AZƏRBAYCANŞÜNASLIQDA MULTİKULTURALİZMİN ASPEKTLƏRİ

1 268 7-11-2018, 11:21 kose / siyaset / gundem

AZƏRBAYCANŞÜNASLIQDA MULTİKULTURALİZMİN ASPEKTLƏRİ

Mədəniyyət hər bir xalqın milli kimliyidir. Məhz elə bu baxımdan da bizim milli kimliyimiz azərbaycançılıq məfkurəsinə əsaslanır.Və bizlər bu kimliyin birbaşa varisi və qoruyucusuyuq. Milli kimlik isə özünü bir sıra dəyərlərlə bərabər, xüsusən mədəniyyətlə əks etdirir. Hər bir mədəniyyət isə müəyyən məkan daxilində insanların yaratdığı, yaşatdığı və qoruduğu dəyərlər, adətlər, vərdişlər sistemidir. Mədəniyyət eyni zamanda sosiallaşmanı, nizam intizamı, davranış və düzgün formalaşmanı strukturlaşdırır. Multikulturalizm isə ümumi mədəniləşməni, yəni daha dəqiq formada desək, beynəlxalq mədəni dəyərlərə hörməti, eyni profildə paylaşmanı əhatə edir. Bunun bir ifadəylə açılışı beynəlxalq sosiallaşmanın yaranması deməkdir. Multikulturalizm - bütün dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmiş sistemlər, yaxud dəyərlər məcmuəsidir. Birbaşa tolerantlığın təcəssümü sayılır ki, bunsuz da humanizm, beynəlxalq mədəni münasibətlər, fərdi qarşılıqlı anlaşma, millətlərarası dostluq və əməkdaşlığdan danışmaq absurd olardı.

Multikulturalizm nədir?

Bu ilk növbədə, bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən “keyfiyyət”ə nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək əlbəttə ki, təbiidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır.
Multikulturalizm mövzusu mütəxəssislər üçün, xüsusilə beynəlxalq münasibətlər, vətəndaş cəmiyyəti, demokratiya, millət və dövlətlərin inkişafı problemlərinin tədqiqatçıları üçün mühüm əhəmiyyət kəsb edən anlayışdır. Bu gün hamı belə bir yekdil fikirdədir ki, multikulturalizm mövzusu mütləq tədqiq edilməli və bu sahədə müəyyən bir siyasət və ideologiya olmalıdır. Prinsip etibarilə multikulturalizm həm öz mədəniyyətinin heterogen əsaslarına, həm də ümumilikdə, digər mədəniyyətlərə münasibət ifadəsidir. Göründüyü kimi multikulturalizm hər bir mədəniyyətin əsaslarının çoxluq və müxtəlifliyinin etirafını nəzərdə tutur və qarşılıqlı mədəni təsir və dialoqun onun üçün əhəmiyyətə malik olduğunu etiraf edir.
Müasir dövrdə multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan, sabit şəkildə inkişafdan söhbət edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişaf etmiş sistemidir ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik, rahat şəkildə, öz mədəni dəyərlərini yaşatmaqla inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yol kimi baş alıb gedir. Qəbul etsək ki, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyət anlayışına gəlir, o zaman bu anlam bütün din və dəyərlərin sərbəst şəkildə hörmətlə qəbul olunması vacib şərtlərdəndir.
XX əsrin sonları məlum siyasi hadisələr postsovet məkanında, o cümlədən Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni modellərinin formalaşmasına gətirib çıxardı. Lakin bir sıra hərbi-siyasi və iqtisadi xarakterli hadisələr Gürcüstanda, digər ölkələrdə millətlərarası münasibətlərin mövcud tarazlığını deformasiyaya uğratdı. Azərbaycanlıların, etnik azlıqların Ermənistandan kütləvi deportasiyası bu respublikanı faktiki olaraq monoetnik dövlətə çevirdi. Öz növbəsində Azərbaycan Respublikası ölkənin dağılma tendensiyasının qarşısını almağa, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq inkişaf etməyə nail oldu.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil edən etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqalarından təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunmaqda haqlıdırlar. Onlardan başqa respublikada ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar, tatarlar və bu kimi digər millətlərin nümayəndələri yaşayırlar. Bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni vardır və Azərbaycan ərazisinə müəyyən zaman tarixlərində gələrək, məskən salıb yaşayan milli azlıqlara (alloxton) aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icmalar fəaliyyət göstərir. Bunların arasında: rusların, ukrainlərin, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icma və cəmiyyətlər mövcuddur.
Azərbaycan Respublikasında kompakt şəkildə yaşayan müxtəlif etnosların nümayəndələri və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi, İsmayıllının Lahıc, Basqal, Bizlan kəndləri daha çox tat millətinin mədəni dəyərlərini, Zaqatala, Balakən regionlarındakı avarlar rəqsləri, fərqli mətbəxi və bu kimi başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur və onların hər biri Azərbaycan cəmiyyətinin, xalqının ayrılmaz hissəsidir. Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.
Etnik azlıqların kompakt yaşadığı regionlarda müxtəlif profilli məktəblər fəaliyyət göstərir, ibtidai siniflərində doğma dil tədris olunur: həm öz, həm də digər dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur; qəzet və jurnallar çıxır, dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir.
Azərbaycanda mövcud olan mədəni birlikdəlik, yəni birlikdə yaşama və müxtəlif ənənələr daşıma, maddi və mənəvi mədəniyyətə məxsus müxtəlif tarixi abidələrində həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq, yaxud diyarşünaslıq muzeylərində, həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar, müxtəlif profilli rəsm və numizmatik, heraldik nümunələr təşkil edir. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının təqdimatı keçirilir və bu kitablar kitabxananın fonduna daxil olur. Kitabların tanınması üçün məktəblər birbaşa bu işdə fəallıq göstərir.
Ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin tarazlı şəkildə qurulmasında, üç dini dövrdən – zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuşdur. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində bütün dinlər qanun qarşısında bərabər status almışlar. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir. Eyni zamanda, din bərabərliyi birbaşa multikultural cəmiyyətin əsas göstəricilərindəndir. Nəzərə alsaq ki, bütün dinlərin tərkibi də, məhz digər sitayiş və ayinlərə bərabər olaraq qəbul etdikləri dinlərə hörməti dəstəklədikləri əks olunur, elə bu səbəbdən də inkişaf etmiş istənilən Avropa, yaxud Şərq xalqları öz dini mədəniyyətləri ilə paralel digərlərinə də hörməti də, əksiltməməlidilər.
Öz tarixi ənənələrinə söykənən Azərbaycanda vətəndaşların mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsinə aşağıdakıları aid etmək yerinə düşərdi; sovet ateizmində boşluq dövründən sonra Bakıda “Müqəddəs qadınlar” kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi dəstəyi ilə tikilmiş, XXI əsrin əvvəllərində isə digər azərbaycanlı xeyriyyəçinin səyləri nəticəsində yenidən bərpa olunmuşdur. Digər bir nümunə pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə xeyir-dua verdiyi yeni polyak katolik kostyolu açılmışdır. Bu kilsə 1930-cu illərdə dağıdılmış əvvəlki məbədin ənənələrini davam etdirərək fəalliyyət üçün yararlı hesab edilmişdir. Başqa bir misal isə Bakıda yerləşən, sovet dövründə dağıdılmaqdan xilas olan sinaqoq yenidən bərpa edilmiş və genişləndirilmişdir.
Respublikamızdakı millətlərarası münasibətlərdən bəhs edərkən bir sıra faktlara toxunmaq yerinə düşərdi. Etnik dinindən və mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərlik hüququnu təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında öz yerini almışdır. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası, həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır: BMT-nin “İnsan haqları ümumi deklarasiyası”, Avropa Şurasının “Əsas azadlıqların və hüquqların qorunmasına dair konvensiyası”, BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı”, “Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə İclasın Yekun Aktı”, “ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi”, Avropa Şurasının “Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası”, Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi üzrə konvensiya”. Eyni zamanda Azərbaycan Respublikasının milli siyasətinə həsr olunmuş dövlət sənədi – “Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Belə ki, Prezident aparatında milli siyasət üzrə dövlət məsləhətçisinin başçılıq etdiyi xüsusi struktur yaradılmışdır. Analoji struktur Milli Məclisdə də mövcuddur. Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhvələr verirlər. Belə ki, milli azlıqlar Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunmuşlar. Respublikanın milli parlamenti – Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən, rus, ləzgi, tat, talış və başqaları öz nümayəndələri ilə təmsil olunmuşdur. 2010-cu il parlament seçkiləri zamanı ATƏT-in demokratik institutlar və insan haqları üzrə bürosu və müşahidə komissiyası göstərdi ki, Azərbaycanda, dövlət ərazisində yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində heç bir problem yoxdur. Və qeyd edək ki, bütün bu qanun və konvensasiyalar sırf dövlətçilik, Azərbaycançılıq müddüalarının birbaşa inkişaf strukturunu əks etdirən göstəricilərdəndir. Bu da o deməkdir ki, ölkə ümumilikdə tolerantlılığı öz mədəni çərçivəsində yaşatmağa qadir və güclü bir siyasətə malikdir.
Beləliklə, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün bütün mümkün şərait yaradılmışdır. Lakin burada bir daha qeyd etmək lazımdır ki, bizim ölkəmizdə mədəni müxtəliflik etnik azıqların sadəcə cəmlənməsi kimi başa düşülmür, Azərbaycan ümummilli həmrəyliyin inkişafı üçün əlverişli mühitdir. Başqa sözlə, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.
2016-ci il Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Bu səbəbsiz bir qəbul deyildi. Çünki yuxarıda sadaladığımız bütün faktlar bizim bir Multikultural ölkə olduğumuzun birbaşa göstəriciləridir. Bu həm sevindirici, həm də qürurverici haldır. Məhz bütün mədəniyyətlərə, dinlərə anlaşıqlı münasibət Avropa ölkərində İslam dövləti olaraq bu dərəcədə yüksək keyfiyyətə, dəyərlərə malik bir ölkənin varlığının tanınmasına siraət etmiş olur.
Əslində multikulturalizm göstəriciləri bütün ölkələrdə öz əksini tapır, lakin bu cür fərqliliklərə göstərilən münasibətlər tamamilə müxtəlifdir. Yəni istənilən zaman çərçivəsində hər bir cəmiyyət multikulturalizm elementlərini dəyişdirməyə malikdir və təbii ki, bu hadisələr öz-özlüyündə baş verir. Buna birbaşa misal olaraq yenə Sovetlər dönəmindən sonrakı zamanları xatırlatmaq yerinə düşərdi. Sovet dağıldıqdan sonra onun lehinə, eyni zamanda müxtəlif mövcud mədəniyyətlərə qarşı bir sıra Qərb ölkələri münasibətlər irəli sürərək multikulturalizmin artıq iflasa uğradığından xəbər verməyə başladılar. Bununsa başlıca səbəbi sırf Sovet ideologiyası ilə əlaqəli idi. Lakin qeyd etmək lazımdır ki, ideologiya ilə multikulturalizmi qarşı-qarşıya qoymaq yanlış düşüncədir. Təəssüflə demək lazımdır ki, bugünlərimizdə də, cəmiyyətlərimizdə məhz bu cür fikirlər öz yolunu tutub, yeriməkdədir. Məhz burada əsaslı surətdə nəzərə almaq lazımdır ki, milli mədəniyyəti olan bir xalqın multimədəyyətə inkişafının danılması qaçılmazdır. Qloballaşmış dünya özü müxtəlif mədəniyyətlərin vəhtədidir, lakin burada da bir-birinə zidd, əks olan formalarda mövcuddur.
Mən multikulturalizmə sırf fəlsəfi cəhətdən yanaşılmasını doğru hesab edirəm. Çünki istənilən anda siyasət, dini baxışlar, dövlətçilik dəyişə və tamamən köklü şəkildə fərqli baxışlara çevrilə bilər, ancaq mədəniyyətlərə obyektiv baxış dəyişməməlidir. Qeyd edim ki, bunun başlıca səbəbi cəmiyyətdəki fərdlərin bir-birinə düzgün yanaşmasını təmin edəcək. Elə bu səbəbdən də multikulturalizm birmənalı şəkildə hər bir cəmiyyətdə öz axarında addımlamalıdır. Multikulturalizm ideologiyasının da qəbul olunması üçün hər bir dövlətin dili, adət-ənənələri, dəyərlər sistemi, ərazisi, dini baxışları, öz çərçivəsində yaşanmalıdır. Bu anlayışlar özünü eyni anda ictimai şüura da kökləməlidir. İctimai şüur fərdi deyil, ümumi cəmiyyətin beyninin məhsuludur. Belə olan halda bir dövlətin tərkibində formalaşan digər xalqlar, etnik qruplar da hörmət əsasında yaşamlarını davam etdirməyə qadir olarlar. Çünki multikulturalizmin daşıyıcıları məhz fərdlər və xalqlardır. Əslində bu müstəvi insanlarda eqoizmi, özünə qapanmanın qarşısın alır, zəngin davranış mədəniyyəti formalaşdırır, fərqli yaradıcılıq, quruculuq sistemləri yaradır, kosmopolitizm və beynəlmiləlçiliyi inkişaf etdirir. İstənilən cəmiyyətə mədəni dəyərlərin axınını təşkil edir, yeni dəyər sistemi ortalığa çıxarır, inkişafın digər mədəni çalarlarını təmin edir. Multikulturalizm bütöv, ortaq dünya yaradır. Monotonluğun qarşısın alır, kasıb, yaxud varlı anlayışı məhv olma prosesi qarşısında qalır. Və bununla müharibələrin, dövlətlər, xalqlararası qarşıdurmanın qarşısın alır.
Lakin multikulturalizmdə müəyyən çətinlik yarada biləcək hallarda var. Bu riskli hallardan ilk olaraq assimilyasiya hadisəsini qeyd edək. İstənilən bir xalqın içərisində olduğu etnoslardan mənimsədiyi dili, adət və ənənələrin sayəsində özünün əriyib, silinməsi hallarının baş verməsi. İkinci böyük bir problem, dövlətin unitar sisteminə vurulacaq zərbələri nəzərdə tutur. İstənilən unitar dövlətin vahid, tək qurulmuş sistemində müəyyən dəyişikliklərin yaranması zərurəti ortalığa çıxır. Bu isə birbaşa siyasi zərbə deməkdir.
Bəzi Avropa ölkələri çox zaman multikulturalizimdən qaçmağa çalışırlar. Bununsa bir sıra səbəbləri mövcuddur. Avropa və bir sıra Qərb ölkələri multikulturalizmi ram etməyin çox çətin bir proses olduğunu qəbul edərək, ondan tamamən imtina etmişlər. Bəzi xalqlar var ki, müxtəlif millətlərin mədəni dəyərlərinə, yəni ümumi mədəniyyətlərinə nə assimlasiya, nə də ki, inteqrasiya olmağı istəmirlər. Bu da təbii ki, qəbul edilən və başa düşüləndir. Fərqli profilə malik olan etnos və xalqlar hər zaman istənilən mədəniyyətə yiyələnmək üçün güclü fərqlilik daşıyıcısı ola bilmirlər, elə bu səbəbdən də, Qərbin bəzi ölkə nümayəndələri bu sistemin baş verməsi ilə mədəni məğlubiyyətə uğrayacaqlarından qorxurlar. Nəzərə alsaq bu qorxu özünü daha çox əks din və etnosun bir məzmunda birləşməsindən qaynaqlanır, o zaman daha dərindən təhlillərin olması öz vacibliyini ortaya qoyur. Bunun üçünsə daha ciddi təcrübələr aparılmalı və ümumi məxrəc olaraq insanlara düzgün seçimlər çatdırılmalıdır. Multikulturalizmin mənfi tərəflərinin məhz insanlar özləri yarada biləcəyini açıqlamaq və müsbət dəyərlərin artmasına əsas şəraitin ortalığa çıxmasının vacibliyini vurğulamaq lazımdır. Paralel halda fərqli dəyərlərdən doğacaq yüksək mental ənənələrin insan cəmiyyətinə xoşbəxtlik bəxş edəcəyini cəmiyyətə çatdırmaq multikulturalizmin rahat şəkildə qəbuluna təkan verəcək.
Bu cür halların və problemlərin aradan qalxması üçün ən ideal variantlardan biri bütün dünya üzrə “Homo sapiens” tipli insandan “Homo culturalies” yəni, kultural dəyərlərə, mədəniyyətə malik insan tipinə keçid beynəlxalq proqramının işlənib, hazırlanması, cəmiyyətə ayrı-ayrılıqda tətbiq edilməsi vacib və zəruridir. Belə irəliləyiş “Multikultural Dünya”nın yaranmasına yardım edə biləcək ən müfəssəl yoldur.
Azərbaycanşünaslığda mədəniyyətə verilən yol və dəyər biz sənətşünasların qarşısında yeni və mükəmməl tanıtım imkanları açır. Bugün bizim kimi gənclər bu cür imkanlardan istənilən qədər yararlana bilmə şansına malikdir. Sadəcə dəyərlərimizi yaşatmaq deyil, dünyanın fərqli dəyərlərindən düzgün istifadə də müəyyən problemlər yaşayırıq. Bəzi ənənələrə yiyələnən cəmiyyətin bir sıra üzvləri çox zaman assimiliyasiya ilə üz-üzə gəlirlər. Bu hal isə digər şəxslərin multikulturalizmdən imtinasına gətirib çıxarır.


Günel Qarayeva









XƏBƏR LENTİ