmin platformada qeyd olunacaq. Daşıyıcı şirkətlər də seçim edərkən həmin bazadan seçim edərək sürücü ilə əlaqə qura biləcək, uyğun bilsələr işlə təmin edəcəklər. Lakin bu 3 ildir havada qalan bir prosesdir, vəddir, icra olunmur. Nəqliyyat nazirliyi də ləğv edilməmişdən öncə belə bir layihə hazırlayacağını bildirmişdi. Elə onların da vədləri boşa çıxdı, heç nə etmədilər. Belə başa düşdük ki, nə Nəqliyyat Nazirliyi bu avtobusların öhdəsindən gələ bilmir, nə də Bakı Nəqliyyat Agentliyi. Baş verən hadisə çox ağır faciədir. Kiməsə xoş getsin deyə faciənin üstündən keçib fikrimi ifadə edə bilmərəm, 13 yaşlı rəhmətə gedən körpənin ailəsini, xəsarət alanları, ölümlə çarpışan yaralıların taleyini düşünürəm.

Niyə axı belə olmalıdır? Niyə BNA 3 ildir bu sistemi qura bilmir? 3 ildir bu nəzarət mexanizmi yoxdur. Niyə daşıyıcı şirkətlər arasında bu filankəsin qohumudur, bu filankəsin nəvəsidir prinsipi olacaq, nədir bu tərəfkeşlik? Niyə hegemonluq edən sürücülər xəttlərdən uzaqlaşdırılmır? Bu şirkətdən çıxarılır, başqa şirkətə işə götürülür. Niyə düşünmürlər ki, bir gün o avtobusda ölənlərin biri onların da yaxınları ola bilər?! Sürücülər müayinədən keçirilməlidir, onların yaş koteqoriyaları müəyyənləşməlidir, idarəetmə vərdişləri yoxlanmalıdır. Bunlar bir kənara qalıb, ucuz qiymətə tank kimi işləyən sürücülər daşıyıcılar tərəfindən işə cəlb olunur. Bir insan ki, səhər saat 6-dan, gecə saat 12-yə kimi işləyirsə Bakı Nəqliyyat Agentliyi bilmirmi ki, hansı şirkət işçini bir növbəli deyil, iki növbəli işlədir? 18 saat işləmək mümkündürmü?

Avtobuslar dayanacağa getmir, sürücü avtobusu öz məhəlləsində saxlayır, özü tibbi müayinədən, avtobusu da texniki baxışdan keçmir və birbaşa işə çıxır. Saat 10-11-də isə poliklinikanın əməkdaşları gəlir dayanacaqlarda tibbi müayinə kağızını 2-3 manata satır. Belə bir reallıq mövcuddur. Bu reallığı Bakı Nəqliyyat Agentliyi də bilir, Dövlət Yol Polisi də, bütün dövlət strukturları da bilir. Niyə ancaq faciə baş verəndən sonra əl-ayağa düşürlər? Niyə filankəsin qohumunun şirkəti kənarda qalır, cəzalanan isə hansısa yetim-yesir şirkətlər olur? BNA onları elə dərhal cəzalandırır, amma iş gəlib filankəsin qohumunun şirkətinə çatanda yox, buna girişmək olmaz… Bəs o agentliyin yaranma səbəbi nədir? Dövlət nəzarəti bu cürmü həyata keçirilir? Ölkə başçısı o qədər səlahiyyət verdi ki, qarşısını alın bu özbaşınalığın. Qarşısı alınmır, facilər də davam edir belə görünür ki, davam edəcək də…”.

XƏBƏR LENTİ