"Məmurlar görsə ki, Rüfət Aslanlı kimi adamlar həbsxanaya düşürsə..."

751 26-10-2018, 13:27 cemiyyet

"Məmurlar görsə ki, Rüfət Aslanlı kimi adamlar həbsxanaya düşürsə..."Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu yaxınlarda tutduğu vəzifədən azad edilən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının fəaliyyətini kəskin tənqid edib.

Xeberdar.net məlumat verir ki, deputat "Ölkə.Az"a açıqlamasında bildirib ki, Rüfət Aslanlı qanunsuz fəaliyyətlə məşğul olub:

"Əlinə imkan düşən bu cür insanlar dövlətimizə, xalqımıza xidmət etmək əvəzinə, varlanmaq və harınlanmaq yolunu tuturlar. Bununla da dövlətin və xalqın külli miqdarda vəsaiti dağıdılır, müxtəlif şəxsi işlərə sərf edilir, xarici ölkələrə yatırılır və sairə. Burada itirən isə xalqımız və dövlətimiz olur.

Ötən il Milli Məclisdə Azərbaycanın Dövlət Büdcəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri kimi Rüfət Aslanlının ünvanına tənqidi fikirlər söyləmişəm. Hələ bir il bundan öncə mən bildirmişdim ki, Rüfət Aslanlı, ona tapşırılan işin öhdəsindən gəlmir. O, ölkə Prezidentinin etimadını doğrultmur, üzərinə düşən vəzifəni yerinə yetirmir, xoşagəlməz işlərlə məşğul olur. Baxın, indi Rüfət Aslanlının qanunsuz fəaliyyəti üzə çıxır. Bu cür halların qarşısını almağın ən təsirli üsullarından biri Rüfət Aslanlı kimi məmurlara heç bir güzəştin olunmamasıdır. Xalqın, dövlətin talan edilmiş vəsaiti geri qaytarılmalıdır. Mən bu fikirlərimi Cahangir Hacıyev və onun ailəsi haqqında da söyləmişəm. Eyni fikirləri Rüfət Aslanlı haqqında da söyləyirəm. Təbii ki, ölkə Prezidenti ayrı-ayrı məmurları yol verdiyi nöqsanlara görə işdən çıxarır, onlar haqqında tənqidi fikirlərini söyləyir. Eyni zamanda bu cür məmurlarla bağlı neqativ materiallar kütləvi informasiya vasitələrində də (KİV) yer alır. KİV-də gedən bu cür yazılardan sonra mütləq həmin məmurlar haqqında araşdırmalar aparılmalı, cinayət işi açılmalıdır. Əgər bütün bunlar baş vermirsə, o zaman məmur arxayınlaşıb düşünür ki, dövlət vəsaitlərini dağıdaram, talan edərəm, özümə pul yığaram, sonra da Londonda, Parisdə, Dubayda və yaxud da villalarımda oturub onları xərcləyərəm".

F.Ağamalı deyib ki, bu cür hallar dövlət vəsaitlərini oğurlamaq istəyən digər məmurlar üçün də stimul yaradır:

"Əgər məmurlar görsə ki, Cahangir Hacıyev, Rüfət Aslanlı kimi adamlar həbsxanaya düşürsə, bütün varidatı əlindən alınaraq Azərbaycana gətirilirsə, o zaman digər məmurlar da vəzifə başında olanda dövlət vəsaitini mənimsəməkdən ehtiyyat edərlər, çəkinərlər, qorxarlar və talançılığa yol verilməzlər. Mən Rüfət Aslanlının bu cür əməllərini qətiyyətlə pisləyirəm. Ümidvaram ki, hüquq-mühafizə orqanları bununla bağlı hərəkətə keçəcəklər".

Xeberdar.net

XƏBƏR LENTİ