Amerika Ermənistanı Bolqarıstanın əli ilə gizli silahlandırır - İDDİA

499 20-12-2018, 11:23 dunya

Amerika Ermənistanı Bolqarıstanın əli ilə gizli silahlandırır - İDDİARusiya mənşəli “EADaily” saytı sensasion məlumat yayıb. Saytın informasiyasına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.

Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir. Məlumatda son bir həftə ərzində Bolqarıstanın “Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin “EW-450TR” registrasiya nömrəsi altında Ermənistana uçduğu göstərilir.

Təyyarənin izləyici cihazlarını söndürməsinə rəğmən rusların naviqasiya portalı onun Ermənistandakı hərəkət marşrutunu izləməyə müvəffəq olub.

“EADaily” həmçinin İsrailin “Haaretz” qəzetinin ingilisdilli verisyasının redaktoru Avi Şarfın “Rada Airlines” şirkətinin Burqasdakı təyyarələrinin Ermənistana uçuşu barədə məlumat verdiyini xatırladır.

Bundan əlavə, türkiyəli blogger Yürük İşıq da “Flightradar 24" naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib. Həmin təyyarələrin Türkiyə hava məkanını yandan dolanaraq İrəvanın ”Zvartnots" hava limanına düşdüyü qeyd olunur.

Xəbərdə Bolqarıstanın ABŞ-ın xeyir-duası olmadan belə miqdarda silahı Ermənistana daşımasının mümkün olmadığı vurğulanır.

Gələn informasiyalarda Bolqarıstandan Ermənistana 40 ton yük göndərildiyi bildirilir. Bunların içində 1700 minaatan və onlara əlavə edilən 5 min sursatın olduğu deyilir. Əgər bu vaxta qədər 11 reysin artıq həyata keçirildiyi düşünülsə, o zaman bu rəqəm 10 dəfə artır.

Son zamanlar ABŞ-ın Qarabağ problemini həll etməyə çalışdığı, hətta Nikol Paşinyanı hakimiyyətə həm də bu məsələnin həlli üçün gətirdikləri söylənirdi. Ekspertlər hesab edir ki, Bolqarıstan üzərindən işğalçıya silah ötürülməsi barədə yayılan xəbərlər bu ümidlərin əsassız olduğunu, əslində əks prosesin getdiyini deməyə əsas yaradır.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirib ki, ABŞ tərəfindən Rusiyanın Ermənistandakı silah monopoliyasına son qoymaq cəhdi aydın şəkildə müşahidə olunur. Bu, ümumiyyətlə, Rusiyanın Ermənistanda təsir imkanlarını azaltmağa, bəlkə də tam bitirməyə yönəlib: “Ermənistanın yeni hakimiyyətinin arxasında ABŞ-ın dayandığı, ”demokrat" adı altında Paşinyanın hakimiyyətə xüsusi məqsədlər üçün gətirildiyi heç kəsdə şübhə doğurmamalıdır. ABŞ Qarabağ məsələsini ədalətli həll etmək fikrində deyil. Bu silahların gətirilməsi də Ermənistanın ABŞ-ın himayəsi altında gücləndirilməsinə yönəlib. Ona görə də Qarabağ məsələsinin ədalətli həllinə ümid etməyə dəyməz. ABŞ da münaqişənin dinc yolla həllində maraqlı deyil. Azərbaycan torpaqlarını hərbi yolla azad etməyə hazır olmalıdır".

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, dünya ölkələri üzrə ABŞ-ın səfirliklərinin içində ən böyük səfirliklərdən biri Ermənistandadır. ABŞ elə-belə Ermənistanda böyük səfirlik saxlamaz. Bu o anlama gəlir ki, Ermənistan Amerika üçün çox önəmli ölkədir. Rusiyanın burnunun dibində inqilab yolu ilə qərbyönümlü güvvələr Ermənistanda hakimiyyətə gəldilər. Bu, ABŞ tərəfindən postsovet məkanında Rusiyanın nüfuzuna növbəti zərbə oldu. İndi də Ermənistanı silahlandırmağa başlayıblar: “Düzdür, Rusiya özünü heç nə olmamış kimi aparır, amma reallıqda elə deyil. ABŞ Ermənistanı Rusiyadan qoparmaq istəyir. Bu proses çoxdan gedir. Türkiyə ilə sərhədlərin açılması mövzusu da bu məsələyə aiddir. ABŞ-ın Bolqarıstanın əli ilə Ermənistana silah satması Vaşinqtonun Qarabağ məsələsində də aktiv iştirakı anlamına gəlir. Təbii, Amerikanın Ermənistana silah satması Azərbaycan üçün mənfidir. İstənilən halda Azərbaycanın Qarabağ məsələsində irəli getməsi vacibdir. Əks halda, prosesə ABŞ-ın müdaxiləsi Ermənistanın xeyrinə olacaq. ABŞ-ın Cənubi Qafqaz regionunda proseslərə müdaxiləsini, Ermənistana silah satmasını Azərbaycan öz xeyrinə çevirə bilər. ABŞ-ın Ermənistana silah satması şübhəsiz Rusiyada qıcıq yaradacaq. Bu isə avtomatik Rusiya-Ermənistan münasibətlərində gərginlik yaradacaq. Bütün bu məqamlardan Azərbaycan öz xeyrinə istifadə edə bilər”.

XƏBƏR LENTİ